26 sentyabr 2017 14:01
561

Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb

Azərbaycanın qadın voleybolçuları Almaniya millisinə qalib gələrək Avropa çempionatının dörddəbir finalına yüksəliblər 

Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddəbir finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə üstün olub. Lakin ikinci setdə təşəbbüsə yiyələnən Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1. Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində milli komandamız ümumi hesabda irəli çıxıb - 2:1. Matçın dördüncü seti də yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb – 25:18.

Beləliklə, “A” qrupunda keçirdiyi üç görüşün hamısında parlaq qələbə qazanaraq ən yüksək nəticə göstərən Azərbaycan voleybolçuları dörddəbir finala birbaşa vəsiqəni təmin ediblər.

Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. “A” qrupundan Polşa və Almaniya yığma komandaları mübarizəni pley-offda davam etdirəcəklər.

Dörddəbir finala birbaşa vəsiqənin digər sahibləri isə İtaliya, Rusiya və Serbiya milli komandalarıdır.