17 yanvar 2018 18:49
768

Naxçıvanlı gənclər hərbi xidmətə yola salınıblar

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, təhsil nazirinin müavini Əli Vəliyev çıxış edərək, əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

Valideyn Şükür Nəbiyev ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyib.

Çağırışçılar adından çıxış edən Mirqasım Seyidov Vətənə şərəflə xidmət edəcəklərinə, verilən əmr və tapşırıqları can-başla yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin də maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Yaradılmış şərait çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir.

Xidmət rəisi hərbi xidmətə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.