27 sentyabr 2017 15:31
275

Kralın vəfatı haqqında səhv məlumat yayılıb

Norveç Teleqraf Bürosu Kralın vəfatı haqqında səhv məlumat yayıb

AZƏRTAC xəbər verir ki, Norveçin iri informasiya agentliyi – Teleqraf Bürosu Kral V Haraldın vəfatı haqqında səhv məlumatın yayılması ilə əlaqədar qalmaqala səbəb olub.

Agentliyin abunəçiləri sentyabrın 26-dan 27-nə keçən gecə yarısı Kral V Haraldın ölümü barədə məlumat alıblar.

Yerli KİV-lər xəbər verir ki, bu xəbər işıq üzü görəndən dərhal sonra agentliyin saytından çıxarılıb. NTB-dən bildiriblər ki, 80 yaşlı monarxın vəfatı ilə bağlı xəbər sistemdəki texniki nasazlıq üzündən sızıb. Agentlik yol verilən səhvə görə üzrxahlıq edib və V Haraldın sağ-salamat olduğu barədə məlumat verib.

NTB-nin baş redaktoru Mads İnqve Storvik öz müraciətində deyib: “Çox acınacaqlı haldır ki, Kralın ölümü haqqında səhv məlumat vermişik. Biz, NTB işçiləri baş vermiş hadisəyə görə çox üzgünük”.

O, izahat verərək bildirib ki, agentlik monarxın ölümü haqqında qabaqcadan hazırlanmış materialı təsadüfən yayıb. M.İ.Storvik bunu agentliyin bütün mümkün hallara hazır olması istəyi kimi izah edərək deyib: “Redaksiya heyəti tanınmış adamların çoxu haqqında sorğu hesabatları və nekroloqlar hazırlayıblar. Bu məlumat müntəzəm olaraq yenilənir və saxlanılır. Xəbər də məhz belə yenilənmə zamanı səhvən yayılıb”.