03 oktyabr 2017 22:33
533

Bütün zamanların ən yaxşı ssenari müəllifləri

Amerikanın “Vulture” portalı bütün zamanların ən yaxşı ssenari müəlliflərinin siyahısını tərtib edib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, siyahıda dünya kinosunun yüz dramaturqunun adı çəkilir.

Portalın rəyinə görə, ən yaxşı ssenari Billi Uaylderə məxsus "Cazda yalnız qızlardır", "Sanset bulvarı”, “İtirilmiş həftəsonu” filmləri seçilib. O, 79 kinofilmə ssenari yazıb və 27 filmin rejissoru olub. Altı dəfə Oskar mükafatına layiq görülən müəllif 2002-ci ildə 95 yaşında vəfat edib.

İkinci yerdə İtan və Coel Koen qardaşlarının birgə ssenari müəllifi olduqları "Qocalara burda yer yoxdur", "Farqo", "Barton Fink", "Yolayrıcı Miller" və "Böyük Lebovski" filmləri qərarlaşıb.

Üçüncü pilləni isə Robert Taunun yaradıcılıq məhsulu olan "Çin kvartalı" və "Yakudzoy" filmləri tutub.