21 dekabr 2017 23:53
1421

Davamlı inkişaf, yüksək rifah, yeni hədəflər

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi sorğunun nəticələri ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığını, inkişafa yol açan əsas amil olduğunu bir daha təsdiqlədi

“Biz çalışmalıyıq ki, Azərbaycan bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin. Buna nail olmaq üçün əlbəttə ki, hamımız çox fəal işləməliyik. Deyə bilərəm ki, cəmiyyətdə də çox gözəl ab-hava vardır. Cəmiyyət bizim siyasətimizə öz səsini əlavə edir. Bu dəstək olmasa idi, biz bu nailiyyətlərə çata bilməzdik. Ona görə gələcək illərlə bağlı konkret proqramların icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir.”

Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə keçilən yolun fonunda qarşıdakı dövrün əsas hədəfini açıqlayır. Bu fikir də cənab İlham Əliyevin çıxışlarında əsas yer tutur ki, sevindirici hal budur ki, görülən işlər, irəli sürülən bütün təşəbbüslər ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə yaradır. Qarşıya prioritet məsələ kimi qoyulan “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq atılan davamlı addımların uğurlu nəticələri göz önündədir. Bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən və əhatə etdiyi dövrə uyğun olaraq icrası başa çatdırılan regional inkişaf proqramları bölgələr arasında sağlam rəqabəti sürətləndirir, paytaxtla rayonlar arasında fərqi aradan götürür. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan quruculuq meydançasını xatırladır.

İnkişafı şərtləndirən amillərdən bəhs edərkən təbii ki, ölkədə sabitliyin yüksək səviyyədə təmin edilməsi xüsusi qeyd olunur. 26 illik müstəqillik tarixinə malik olan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində sabitlik diyarına çevrildi. Bu gün Azərbaycan regionda sabitləşdirici faktor kimi nüfuz qazanıb.

Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə mütəmadi olaraq keçirilən Nazirlər Kabinetinin iclaslarında daim Azərbaycan xalqının sabitlik, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamasının vacibliyi əsas şərt kimi önə çəkilir. Dünyada cərəyan edən qarşıdurmaların, toqquşmaların fonunda Azərbaycanın sabit ölkə olması daha çox diqqət çəkir. Cənab İlham Əliyev daim bu məqamı da qeyd edir ki, dövlət siyasətinə dəstəyi ölkədə mövcud olan ab-hava nümayiş etdirir.

Məlum olduğu kimi, hər bir seçki öncəsi müxtəlif sorğu mərkəzləri ölkədə siyasi vəziyyəti, xalqın iqtidara inamını və etimadını öyrənmək məqsədilə sorğular təşkil edirlər. Bu günlərdə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat aparıb. Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər.

Rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi də təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4 faizi bu siyasəti dəstəklədiyini bildiriblər. “Dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasəti dəstəkləyirsinizmi” sualına respondentlərin 84,7 faizi “bəli” cavabını verib. Mehriban xanım Əliyevanın I vitse-prezident təyin edilməsini respondentlərin 62,9 faizi dəstəkləyib. Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib. Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və dövlətimizin başçısına böyük ümid bəsləyir.

İstər ölkəmizdə keçirilən sorğuların nəticələri, istərsə də ölkə ictimaiyyətinin rəyləri bu reallığı ortaya qoyur ki, ən böyük siyasət real məsələlər, konkret işlərdir. Azərbaycanın son 14 ildə əldə etdiyi uğurlar göz önündədir. Məhz bu reallıqlar cənab İlham Əliyevin bu müddət ərzində keçirilən 2008, 2013-cü il prezident seçkilərində təkrar qələbəsini təmin edib. Hər bir dövr üçün müəyyənləşdirilən vəzifələrin uğurlu icrası növbəti illər üçün yeni-yeni hədəflərə yol açır. Davamlı inkişafı, yüksək rifahı həyata keçirdiyi siyasətin önündə saxlayan cənab İlham Əliyev atdığı hər addımında ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirir. Bu, o yoldur ki, Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edib inkişaf, tərəqqi yoluna çıxardı. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadənin nəticələri göz önündədir. Cənab İlham Əliyevin daim bəyan etdiyi kimi, təbii resurslarla zəngin çox ölkələr var. Amma bu ehtiyatlar heç də onlara uğur gətirməyib. Ölkəmizdə iqtisadi siyasətin düzgün əsaslar üzərində qurulması, ədalət prinsipinin qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə stimul verdi. Bu gün fəxrlə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasətinin məntiqi davamıdır.

