15 yanvar 2018 20:56
1287

Yeddi illik həsrətə son qoyulub...

Yanvarın 11-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında üçəmlər dünyaya gəlib. Ana 7 il ərzində sonsuzluğa görə dəfələrlə müalicə alıb. Müraciətdən sonra ananın səhhəti həkimlərin diqqət mərkəzində və ciddi nəzarəti altında saxlanılıb. İntizamlı, dəqiq müalicə və müayinələr aparılıb. Nəticədə yumurtalığın stimulyasiyası fonunda üçəm hamiləliyi meydana gəlib. Belə hamiləlik çox risklidir. Adi halda hamiləlik 31-32-ci həftəyə qədər davam edir və nəticədə dərin yetişməmiş uşaqlar doğulur. Lakin düzgün müalicə nəticəsində 34 həftə 6 günə, təxminən 35 həftədə qeysəriyyə əməliyyatı vasitəsilə bir-iki dəqiqə fərqlə 2 oğlan, bir qız dünyaya gəlib. Hazırda üçəmlərin və ananın vəziyyəti kafidir. Oğlanlardan birinin çəkisi 2 kiloqram 220 qram, digər oğlan və qızın çəkisi isə 1 kiloqram 850 qramdır.

Bu barədə klinikanın ikinci mamalıq-ginekologiya kafedrasının assistenti, tibb elmləri üzrə fəlsəfə doktoru, mama-ginekoloq Nərgiz Şəmsəddinskaya AZƏRTAC-a müsahibəsində məlumat verib.

“Artıq dörd gün keçib və onlar bu gün evə buraxılırlar. Bu klinikadakı həkimlərin birgə fəaliyyətinin uğurudur. Körpələrin valideynləri paytaxtda deyil, bölgələrdən birində yaşayırlar. Üçəmlərə nəzarəti davam etdirəcəyik. Rayon xəstəxanası ilə əlaqə yaradıb, həkimlərlə əməkdaşlıq edəcəyik”, - deyə mama-ginekoloq bildirib.