12 dekabr 2017 23:42
1258

Ulu Öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ildönümü ilə əlaqədar Piralları rayonunun idarə, müəssisə və təşkilatlarında, səhiyyə və təhsil ocaqlarında, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının qərargahında silsilə tədbirlər keçirilib, tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Dekabrın 12-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 350 nəfər rayon sakininin, o cümlədən şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə anım mərasimi keçirildi və ehsan verildi. Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Elman Nəsirov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Misirxan Vəliyev, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra  ümummilli lider Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olundu.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ulu öndər Heydər Əliyev haqqında geniş nitq söylədi. Natiq öz çıxışında Ümummilli Liderimizin hər kəsin qəlbində özünə əbədi bir abidə ucaltdığını vurğuladı. V.İmanov qeyd etdi ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir: «Hər birimiz bugünkü firavan həyat, xoş gələcəyimiz üçün əbədiyaşar Ulu Öndərə borcluyuq. Müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.» Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğuladı. V.İmanov Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəlilədiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

«Ulu öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Ulu Öndər Azərbaycanı çox sevirdi və böyük azərbaycançılıq ideyasını belə ifadə edirdi: «Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» Bu ifadə onun əməllərində də özünü daim göstərirdi. Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək» deyən rayon İcra Hakimiyyətinin başçısı bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini vurğuladı. Bu gün respublikamızın bütün bölgələrinin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini bildirən V.İmanov dövlət başçısının diqqət və qayğısı nəticəsində Pirallahı rayonunda da böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd etdi.

Tədbirdə Milli Məclisin deputatı Elman Nəsirov Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açdı. Bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyini bildirdi: «Ulu Öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli siyasi davamçısı, praqmatik dövlət xadimi, Prezident İlham Əliyevdir.»

E.Nəsirov söylədi ki, müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü yüksək qiymət ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. «Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır. Azərbaycanın hazırkı inkişafı məhz Milli Qurtuluş Günü ilə başlayıb. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.»

Tədbirin sonunda rayon məktəbliləri ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.

Rəsmi hissədən sonra rayonun sakinləri üçün ehsan süfrəsi açıldı, ulu öndər Heydər Əliyevin ruhuna dualar oxundu.

Orxan Vahidoğlu, «İki sahil»