Menu
  • 22-01-2018
      • Bakı +7+11

  • 22-01-2018
    • $ 1.7001
      2.0849

1   2   3   4   5   6

SİYASƏT

Prezidentdən möhtəşəm qərar

11-01-2018 [ 10:32 ] [ oxunub:277 ]
A+ | A-

 Prezidentdən möhtəşəm qərar:
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti Ili” elan edilməsi barədə qərar qəbul edib. Qərar cəmiyyətin bütün təbəqələri tərəfindən olduqca böyük addım kimi qəbul edilib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, ənənəvi olaraq Prezident İlham Əliyev hər yeni təqvim ilini ölkəmizdə mühüm və əlamətdar bir hadisə ilə əlaqələndirən elan edir. Bu qərarlar həmin sahəyə cəmiyyətin diqqətinin artmasına və müvafiq uğurlu addımların atılmasına rəvac verir. Bu baxımdan 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi gözlənilən olmaqla yanaşı, böyük tarixi, ictimai-siyasi və mənəvi xarakter daşıyır.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə qərarını açıqlayıb. Bildirib ki, bununla bağlı müvafiq dövlət qurumları fəaliyyət planı hazırlayıb həyata keçirəcək və AXC-nin yaradılmasının 100 illik yubileyi təkcə ölkəmizdə deyil, bütün dünyada möhtəşəm formada qeyd ediləcək.

Prezidentin qərarının elan edilməsindən dərhal sonra sosial mediada bu addımın doğurduğu əks-səda göstərdi ki, Azərbaycan xalqı dövlət başçısının qərarını böyük məmnunluqla qarşılayıb. İctimai mənsubiyyətindən və siyasi mövqeyindən asılı olmayaraq, demək olar ki, istisnasız olaraq hər bir vətəndaş bu qərarı sevinclə qarşılayıb və alqışlayıb. Əlbəttə, Prezident İlham Əliyevin bütün fəaliyyəti və qəbul etdiyi qərarlar xalqın milli maraqları ilə daim uzlaşıb və bu səbəbdən də hər zaman Azərbaycan vətəndaşının böyük etimadını və dəstəyini qazanıb. Lakin AXC mövzusu Azərbaycan tarixinin qürurlu və şərəfli səhifəsi olmaqla xalqımızın hər zaman ciddi həssaslıqla yanaşdığı mövzudur.

Məlumdur ki, bu il Cümhuriyyətin yaradılmasının 100 ili tamam olur. Bununla əlaqədar hələ 2017-ci il mayın 16-da Prezident İlham Əliyev AXC-nin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı. Sərəncamda müstəqil dövlətçilik tariximizdə mühüm hadisə olan Cümhuriyyətlə bağlı müxtəlif səviyyəli və silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, bütövlükdə 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi isə Azərbaycan liderinin tariximizə və milli mənəvi dəyərlərimizə verdiyi qiymətin ən parlaq nümunələrindən biridir. 

Bu məqamda vurğulayaq ki, AXC tarixi və onun qurucularının adlarının dövlət səviyyəsində hörmətlə qeyd edilməsinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində AXC bayrağının dövlət bayrağı elan edilməsi kimi tarixi addım da Ümummilli Lider tərəfindən atılmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn Ulu Öndər 1990-cı illərdə AXC tarixinin sistemli araşdırılmasına və onun qurulmasında xidmətləri olan tarixi şəxsiyyətlərin tanıdılmasına böyük töhfələr vermişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamlarını xatırlatmaq kifayət edər ki, Ümummilli Liderin xalqımızın bu şərəfli tarixinə verdiyi yüksək qiymət qəbul edilsin.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli dövlətçilik tariximizdə əvəzsiz hadisələrdən biri kimi qiymətləndirilir. Mövcud olduğu 23 aylıq qısa tarixi dövrə baxmayaraq məhz Cümhuriyyət dövründə xalqımızın sonrakı tarixində böyük izlər buraxan tarixi addımların əsası qoyulmuşdur. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşu kimi tanınan AXC xalqımızın dünyəvi dəyərlərə sahiblənməsi yolunda mühüm addım idi. Təsadüfi deyil ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilən Müstəqillik Aktında müasir Azərbaycan Respublikası məhz AXC-nin hüquqi-siyasi varisi elan edilmişdir.

Qeyd edildiyi kimi, Prezident İlham Əliyevin sözügedən qərarı Azərbaycan ictimai həyatında böyük rezonans doğurub. Bir çox ictimai-siyasi fəallar, elm xadimləri və ictimaiyyətin digər təbəqələri bu qərarın böyük tarixi addım olduğunu vurğulayırlar. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı Prezidentin qərarını şərh edərkən bildirib ki, dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var və bu addım bütün xalqımızın ürəyincədir: “Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq cümhuriyyəti elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verdi”.

Deputat Fazil Mustafa Prezident İlham Əliyevin sözügedən qərarını dövlətimizin başçısının ölkəmizin müstəqilliyinə verdiyi dəyərin göstəricisi adlandırıb. Onun sözlərinə görə, bu, milli dövlətçilik təfəkkürünün cəmiyyətdə möhkəmlənməsinə xidmət edəcək.

Taleh Turqut, “İki sahil”

DİGƏR XƏBƏRLƏR