18 yanvar 2018 00:07
2659

Nakam ömürlü gənc

Bəli, bu da bir ömürdü yaşadı, nurüzlü şəhid.  Yaşadı, şərəfli bir insan  ömrü, dəyanətli bir kişi ömrü. Bu yerdə ulu Cavidimizin  gözəl bir sözü yadıma düşdü: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli”. Amma bizim  qəhrəman  Asəf Fərəcov çox dəyərli, çox önəmli Vətənə xidmətli bir  ömür yaşadı. Və  haqq  dünyasına qovuşdu.  Vətən uğrunda ölənlər, deyirlər  Vətən  uğrunda  şəhid  olanlar bəlkə də dünyanın  ən  xoşbəxt insanlarıdır.  Çünki onlar  bir  məslək, bir  əqidə,  bir inam uğrunda vuruşub qəhrəmancasına şəhid olur, əbədiyyətə qovuşurlar. Axı, vətən məfhumu ana məfhumu kimi  müqəddəs bir  varlıqdır. Asəf də gözəl ömrünün  28-ci baharında Vətən, ana, torpaq deyə-deyə gözlərini əbədi  yumdu bu həyata.  Bu ölüm  mərdanə  bir ölüm  idi. Bu ölüm qəhrəmanlıq  dastanına  layiq bir ölüm idi. İllər, əsrlər dəyişsə də bu ölümün şərəflə səslənən musiqi notları heç zaman susmayacaq, ətrafa əks-səda salacaq.   Dahilərdən  biri deyib ki, Tanrı tərəfindən  sevilənlər  həyatdan nakam köçürlər. Həm Vətən, həm də Tanrı tərəfindən sevilmək doğrudan da  böyük  xoşbəxtlikdir.

Asəfin nə yaşı vardı ki? Hələ toy da eləməmişdi özünə. Nişanlı  idi. Hardasa bir payız  günündə  yaşadığı,  doğulduğu Şərur rayonunun Yuxarı Daşarx kəndində  toyu  vurulacaqdı. Qara zurnanın  ecazkar səsi dağlarda, daşlarda əks-səda verəcəkdi.  Yığışacaqdılar Asəfin toyuna- dostları, qohumları, yaxınları.  Necə də sevincli  bir toy olacaqdı. Qardaşları da, ata-anası da necə  də  sevinəcəkdilər. Amma sevinmədilər. Anası Gülsüm xalanın  toya  hazırlaşdığı   məqamda qara bir xəbər ildırım sürəti ilə  Yuxarı Daşarx kəndinə çatdı. Vətəninin  azadlığı uğrunda,  müstəqilliyi uğrunda Tərtər döyüşlərinin  birində Asəf  Fərəcov qəhrəmancasına şəhid oldu.

İnsaf naminə deyək ki,  o, həyatının  hələ romantik illərini yaşayırdı. Çox xəyalların pişvazına çıxmış, arzulardan çələng hörmüşdü.   Xatir-hörməti də  Şərur elində çox idi. Əsgəri xidmətə getdi. Sonra Azərbaycan Dövlət Bədən  Tərbiyəsi İnstitutuna daxil  oldu, qiyabi yolla təhsil aldı.

O, təhsilini davam etdirə-etdirə Şərur şəhər uşaq-gənclər idman məktəbində  və doğulub  boya-başa  çatdığı Yuxarı Daşarx kənd  orta məktəbində dərs deyirdi.

1994-cü ilin aprelində yay imtahan sessiyası  dövründə  Bakıdan  birbaşa odlu-alovlu nöqtəyə- könüllü olaraq Tərtərə yollandı. Vətən  təəssübü, Vətən qeyrəti onu  haraylıyırdı. O, Tərtərdə əsl  igidlik göstərdi. Döyüşlərin birində şəhid oldu. Ölümün gözlərinə qürurla baxdı: “Təki Vətən sağ olsun” dedi.

Şəhid Asəf  Fərəcovun qardaşı Məhəmməd Fərəcovun dediklərindən:

-      Asəf ailəmizdə 7 qardaşın üçüncüsü idi. Çox vətənpərvər, elini, obasını sevən oğlan idi. Almaniyada hərbi xidmətdə olmuşdu. Yaxşı yadımdadı, ötən əsrin 90-cı illərinin əvvəlləri idi. Şaxtalı yanvar günlərində ermənilər Sədərəyə hücum etmişdilər. Bütün xalq ayağa qalxmışdı. Qeyrətli oğullar Vətəni qorumaq üçün döyüş bölgələrinə axışırdı. O vaxtlar Sədərək, Yaycı, Havuş postlarına əlavə könüllülər də gedir, torpağı qoruyurdular. Demək olar ki, Asəf həftənin bütün günləri qaynar nöqtələrdə olurdu. Hələ Sədərək döyüşlərinin birində düşmən gülləsi qolunu da sıyırıb keçmişdi.

