17 yanvar 2018 15:23
1225

BANM "Ernst & Young"la əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın “Ernst&Young” (EY) auditor-konsaltinq şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev, iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova ilə görüşüb.

BANM-dən bildiriblər ki, görüşdə E.Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, strukturu, əldə etdiyi nailiyyətlər və yaxın gələcək üçün planları barədə məlumat verib. Rektor G.Fərəcovanın BANM-də keçirdiyi “İqlim dəyişikliyi və dayanıqlı inkişaf” üzrə seminarın tələbələr arasında böyük maraqla qarşılandığını bildirib, “EY” şirkəti tərəfindən belə seminarların təşkil olunmasını yüksək dəyərləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini arzulayıb.

İ.Vəliyev “EY” şirkətinə olan diqqət və marağa görə E.Qasımova təşəkkür edib, daha sonra şirkətin fəaliyyət istiqamətləri, xüsusilə konsaltinq xidməti haqqında geniş məlumat verib. Bildirilib ki, bu istiqamət üzrə fəaliyyətdə “EY” şirkəti həm BANM-də səmərəliliyin artırılması üzrə məsləhətlər verə bilər, həmçinin gələcəkdə bu ali məktəbin mühəndis məzunlarını işə cəlb etməkdə maraqlı ola bilər.

Görüşdə “EY” şirkəti tərəfindən BANM üçün davamlılıq və dayanıqlılıq hesabatının hazırlanması, tələbələrin menecer bacarıqlarının inkişaf etdirilməsi üçün şirkətdə təcrübənin təşkil olunması, “EY” tərəfindən karyera və dayanıqlı inkişaf mövzularında təlimlərin keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər bir neçə fəaliyyət istiqaməti üzrə razılığa gəliblər.

Qeyd edək ki, “EY” Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən ilk beynəlxalq audit-konsaltinq şirkətidir.