17 yanvar 2018 20:23
868

Çilov adasında ötən ilin yekunları müzakirə olunub

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları - ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

Hesabat məruzəsi səsləndikdən sonra çıxış edən Çilov qəsəbə sakinləri və qəsəbədə fəaliyyət göstərən təsərrüfat rəhbərləri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2017-ci ildə fəaliyyətini qənaətbəxş hesab ediblər.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov 2018-ci il yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını bir daha yığıncaq iştirakçılarının diqqətinə çatdırdı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı keçiriləcək silsilə tədbirlərlə bağlı təkliflərini verdi.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.