Dövlətimizin başçısı İlham Əliyevin 2011-ci ildə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda söylədiyi fikirləri bir daha yada salmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Həmin konfransda hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilmişdir. Bu gün ölkəmizdə yoxsulluq həddinin 5 faizə enməsi Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”nın ardınca “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” icra olundu. Hər sahə üzrə konkret Dövlət proqramlarının uğurlu icrası ölkənin hərtərəfli inkişafını təmin etdi. Artıq bu gün əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoymuşuq.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə bu fikir də hər zaman qeyd olunur ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. 2009-cu ildən başlanan iqtisadi və maliyyə böhranı da bu kimi reallıqlara işıq saldı. Yəni hər bir ölkənin hansı imkanlara malik olduğu bir daha nümayiş olundu. Qeyd edək ki, böhran dövründə Avropa ölkələrində baş verən iqtisadi çətinliklər bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olmuşdur. İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığını, iş yerlərinin bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, bunun əksi olaraq ölkəmizdə yeni iş yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir: “Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir.”

Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2003-cü ildən bu günə qədər yeni iş yerlərinin sayı bir milyon 800 mindən artıqdır. Azərbaycan düzgün qurulan siyasət nəticəsində beynəlxalq aləmdə özü-özünü təmin edən ölkə kimi tanınır və nüfuz qazanır. Bu fikir Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Ölkə Prezidenti bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Bir sözlə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan 35-ci yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olub. Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması məqsədilə dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda tərtib olunan strateji yol xəritələri davamlı inkişafa geniş yol açır.

Dövlətimizin başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi qeyd edərək bildirir ki, əgər fikir vermisinizsə, son vaxtlar neft-qaz sektorunun inkişafı ilə bağlı o qədər də geniş müşavirələr keçirilmir. Çünki bu sahədə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Cari ilin mühüm uğurları sırasında xüsusi yer alan “Yeni əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi dünyaya açılan pəncərə kimi dəyərləndirilərək, bu gün artıq onların davamı olaraq TAP, TANAP, “Cənub Qaz Dəhlizi”ndən bəhs olunur. Bu layihə dayanıqlı çoxtərəfli əməkdaşlıq əlaqələrinin başlanğıcı kimi tarixə yazılıb. 

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunədir. İqtisadi tərəqqi demokratikləşmə prosesini sürətləndirir. Demokratiyanı həyata keçirdiyi siyasətin əsası kimi qəbul edən Azərbaycanın bu sahədə də uğurları davamlıdır. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların fəaliyyəti, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Ötən ilin sentyabarında keçirilən referendumda səsverməyə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, bir qismi isə idarəetmə sistemində təkmilləşməyə yönəlmişdir. Məhz bu əlavə və dəyişiklərdən irəli gələn addımlar builki uğurlarımıza stimul oldu.

Uğurlarımıza qısa baxış əsasında bu reallığı qeyd edə bilərik ki, ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı təkmil islahatları, davamlı inkişafı şərtləndirir. Xalqın hakimiyyətə inamının və etimadının yüksək səviyyədə olduğu bir ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 14 ildə uğurla davam etdirən Prezident İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə xalqın dəstəyi böyükdür və bu inam 2018-ci il prezident seçkilərinin də yüksək fəallıq şəraitində keçəcəyinə, cənab İlham Əliyevin qələbəsinə əsas yaradır. Bir sözlə, Azərbaycan inkişaf modelini daim təkmilləşdirməklə, yeniləşdirməklə günün çağırışlarını yüksək səviyyədə cavablandırır.

Yeganə Əliyeva, “İki sahil”