25 sentyabr 2017 19:48
500

“Azərbaycan dili” kurslarının dinləyicilərinə sertifikatlar verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rus pravoslav kilsələrində rusdilli vətəndaşlar üçün təşkil edilmiş təlim kursunu uğurla bitirən dinləyicilərə sertifikatlar verilib.

Bilik Fondundan bildiriblər ki, tədbirdə bu qurumun icraçı direktoru Oqtay Səmədov, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata və kursa yeni qatılan dinləyicilər iştirak ediblər.

O.Səmədov layihənin ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərindən irəli gəldiyini vurğulayaraq rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək həvəsini və istəyini yüksək dəyərləndirib.

Arxiyepiskop Aleksandr Ata Bilik Fondunun həyata keçirdiyi bu layihənin artıq iki ildir ki, Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayıldığını və rəğbətlə qarşılandığını bildirib.

Sertifikatların təqdim olunmasından sonra “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində yeni kursun başlandığı elan edilib.

Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsinə əsasən kilsədə rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur. Kilsənin də dəstək verdiyi təlimlərə qatılmaq istəyənlərin sayı durmadan artır. İlkin mərhələdə 2015-cü ilin fevralından başlayaraq Mixail-Arxangel Kilsəsində təlimlər keçirilib. Təlimçilər müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlərdir. Dinləyicilərə Azərbaycan dilinin qaydalarının tədrisi ilə yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil edilir, dinləyicilər teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.

“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, dövlət dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaqdır.