Dəfələrlə yadellilərin təcavüzünə məruz qalan, Gülüstan və Türkmənçay kimi ədalətsiz müqavilələrin imzalanması ilə ərazi bütövlüyü pozulan Azərbaycanda xalqın azadlıq, müstəqillik arzusu heç vaxt sönməyib. Azərbaycan türkləri müstəqillik və bütövlük uğrunda mübarizələrini heç vaxt dayandırmamışlar. Ötən əsrin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə belə arzularının gerçəkləşməsi naminə mübarizəsini davam etdirən xalqımız Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Amma çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Qanuni seçilmiş hakimiyyət zorakılıqla devrildi, böyük qurbanlar bahasına qazanılan müstəqilliyə son qoyuldu, xalqın demokratik və istiqlalçı qüvvələrinin əksəriyyəti repressiyaya məruz qaldı, ziyalıların əksəriyyəti mühacirət etdi.
Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti davam etdirilmiş, SSRİ tərkibində olan müsəlman ölkələrini biri-birindən təcrid etmək üçün pantürkizmi Şərq aləmində təhlükəli ideya kimi təbliğ edərək müsəlman respublikaları arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərilmişdi. Bu siyasətin nəticəsi kimi qanunsuz çəkilən çəpərlər soydaşlarımızı iki yerə ayırdı.
Lakin heç bir istila, repressiyalar, təhlükələr xalqın milli özünüdərki qarşısında çəpər ola bilmədi. Ötən əsrin sonlarında baş verənlər, milli təfəkkürün formalaşması azadlıq, müstəqillik, suverenlik arzularını alovlandırdı.
Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı varlığını təsdiqləmək, illərdən bəri arzusunda olduğu müstəqilliyinə qovuşmaq üçün yaranan imkandan istifadə edərək birlik, həmrəylik göstərdi. Naxçıvan Muxtar Respublikasının ziyalıları, vahid milli birlik və müstəqillik ideyaları uğrunda mübarizədə fərqləndilər. Şimali və Cənubi Azərbaycan arasında əlaqələri bərpa etmək, illərdən bəri ürəklərdə qövr edən həsrətlərə son qoymaq məqsədilə əsassız çəkilən sərhəd çəpərlərini götürmək, mühəndis-texniki qurğuların sökülməsi ilə bağlı istəklərini 31 dekabr 1989-cu ildə gerçəkləşdirdilər. “ Sərhəd hərəkatı” adı ilə aksiyalar keçirildi. Genişlənən demokratik hərəkat nəticəsində SSRİ-nin muxtar respublika ərazisindəki dövlət sərhədi boyunca çəkilən çəpərlər elliklə söküldü. Əsrlərlə biri-birinə həsrət qalan, Arazın o tayında, bu tayında yaşayan qohumlar görüşdülər. Sökülən həmin çəpərlər, illərdən bəri ayrı düşən azərbaycanlıların ürəyində Araz boyda yara açan tikanlı məftillər Novruz bayramında qalanan tonqallarda yandırıldı. İnsanlar bununla da illərin acısına son qoyub, qovuşduqlarını bayram kimi qeyd etdilər. Beləliklə 31 dekabr 1989-cu il dünya Azərbaycan türklərinin həmrəylik bayramına çevrildi. 1990-cı ildə isə həmin günün ildönümü ümumxalq bayramı kimi geniş qeyd olundu. Naxçıvan Muxtar Respublikasından başlanan bu hərəkat ümumxalq istəyinə, arzusuna çevrilərək digər sərhəd rayonlarında da davam etdirildi. SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi “Sərhəd hərəkatı”na qara yaxaraq, hərəkata qoşulanları ekstremist və cinayətkar ünsür adlandıraraq bu demokratik hərəkatı dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar. İmperiyanın nökərlərinə xidmət edən kütləvi informasiya vasitələrində sərhədlərin sökülməsi vəhşilik adlandırıldı. Hərəkat iştirakçıları əsassız olaraq həbs olundu, repressiyaya məruz qaldılar. Lakin qonşu dövlətlərdə, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bu prosesi parçalanmış xalqların birləşmək əzmi kimi qiymətləndirməsi xalqımıza qarşı mürtəce təbliğatın qarşısını aldı.
3 noyabr 1990-cı ildə Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayında Naxçıvandan başlanan sərhəd hərəkatı milli birlik və həmrəylik yolunda atılan mühüm addım kimi dəyərləndirildi.
