04 oktyabr 2017 22:50
701

Rusiyanın Xalq Artisti: Bakı məni heyran etdi

Noyabrın 4-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksinin səhnəsində Moskva Böyük Sirkinin “UFO. Başqa planetdən gəlmiş sirk” adlı fantastik sirk şousu təqdim ediləcək.

Moskva Böyük Sirkinin bədii rəhbəri, Rusiyanın Xalq Artisti Askold Zapaşnı bu münasibətlə keçirilən mətbuat konfransında deyib: “Biz Azərbaycanda öz şoumuzu ilk dəfə göstərəcəyik. Bakıda olmaq bizim üçün şərəfdir. Tanışlığımızın maksimum maraqlı və yaddaqalan olması üçün əlimizdən gələni edəcəyik. Bizim bu tipli şoularımız çoxdur. Ümidvaram ki, əməkdaşlığımız davam edəcək və sizə müxtəlif şoular göstərəcəyik. Bakıda təqdim edəcəyimiz şou qastrol turnirimizin tərkib hissəsidir. Bakı qastrollarından sonra Türkiyəyə və Gürcüstana gedəcəyik, qışda isə həmin şounu Moskvada Lujniki arenasında göstərəcəyik.

A.Zapaşnının sözlərinə görə, şouda heyvanlar da iştirak edəcək. Artist qeyd edib ki, bu tədbirə əl atmağa onları məcbur edən heyvanların müdafiəsi üzrə müxtəlif təşkilatlar tərəfindən göstərilən təzyiqdir.

A.Zapaşnı Bakıda planlaşdırılan şou barədə söhbət açaraq bildirib ki, dünya səviyyəli bu tamaşada 70-dən çox adam iştirak edəcək. O deyib: “Bu geniş miqyaslı şou qrup halında ifa edilən çoxsaylı nömrələrdən ibarətdir. Belə nömrələr müasir sirkdə çox nadir hadisədir. Bizim üçün əsas meyar keyfiyyətdir. Şouda akrobatika, gimnastika, ekvilibristika və jonqlyorluq elementlərini təqdim edəcəyik. Bundan əlavə, işıq, lazer və səsin unikal effektindən istifadə olunur. Bizim şounun əsas fərqləndirici cəhəti isə hadisələrin dinamik inkişafı ilə səciyyəvi olan süjet xəttidir. Bizim şou ailələr üçün nəzərdə tutulub, çünki ailə müxtəlif yaşlı və müxtəlif dəyərlərə üstünlük verən insanlardan ibarət ola bilər”.

A.Zapaşnı Bakı haqqında təəssüratlarını da bölüşüb. O deyib: “Yaşa dolandan sonra bu mənim Bakıya ilk səfərimdir. Artıq yaşlı insan kimi bu şəhərə, onun adamlarına, buradakı ab-havaya, münasibətlərə qiymət verə bilərəm. Bakı məni heyran etdi. Şərqə xas olan qonaqpərvərlik və səmimiyyət məni həmişə cəlb edib. Azərbaycan kimi ölkədə adam heç vaxt ac qalmaz. Burada ev sahibi qonağın iştahla yeməsini istəyir, bu isə qonaqpərvərliyin birinci meyarıdır. Şəhəriniz qəşəng və təmizdir. Bakının idman şəhəri olması da diqqəti cəlb edir. bu, çox yaxşı faktdır”.

Adı Ginnesin rekordlar kitabına düşmüş məşhur jonqlyor Rudolf Levitski də mətbuat konfransında iştirak edib. O deyib ki, hələ Bakıdan getməyib, amma artıq buraya qayıtmaq istəyir. Artist vurğulayıb: “Deməyə söz tapmıram. Bakıdakı binaların çoxunun memarlığı öz gözəlliyi ilə insanı heyran edir”.

Mətbuat konfransının sonunda R.Levitski jurnalistlər qarşısında öz məharətini nümayiş etdirib.

“UFO. Başqa planetdən gəlmiş sirk” adlı sirk şousu noyabrın 4-də saat 13:00-da və 19:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında başlanacaq.