05 dekabr 2017 20:21
904

“Messenger Kids” uşaqlara təhlükəsiz mesajlaşmaq imkanı verəcək

“Facebook” sosial şəbəkəsinin komandası “Messenger Kids” adlı yeni mobil proqramını təqdim edib. Yeni messencer 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub.

AZƏRTAC “ferra.ru” saytına istinadla xəbər verir ki, “Messenger Kids” uşaqlara öz dostları və ailəsi ilə təhlükəsiz mesajlaşmağa imkan verəcək. Yeni proqram yalnız “iOS” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün əlyetərlidir. Bu ayın sonunadək “Android” sistemi üçün versiyanın çıxarılması planlaşdırılıb.

Mobil proqrama “Facebook” hesabı vasitəsilə valideynlər tərəfindən tamamilə nəzarət mümkündür. Onlar uşaq üçün messencerdə hesab yarada, kontakt siyahısına nəzarət edə və zərurət olduqda onu təmizləyə bilərlər.

Mesajlaşmaq üçün telefon nömrəsi və mobil rabitə tələb olunmur, “Wi-Fi”-qoşulma kifayətdir.