30 noyabr 2017 00:04
1046

“Daşla danışan adam”

Bilik Fondunda “Daşla danışan adam” filminin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Xalq Rəssamı Mirəli Mirqasımova həsr edilən “Daşla danışan adam” sənədli filminin təqdimatı olub.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, fondun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun “Mədəni maarifləndirmə” proqramı üzrə həyata keçirdiyi layihələrdən danışıb, gənclərin estetik zövqünün formalaşmasında, dünyagörüşlərinin hərtərəfli inkişafında filmlərin əhəmiyyətini diqqətə çatdırıb.

“Aranfilm”in direktoru Tahir Tahirli Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi diqqətə görə Bilik Fonduna təşəkkürünü bildirib.

Filmin nümayişindən sonra tamaşaçılar yaradıcı heyətlə müzakirələr aparıb, tələbələrin film haqqında sualları cavablandırılıb.

Tədbirdə fondun “Gənc jurnalistlər” klubunun, “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tələbələri, Bilik Fondunun və “ASAN xidmət”in könüllüləri iştirak ediblər.

Ekran əsəri “Aranfilm”də Nicat Qafuroğlunun ssenarisi və rejissorluğu ilə çəkilib. Filmin qəhrəmanı Mirəli Mirqasımov 1944-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və 1950-ci ildə İ.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. Heykəltəraşlığın müxtəlif janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərləri var. M.Mirqasımov 1974-cü ildə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin müəllifidir. Böyük əsərlərindən biri, yazıçı-dramaturq Cəfər Cabbarlının heykəli müəllifin 23 illik zəhmətinin bəhrəsidir. Bu, Azərbaycanda yeganə heykəldir ki, bütöv, sal daşdan ibarətdir. Altı metr yarım hündürlükdə olan heykəlin daşı Ukraynadan gətirilib. Daşı karxanadan səkkiz tank çıxarıb. Bu maraqlı hekayəni filmdə heykəltəraşın həyat yoldaşı danışır.