17 yanvar 2018 20:28
1233

Sakit Qocayev küçəsi ilə bağlı təklif

Bakı Nəqliyyat Agentliyi Sakit Qocayev küçəsi ilə bağlı təklif layihəsi hazırlayıb

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı təhlillər aparıb. Qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, aparılan təhlillər sahəsində bir sıra müəyyən nöqsanlar aşkarlanıb. Belə ki, küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir. 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlanma xətləri standartlara uyğun təşkil edilməyib. Həmçinin yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir.

Bakı Nəqliyyat Agentliyi qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün görülməsi zəruri olan tədbirlər hazırlayıb. Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni işıqfor obyektlərinin quraşdırılması (buna uyğun olaraq işıqfor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.