29 dekabr 2017 14:21
2282

2017-ci il Azərbaycanın sosial dövlət imicinə hansı əlavələri etdi?

“Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.” Dövlətimizin başçısı İlham Əliyev bu kimi fikirləri ilə dövlət siyasətinin təməlində insan amilinin dayandığını təsdiqləyir. Bu gün fəxr hissi ilə qeyd ediriksə ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib, bu, uğurlu, təkmil sosial-iqtisadi siyasətin nəticəsidir. “Sosial dövlət” anlayışının mahiyyətinə diqqət yetirsək, ölkəmizin uğurları daha aydın görünər. Sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların yüksək rifahının təminatçısıdır. “Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biridir” söyləyən cənab İlham Əliyev bunu belə əsaslandırır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əmək haqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Cənab İlham Əliyev eyni zamanda bildirir: “Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz əldə edilmiş uğurlarla fəxr edə bilərik.”

Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Son 14 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir: “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq.” Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlətimizin başçısı İlham Əliyevin rayonlara səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Bu rəqəmi açıqlamaq da yerinə düşər. Cari ilin 9 ayında 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, daimi proses olmalıdır: “Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.”

Bögələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin cari ildə sahibkarlığın inkişafına xidmət edən addımları da davamlılığı ilə diqqət çəkib. Ölkə Prezidenti bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 14 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır. 2017-ci ildə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində görülən işlər də göz önündədir. Bölgələr üzrə ixtisaslaşmanın aparılması və dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi qarşıya qoyulan məqsədlərə geniş yol açır. Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da bu məqsəddən irəli gəlir. Bu sənədə əsasən müxtəlif istiqamətləri əhatə edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edən addımlar xüsusi diqqət çəkir. Bu, cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” çağırışının davamı kimi dəyərləndirilməlidir. Bu vacib məqam da qeyd olunur ki, iqtisadi inkişafa uyğun olaraq əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Təsadüfi deyildir ki, dünyada iqtisadi və maliyyə böhranının yaşanması ilə əlaqədar bəzi ölkələrdə sosial ödənişlərin azaldığına baxmayaraq ölkəmizdə  müxtəlif sahələrdə çalışanların əmək haqları, pensiyaları mütəmadi olaraq artırılır. Cari ilin ilk ayında atılan addım bu sahənin prioritetliyini bir daha nümayiş etdirdi. Belə ki,  Cənab İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”, həmçinin “Minimum aylıq əmək haqqının artırılması haqqında” Sərəncamları uğurlu sosial siyasətin davamı kimi dəyərləndirildi. 

Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan Dünya Bankının hesabatlarında da Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir.  Uğurlarımız bir daha bu reallığı təsdiqləyir ki, inkişaf, tərəqqi, yeniləşmə, müasirləşmə, bir sözlə davamlı inkişaf dövlət siyasətinin əsasını təşkil edir, yeni-yeni hədəflərə çatmaq üçün göstərilən səylər və əldə olunan göstəricilər ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Təbii ki, ilk olaraq insanların sosial müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır.

Sosial mənzillərin inşası istiqamətində atılan addımlar, özünüməşğulluğun təminatına yönələn “ABAD” mərkəzlərin yaradılması və uğurlu fəaliyyəti də insan amilinə verilən dəyərdən qaynaqlanır və cari ilin uğurları sırasındadır. Artıq hər bir ailə öz məhsulları ilə tanınacaq. Bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından və 23 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanından irəli gələn vəzifələrin uğurlu icrasıdır. Cənab İlham Əliyevin cari il çərçivəsində qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımları da diqqətçəkəndir. Statistikaya əsasən, son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq məcburi köçkünlər və qaçqınlar arasında yoxsulluq azalaraq 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bildirmişdi. O da məlumdur ki, Dövlət Neft Fondunun vəsait ayırdığı istiqamətlərdən biri qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllidir. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  bu məqamı da hər zaman bəyan edirlər ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Cari ildə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə cari ilin 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi, yeni binaların tikilib istifadəyə verilməsi də deyilənlərin təsdiqidir. Təbii ki, bu addım dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə xidmət edir.

Qısa təhlil fonunda sosial müdafiənin gücləndirilməsinin dövlət siyasətinin əsası olduğu bir daha təsdiqlənir. Ölkə Prezidenti İlham Əliyevin son fərman və sərəncamları da bu ənənənin davamlılığının göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli “Minimum əmək haqqının artırılması haqqında” Fərmanına əsasən 2018-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 130 manat müəyyən edilib. Eyni zamanda dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunlar təsdiqləndi. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir. Cari ildə ehtiyac meyarı 116 manat təşkil edir.

Yeganə Əliyeva, “İki sahil”