12 yanvar 2018 23:14
896

“Cənub Qaz Dəhlizi” ilə bağlı hansı önəmli hadisələr gözlənilir?

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlətimizin başçısı vurğuladı ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir.

Enerji sektorunda Azərbaycan həm regional, həm də qlobal əhəmiyyətli layihələrə önəm verir. Bu gün ölkəmiz bölgənin əsas söz sahibidir. Həmçinin ölkəmiz daimi olaraq regional layihələrdə yaxından iştirak edir. Azərbaycan enerji siyasətində kifayət qədər özünəməxsus və müstəqil siyasət yürüdür. Azərbaycan neftinin Avropa bazarına çıxarılması, mavi qazın bu il Türkiyə, 2020-ci ildən sonra isə Qərb bazarlarına çıxarılacağı ilə bağlı siyasət ondan xəbər verir ki, ölkəmiz regionda enerji siyasətində öz sözünü deyən və hər zaman öz mövqeyi ilə fərqlənən ölkədir. Ötən il də enerji siyasətində ölkəmiz bir çox tarixi nailiyyətlərə imza atdı.

Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Ölkəmizin iqtisadi potensialı dövlətimizin siyasi gücünü artırır, bölgədəki rolunu möhkəmləndirir. “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində ölkəmiz əsas rol oynayır.

Ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində də bu məsələni xüsusi vurğulayıb ki, 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş verdi: “Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.”

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması ilə ölkəmizin, o cümlədən SOCAR-ın payı 11 faizdən 25 faizədək artırılır. İlkin hesablamalar göstərir ki, “Azəri-Çıraq-Günəşli” yatağınından hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Bu, bir daha göstərir ki, yatağın istismarı üçün çox böyük imkanlar var. Müqavilənin əsas şərtləri göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.  Sevindirici haldır ki, iyirmi üç ildən sonra yeni imzalanan kontrakt nəticəsində 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən (AÇG) lazımi səviyyədə neft hasil ediləcək. Həqiqətən də “Əsrin müqaviləsi”nin müddətinin uzadılması gələcək inkişafımız üçün çox əhəmiyyətlidir.

Dövlətimizin başçısı vurğuladığı kimi, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması imkan verəcək ki, bundan sonra uzun illər ərzində hasilatın səviyyəsi sabit qalsın. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulacaq. Yatırılan investisiyalar iqtisadiyyatın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yerli müəssisələrin yaradılmasına təkan verəcək. Bir sözlə, kontraktın uzadılması SOCAR-ın payının 11 faizdən 25 faizə artmasına, mənfəət neftinin 75 faizinin Azərbaycana qalmasına səbəb olacaq.

Prezident İlham Əliyev iclasda qeyd etdi ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb: “Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, “Cənub Qaz Dəhlizi” reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir.”

Bir faktı da xüsusi vurğulayaq ki, bu ilin fevralında  “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək.  “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin də bu toplantıda iştirakı gözlənilir.  

“Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard,  Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının bu il Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” ilə bağlı önəmli hadisələr gözlənilir: “TANAP layihəsinin istifadəyə verilməsi gözlənilir.”

Dövlətimizin başçısının söylədiyi faktlar bir daha sübut edir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq. Prosesin reallaşması ilə Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələr daha da intensivləşəcək. Onu da qeyd edim ki, TANAP, TAP kimi layihələr məhz ölkə Prezidentinin siyasi iradəsi nəticəsində reallaşan layihələrdir.

Orxan Vahidoğlu, “İki sahil”