27 sentyabr 2017 20:59
537

Hindistan bütün evləri günəş batareyaları ilə elektrikləşdirəcək

Hindistan 2018-ci ildə bütün evləri günəş batareyaları ilə elektrikləşdirəcək

Hindistanın Baş naziri Narendra Modi elektrikləşdirmə proqramının işə salındığını bəyan edib. Bu proqram ölkənin elektriklə təchiz olunmayan kənd və rayonlarını əhatə edəcək.

AZƏRTAC "life.ru"ya istinadla xəbər verir ki, 2018-ci ilin sonunadək kiçik evlərdə günəş batareyaları və akkumulyatorlar quraşdırılacaq.

Rəsmi qiymətləndirmələrə görə, Hindistanda 18 minədək kənd hələ də elektriklə təchiz olunmayıb. Bu problemi həll etmək üçün Baş nazir yeni proqram çərçivəsində elektrikləşdirmə üçün baza dəstini pulsuz paylamağı təklif edir. Baza dəstinə gücü 200-300 vatt olan günəş batareyası, akkumulyator, işıq diodlu lampalar, sərinkeş və s. daxildir. Proqramın ümumi dəyəri təxminən 2,5 milyard dollardır.

Bu gün Hindistanın elektrik olmayan rayonlarında kerosin lampalarından istifadə olunur. Bu lampalardan istifadə ürək-damar və ağciyər xəstəliklərinin, həmçinin xərçəng xəstəliyinin artmasına səbəb olur. Günəş batareyaları ölkə daxilində istehsal edilir və havanı çirkləndirmir.