16 dekabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin növbəti sessiyasında dünya Azərbaycan türklərinin milli birlik və həmrəylik günü haqqında məsələ müzakirə olundu. Ali Məclisin Sədri Heydər Əliyev tarixi təşəbbüsü ilə Azərbaycan xalqı qarşısında daha bir missiyaya imza atdı. Vətənpərvər gənclərin iki il bundan əvvəl başladığı “Sərhəd hərəkatı”nın əhəmiyyətini qeyd edərək bildirdi ki, Dünya Azərbaycan türklərinin milli birlik və həmrəylik günü ilə bağlı məsələnin Naxçıvan MR Ali Məclisinin sessiyasında müzakirəsi, siyasi əhəmiyyətli qərarın qəbulu, uzun illər ayrı qalan Azərbaycan türklərinin birləşməsi yolunda ilk addımın qədim Naxçıvan torpağında irəli sürülməsi tarixi hadisədir: “İki il bundan öncə Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən “Sərhəd hərəkatı” adı altında həyata keçirilən tədbirlər indi özünün siyasi, tarixi qiymətini alır və dünya Azərbaycan türklərinin həmrəyliyinin və birliyinin nə qədər zərurət kəsb etdiyini nümayiş etdirir. Şübhə yoxdur ki, bu hərəkat getdikcə güclənəcək, bizim xalqın birləşməsinə, tam milli azadlığa nail olmasına kömək edəcəkdir.”
Həmin sessiyada 31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü kimi elan olunması və bu əlamətdar hadisənin hər il bayram kimi qeyd olunması ilə bağlı qərar qəbul olundu. Həmin gün qeyri- iş günü hesab edildi. Ölkədə gedən demokratik proseslərə uyğun olaraq Naxçıvan Vilayət Partiya Komitəsinin, onun strukturlarının fəaliyyətinin dayandırılması, İttifaqın saxlanılması ilə bağlı referendumun muxtar respublikada keçirilməməsi həmin dövrdə hakimiyyətdə olan Azərbaycan iqtidarının Naxçıvana qarşı təzyiqlərinin artdığı, “Aktual ekran” kimi qərəzli verilişlərdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə ünvanlanan böhtanların səsləndiyi, Ali Məclisin qəbul etdiyi qərar və bəyanatlara deyil, təhriflərə yer verildiyi bir zamanda soydaşlarımızın birlik və həmrəyliyinin təminatına yönələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərarın qəbulu cəsarət, uzaqgörən siyasət, məsuliyyət, vətəndaşlıq yanğısı tələb edirdi. Tarix sübut etdi ki, biri-birindən məsuliyyətli, lakin həyati əhəmiyyətli vəzifələri yerinə yetirmək ulu öndər Heydər Əliyev kimi dahilərə məxsus ola bilər.
Milli ideyanın, təfəkkürün formalaşması, özünüdərkin güclənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etdiyi kimi, söydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.
Azərbaycanın üzləşdiyi çətin məqamlarda bu birliyin formalaşması, təkmilləşməsi üçün liderlik məsuliyyətini uzaqgörən siyasəti ilə doğruldan ulu öndər Heydər Əliyev bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət -ənənələrini yaşatmalıyıq.
9 noyabr 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayını təşkil etməklə diaspor fəaliyyətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, milli müstəqillik kimi azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi də xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi nailiyyətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün hər vətəndaşın şüurunda, əməlində dəqiq ifadəsini tapmış ideyadır.
Tarixi dönəmlərdə baş verən döyüşlərdə düşmənə qarşı birgə mübarizə aparan hər iki xalqın ərənləri üçün Canaqqala savaşı nə qədər müqəddəsdirsə Azərbaycanın müstəqilliyi yolunda, Qarabağ müharibəsində şəhid olan soydaşlarımız da türk xalqı üçün eyni dərəcədə unudulmazdır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün siyasi, hərbi yardımını əsirgəməyən Türkiyədə Xocalı soyqırımının qurbanları, Qarabağ döyüşlərində həlak olan qəhrəmanlar ehtiramla yad olunur. Azərbaycanla Türkiyə arasında illərdən bəri davam edən iqtisadi və siyasi həmrəylik enerji layihələrinin reallaşması ilə bir daha təsdiqləndi. Həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinin davamı olan “Cənub Qaz Dəhlizi”, TANAP, TAP, Bakı-Tbilisi- Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə fərqlənməklə müsəlman ölkələrinin siyasi-iqtisadi əməkdaşlığına da xidmət edir.
Ortaq dil, ortaq əlifba ideyasının reallaşması üçün göstərilən səylər də bu amilə xidmət göstərir. Türk Dövlətləri Parlament Assambleyasının yaradılmasında da təbii ki, əsas tərəf kimi Azərbaycan -Türkiyə dostluğuna böyük önəm verildi.
Siyasətində xalqların birgə yaşayışını öndə saxlayan Prezident İlham Əliyevin bütünlükdə müsəlman ölkələri ilə əməkdaşlıqda maraqlı olması da göstərir ki, İslam aləminin ayrılmaz tərkib hissəsi olan Azərbaycan bütün dünyada etimad və qarşılıqlı münasibətlərin qorunmasında maraqlıdır.
İnsanlara qarşı mərhəmət və qayğını daim diqqətdə saxlayan dövlət başçımız İlham Əliyevin bu ehtiramı təkcə türk dünyası xalqlarının birliyinə deyil, bütünlükdə müsəlman aləminin həmrəyliyinə yönələn arzu və istək, liderlik qətiyyətidir.
Xuraman İsmayılqızı, “İki sahil”