Ermənilərin qaniçən, qəddar hərəkətləri vətənpərvər oğul kimi onu rahat buraxmırdı. Həmin il çoxli qar da yağmışdı. Bir tərəfdən azğınlaşmış ermənilərin qəfləti hücumları vəziyyəti daha da gərginləşdirirdi. Artıq ayrı-ayrı bölgələrimizdə itkilərimiz də var idi. Lakin Aəsf və onun kimi qeyrətli oğullar o ağır günlərdə düşmənlə üz-üzə dayanmaqdan, gecələri səngərdə keçirməkdən çəkinmirdilər. Almaniyada aldığı təlimlər, müxtəlif silahlara dərindən yiyələnməsi onu mahir bir döyüşçü kimi formalaşdırmışdı. Üstəlik də idmançı idi. Ona görə də Qarabağa gedib cəbhə bölgələrində vuruşmaq, erməniləri yerində oturtmaq onun istəyi idi. O vaxtlar yüzlərlə belə gənclərimiz var idi. 1994-cü ilin yaz imtahan sessiyasında Asəf oxuduğu ali məktəbə yox, birbaşa Qarabağa yollandı. Həmin il məktəbi bitirəcək, sentyabr ayında isə evlənəcəkdi. Anası Gülsüm oğlunun toyuna hazırlaşır, yır-yığış edirdi. Ancaq 1994-cü ilin aprel ayında onun evdən getdiyi son gediş oldu. Ağdərə uğrunda gedən döyüşlərə qatıldı. Vuruşduğu batalyon düşmən mühasirəsinə düşmüş, yüzlərlə igid oğul onun kimi şəhid olmuşdu. Sağ qalanlar isə o döyüşlərin çox amansız olduğunu söyləyirdilər.

Çox təəssüf ki, toyuna hazırlaşdığımız evinə onun qara tabutu gəldi. İyul ayının 2-də doğma kəndimizdə torpağa tapşırıldı. Bu hadisə hamının qanını dondurdu. Atası Təvəkkül kişi, anası Gülsüm bu acıya dözməyib dünyadan vaxtsız köç etdilər. Qardaş bacılarının saçlarına dən düşdü. Bu ocaqda, bu evdə hər şeyin dadı, duzu qaçdı. Öz əli ilə əkdiyi güllər açmaq əvəzinə bir anda soldu, şəhidinə yas tutdu.  

Asəf Fərəcov əsil insana xas olan  mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik  bir gənc idi. Şərur elində  onu  kimdən soruşsaydın ağız dolusu haqqında tərif  deyərdi.  Belə oğlandı, belə idmançıdı.  Onun haqqında  yalnız  bu cür xoş sözlər,  səmimi fikirlər eşitmək olardı. 

Ölümsüzlük zirvəsi! May ayında vəfatının 24 ili tamam olacaq Asəfin. Özü bu gün  aramızda yoxdur.  Amma dərs dediyi məktəb  Asəf Fərəcovun  adını  daşıyır.  Onun  şərəfinə  bulaq-abidə də ucaldılıb.  Dərs dediyi kənd məktəbinin qarşısında büstü qoyulub. Bu büst qəhrəman oğula doğulub boya-başa çatdığı kəndin, onun insanlarının hörmət və ehtiramının, xalq məhəbbətinin ifadəsidir. Bu gün kəndin hər bir sakininin qəlbində Asəf ucalığı, Asəf mətinliyi yaşayır. Şəhid ucalığı isə ən yüksək zirvədir. Bu zirvədən o, elinə, obasına baxır, ədəbiyaşarlıq qazanır. İlin payız  fəsli gələndə  Asəf yaxınları  tərəfindən  yad olunur. Axı o, payızda  dünyaya gəlmişdi. İlin bahar ayları gələndə  Asəf xatırlanır. Vətən  tərəfindən, xalq  tərəfindən. Axı o, baharda  dünyasını  dəyişmişdi. Hərənin  bir cürə  tale-qisməti var.  Görünür Asəfin  də  tale-qismətinə Vətən  şəhidliyi yazılıbmış.

Bir azdan bahar gələcək. Asəfin  doğmaları, yaxınları onun məzarını ziyarət edəcək, üstünə  bahar  çiçəkləri  səpələyəcəklər. Nə qədər ağrılı-acılı olsa da  doğmaları  bir  şeylə  təsəlli  tapırlar. Asəf Fərəcov Vətən uğrunda qeyrətlə, mərdliklə həlak oldu.  Ölümsüzlük  zirvəsinə  ucaldı.  Bu zirvə isə hər kəsə nəsib olmur.

Adilə Səfərova,

Əməkdar Mədəniyyət İşçisi