26 sentyabr 2017 23:26
732

“Qarabağ” UEFA Çempionlar Liqasında ilk ev oyununa çıxır

Sentyabrın 26-da Azərbaycan tarixin yaddaşlarından heç vaxt silinməyəcək növbəti gününü yaşamaqdadır. Tarixi torpaqlarımız olan Qarabağın adını daşıyan “Qarabağ” futbol klubumuz məhz saat 20:00-da Avropanın ən nüfuzlu turniri sayılan Çempionlar Liqası (ÇL) çərçivəsində ilk ev oyununa çıxır. Bununla “Qarabağ” Azərbaycanı nəinki Avropada, hətta bütün dünyada daha da yaxından tanıtmaqla yanaşı, futbolsevərlərin hər zaman mavi ekranlardan izlədiyi ən güclü klubları, ən məşhur futbolçuları da Bakıya gətirir. Bakı Olimpiya Stadionuna gələcək ilk qonaq isə İtaliyanın köklü “Roma” klubudur. Futbol ictimaiyyəti, idmanla maraqlanan şəxslər bu qarşılaşmanı təbii ki, böyük həvəslə gözləyirlər. Maraqlıdır, bəs ictimai və siyasi təşkilatların necə, ümumiyyətlə, bu sahədə çalışan gənclərin fikirləri necədir? Bu suallara cavab almaq üçün “İki sahil” qəzeti olaraq bir neçə şəxsə müraciət etdik.

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyi sədrinin səlahiyyətlərini icra edən Fəsli Nəbiyev bu uğuru ölkəmizdə idmana, eləcə də futbola diqqətin artması ilə əlaqələndirərək fikirlərini belə izah etdi: “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ölkə Prezidentinin idmanın hər bir sahəsinə olduğu kimi, futbolun inkişafınada göstərdiyi diqqət və qayğının məntiqli nəticəsidir. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin “Qarabağ”ın heyətini qəbul etməsi və Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılması faktı Azərbaycanda futbolun inkişafı baxımından böyük bir stimul olacaq. Eyni zamanda “Qarabağ” futbol klubunun tarixi qələbəsi Qarabağ həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılmasında, Azərbaycanın haqlı mövqeyinin təbliğ olunmasında mühüm əhəmiyyat kəsb edir. Ümid edirik ki, “Qarabağ”ın timsalında bütün futbol komandalarımız göstərilən diqqəti layiqincə doğruldacaq və ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edəcəklər”.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəalı İlahə Ağazadə “Qarabağ”ın qələbəsinin Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən böyük tarixi qələbə olduğunu qeyd etdi: “Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə ilk dəfə vəsiqə qazanan komanda olması aysberqin yalnız görünən tərəfi idi. Bu qələbənin kökündə isə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsi durur. İlk növbədə, dünya mediasında  “Azərbaycanın “Qarabağ” futbol komandası” ifadəsinin işlədilməsi hər kəsin şüuraltında Qarabağın Azərbaycanın əzəli torpağı olması fikrini möhkəmləndirdi. İkinci növbədə isə ermənilər bir daha ölkəmizin hər sahədə onlardan güclü olmasına şahidlik etdilər. Qarabağ adını şərəflə daşıyan komandamızın bundan sonra da ölkəmizi layiqincə təmsil etməsini arzulayırıq”.

Ölkənin ən avanqard partiyası olan YAP-ın digər fəal üzvü Nigar Mahmudova bildirdi ki, futbola xüsusi marağım olmasa da, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası “Qarabağ” klubunun tarixi qələbəsi hər birimizdə böyük qürur hissi yaratdı: “Hər zaman Azərbaycan idmanının himayədarı olmuş cənab Prezident İlham Əliyev bu qələbəyə layiqli qiymət verdi. Prezident İlham Əliyevin “Qarabağ” futbol klubunun heyətini qəbul etməsi və  2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılması bu qayğının sübutudur. Futbolumuzun inkişafına verilən bu dəstəyin tezliklə özünü doğruldacağına və ökəmizdə futbolun daha da inkişaf edəcəyinə əminik”.

Taleh Bağırov, “İki sahil”