27 sentyabr 2017 16:23
379

Kabilə elan olunmamış səfər

Pentaqonun rəhbəri və NATO-nun baş katibi Kabilə elan olunmamış səfər ediblər

ABŞ-ın müdafiə naziri Ceyms Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstanın paytaxtına elan olunmamış səfər ediblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mettis və Stoltenberq səfər əsnasında ölkə rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə müştərək mətbuat konfransı keçirəcəklər.

Bu, ABŞ-ın yeni strategiyası elan olunduqdan sonra Pentaqon rəhbərinin və NATO-nun baş katibinin Əfqanıstana ilk səfəridir.

Xatırladaq ki, avqustun 21-də Donald Tramp Fort-Mayer bazasından xalqa müraciətində ABŞ-ın Əfqanıstana dair yeni strategiyasını elan edib. Bundan sonra Vaşinqton orada yerləşən hərbi kontingentin sayı, hərbi əməliyyatların başlaması və sona çatması barədə məlumat verməyəcək.

ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildə başlayıb. Hazırda orada beynəlxalq koalisiyanın təxminən 13 min hərbçisi, o cümlədən 8,4 min amerikalı əsgər və zabit var. Onlar əsasən Əfqanıstan ordusunun təlimi ilə məşğul olur və hərbi müşavir rolunda çıxış edirlər.