17 yanvar 2018 21:19
1153

Sağlamlıq turizmi getdikcə inkişaf edir

Müasir turizmin əsas sahələrindən olan sağlamlıq turizmin inkişafı üçün ölkəmizdə böyük potensial var. Əlverişli iqlim şəraiti, mineral və termal su mənbələri, müalicəvi vulkan palçığının olması turizmin bu sahəsinə marağı artırır.

AZƏRTAC xəbər verir ki, hazırda əsas hədəflərdən biri müasir turizmdə sağlamlıq turizminin çəkisinin daha da artırılmasından ibarətdir. Bunun üçün MDB, Körfəz ölkələri və Türkiyədən gələn müsafirlərin ölkəmizin müalicəvi turizm məkanlarına cəlb edilməsi üçün lazımi tədbirlər görülür.

İstisu, Qalaaltı, Naftalan və Duzdağ müalicəvi kurortları artıq dünyada məşhurdur. Həmin mərkəzlərə yerli sakinlərlə yanaşı, xarici ölkələrdən də gələnlər var. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin verdiyi məlumata görə, xarici turistlər daha çox Naftalan və Duzdağ kurortlarına maraq göstərirlər. Keçən il Naftalana 70-dən artıq ölkədən 40 mindən artıq turist gəlib. Onlardan 6 min nəfərə yaxını xarici turistlər təşkil edib.

Onun dediyinə görə, Naftalana gələnlər arasında daha çox Rusiya, Qazaxıstan və Özbəkistandan gələnlər çoxluq təşkil edib. Duzdağ kurortuna üz tutanların çoxu Qazaxıstan, Türkiyə, İran, Belarus və Özbəkistandan gələnlər olub.