05 yanvar 2018 23:14
1582

Ermənistanın törədəcəyi təxribatlara adekvat cavab verəcəyik

“Düşünürəm ki, 2018-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi daha intensiv xarakter daşımalıdır. Avropada baş verən separatçılıq halları aparıcı ölkələri düşündürməlidir ki, bu, bir xəstəlikdir və belə proseslər hər bir dövlətdə yarana bilər”. Bu fikri politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında söylədi.

F.Sadıqov qeyd etdi ki, aparıcı ölkələr bunu nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha fəal olmalıdırlar: “Çünki əks halda bu proseslər xəstəlik kimi onları da bürüyə bilər. Əlbəttə ki, biz bu kontekstdə daha intensiv və hücumedici diplomatik addımlarımızı atmalıyıq və bu, belə də olacaq. Çünki bizim mövqeyimiz dəyişməyib, qətidir, prinsipialdır və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edirik. Bizim əsas məqsədimiz odur ki, torpaqlarımızın işğaldan azad edilməsi prosesi başlansın. Dağlıq Qarabağ məsələsini sonrakı dövrdə danışıqlar nəticəsində həll edə bilərik. Burada təbii ki, bir neçə məqamlar üzə çıxacaq”.

F.Sadıqov söylədi ki, burada bir çox məsələlər aparıcı ölkələrin özlərindən və bizim bu ölkələrlə münasibətlərimizdən asılıdır: “Düşünürəm ki, bu münasibətləri aparıcı oyunçularla - ATƏT-in Minsk qrupunun həmsədrləri ilə və digər ölkələrlə daha da sıxlaşdırmalıyıq və beləliklə, nəyəsə nail olmalıyıq. Eyni zamanda şübhə etmirəm ki, biz Ermənistan tərəfindən törədiləcək hər bir təxribata adekvat cavab verəcəyik. 2016-cı ildə baş verən aprel hadisələri bunun sübutudur. Biz düşmənə verdiyimiz bu dərsi hər zaman təkrar etməyə hazırıq və lazım olsa, bunu danışıqlar prosesi ilə bərabər edəcəyik. Düşünürəm ki, bu proses belə bir formatda davam edəcək. Əlbəttə ki, biz məsələnin müsbət nəticələrlə yekunlaşmasına ümidimizi itirmirik”.

Cavid Əkbərov, “İki sahil”