25 sentyabr 2017 19:21
532

Tokionun qubernatoru yeni siyasi partiyaya rəhbərlik edəcək

Sentyabrın 25-də Tokionun qubernatoru Yuriko Koike tərəfdarları ilə birlikdə yeni siyasi partiyanın yaradılması və ona rəhbərlik etmək planları barədə bəyanat verib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni partiyanın yaradılmasında ona parlamentin aşağı palatasının deputatı Masaru Vakasa və sabiq ətraf mühit naziri Qoşi Hosono yardım edəcəklər.

Bu barədə bəyanat Baş nazir Şinzo Abenin sentyabrın 28-də parlamentin aşağı palatasını buraxacağı və növbədənkənar seçkilər təyin edəcəyi barədə yayılan məlumatlardan sonra səslənib. Y.Koike jurnalistlərə bildirib ki, yeni partiya “Kibu yox” (“Ümid Partiyası”) adlanacaq.

Hazırda tutduğu qubernator vəzifəsinə gəlincə, Y.Koike bildirib ki, o, bu sahədə işini davam etdirərək daha böyük uğurlar qazanmağa çalışacaq.

M.Vakasa daxil olmaqla, parlamentin yeddi deputatının həftəsonu bir araya gələrək yeni partiyanın platformasını müzakirə etdiyi də bildirilir. Qrup üzvlərinin yeni partiyanın yaradılmasını sentyabrın 27-də elan edəcəyi gözlənilir.