25 sentyabr 2017 19:29
586

Türkiyə referenduma görə İraq Kürdüstanı ilə vuruşmayacaq

Türkiyə Şimali İraq muxtar rayonunda keçirilən müstəqillik haqqında referenduma görə müharibə etməyə hazırlaşmır, lakin öz milli təhlükəsizliyini təmin etmək üçün lazım gələn addımları atacaq.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu bazar ertəsi günü Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.

Bu gün İraq Kürdüstanında müstəqillik haqqında referendum keçirilir. Bağdad və dünyanın bir çox dövlətləri qəti surətdə referendumun əleyhinə çıxırlar. Bu ərəfədə İran və Türkiyə Şimali İraq muxtar rayonu ilə sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb. Bundan əlavə, İran hava məkanını muxtariyyətlə təyyarə uçuşlarına bağlayıb. Rəsmi Bağdad xarici dövlətlərdən tələb edir ki, Şimali İraq muxtar rayonu ilə bütün sərhəd keçidlərini Bağdadın nəzarətinə versinlər və bütün neft sövdələşmələrini yalnız onunla aparsınlar.

“Qoy vətəndaşlarımız narahat olmasın, biz müharibəyə başlamırıq, lakin milli təhlükəsizliyimizi qoruyacağıq”, - deyə Binəli Yıldırım jurnalistlərə bildirib.

Bir qədər əvvəl isə Türkiyə XİN Ankaranın Şimali İraq muxtar rayonunda keçirilən plebisitin nəticələrini tanımayacağı barədə bəyanat yayıb. Bəyanatda, həmçinin bildirilir ki, “referendumun keçirilməsi nəinki İraqda, həmçinin bütün regionda sülh və sabitliyi təhlükə altında qoyur”.

Türkiyə hökuməti “Habur” sərhəd-keçid məntəqəsində əlavə təhlükəsizlik tədbirləri görməkdədir. Gömrük və ticarət naziri Bülent Tüfenkçi Anadolu agentliyinə açıqlamasında bildirib ki, İraqdan gələnlərin sərhəddən keçidinə nəzarət gücləndirilib.