16 yanvar 2018 15:34
52149

Qaşınmanın səbəbi və müalicəsi

Qaşınmanın səbəbi barədə dolğun məlumat müalicənin düzgün istiqamətdə aparılmasına kömək edir

İnsan orqanizmində dəri örtüyü bir çox funksiyaları yerinə yetirir. Bununla yanaşı bəzi xəstəliklər zamanı öz reaksiyasını qaşınma hissiyyatı ilə büruzə verir. Bəzi hallarda daxili xəstəliklərlə əlaqədar olaraq bədənin hansısa hissəsində qaşınma hissi yaranır. O, xəstələrdə həmişə narahatlıq hissi yaradır.

AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verən Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: ”Orqanizmdə bir neçə sinir ucluqları var və onların həyata keçirdikləri funksiyalar müxtəlifdir. Bəzi sinir ucluqları ağrılar haqqında xəbərdarlıq edərək məlumatlandırır, bəziləri dərinin müəyyən hissələrində gicişmə-qaşınma yaradır. Sinir sistemi çox mürəkkəb strukturdur və hər qıcığa ayrılıqda reaksiya verir.

Mütəxəssislər onun səbəblərini araşdırmaq üçün bir sıra tədqiqatlar apararaq xüsusi texnologiyalar vasitəsilə qaşınma zamanı beynin aktivlik səviyyəsini ölçməyə nail olublar. Məlum olub ki, qaşınma zamanı beyində mənfi emosiyalar formalaşdıran hissələrin aktivlik səviyyəsi minimuma enir, yəni sinir sistemi qəsdən süni qaşınma yaratmaqla yığılmış mənfi emosiyanı azad edir.

Qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblər üzündən meydana çıxır. Həmin səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə olur. İlk növbədə onun səbəbinin müəyyən edilməsi vacib məsələdir. Həmin səbəblər sırasına həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi sabun növləri, kimyəvi maddələr, uşaq infeksiyaları, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seborik dermatit, bəzi dərmanlar və əsəb pozuntuları daxildir”.

Həkim-allerqoloq daha sonra deyib: ”Həkimə müraciət edəndə xəstənin qaşınmanın xarakteri, nə vaxt başlaması, rastgəlmə tezliyi, yeri, nə ilə əlaqədar olması, nə vaxt itməsi, qəbul edilən dərmanların siyahısı barədə suallara cavab verməsi müalicənin səmərəsinə və düzgün istiqamətdə getməsinə kömək edən əsas səbəblərdən biridir. Həmin şikayətlər zamanı ilk növbədə alllerqoloq və ya dermatoloqa müraciət etmək məsləhətdir. Qaşınma allergiya və ya dəri problemləri ilə əlaqədar deyilsə, xəstəliyin müalicəsi üçün ixtisaslı mütəxəssisə üz tutmaq lazımdır. Qaşınma xroniki deyilsə və qarında ağrı, sarılıqla eyni vaxtda meydana çıxıbsa, qastroenteroloqa müraciət etmək daha düzgündür.

Qaşınma zamanı tətbiq edilən müalicə formalarından biri də eyni miqdarda qalay tozu, keşniş şirəsi, bağayarpağı şirəsi, abqora, quşüzümü şirəsi, qızılgül yağını qarışdıraraq məlhəm hazırlayıb qaşınma olan nahiyəyə sürtülməsidir”.