22 sentyabr 2017 23:36
1870

"Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri"

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi  layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) «Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri» mövzusunda seminar keçirildi.

ATMU-nun rektoru İlham Mədətov seminar iştirakçılarını salamlayaraq mövzunun əhəmiyyətini vurğuladı, bu mövzunun müzakirəsinin təqdirəlayiq hal olduğunu qeyd etdi.

Seminarda iqtisadçı-ekspert Vüqar Bayramov «Əsrin müqaviləsi» və onun Azərbaycan Respublikasının müasir həyatında əhəmiyyəti», «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə «Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlandırılması», ATMU-nun İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev «Neft amili və  onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri» mövzularında məruzələrlə çıxış etdilər.

Məruzələrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatında əvəzolunmaz rolundan, onun ölkənin ictimai həyatının müxtəlif sahələrinə əsaslı təsirindən danışıldı, neft strategiyasının müxtəlif aspektləri təhlil edildi. O da qeyd olundu ki, sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması bir daha təsdiq edir ki, ölkəmizin kifayət qədər neft ehtiyatları vardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi  layihə çərçivəsində keçirilən seminarda qeyd olundu ki,  müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası Azərbaycan dövlətinin müasir durumunun təmin edilməsində mühüm rol olnayıb. Bu gün dövlətimizin düzgün iqtisadi inkişaf kursu sayəsində Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir. Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilməklə həm bölgədə, həm də dünya miqyasında öz sözünə və sanbalına malik bir dövlət kimi tanınmaqdadır.

Məruzələr ətrafında çıxışlarda mövzu ilə bağlı ətraflı müzakirələr aparıldı, Azərbaycanın maraqlarının dünyada daha geniş  dəstəklənməsi istiqamətində fəal iş aparılmasının vacibliyi vurğulandı.

Orxan Vahidoğlu, 
Vüsal Cahanov (foto), «İki sahil»