22 sentyabr 2017 22:05
887

Qaradağ rayonunda sənaye ən dinamik inkişaf edən sahədir

Son illərdə Qaradağ rayonunda  genişmiqyaslı  islahatların həyata keçirilməsi, yeni müəssisələrin yaradılması nəticəsində iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə  əhəmiyyətli nəticələr əldə olunmuşdur. 2017-ci ilin birinci yarısında da əvvəlki dövrlərdə  olduğu kimi, sənaye ən dinamik inkişaf edən sahə olmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial -iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər, bu sahədə aparılan digər tədbirlər rayonda qeyri-neft sahələrinin və emal sənayesinin inkişafına təkan vermişdir. Fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2017-ci ilin altı  ayı ərzində 459,3 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 20,1 faiz  çoxdur. Rayon üzrə fəaliyyət göstərən mədənçıxarma sənaye müəssisələri tərəfindən isə bu ilin yanvar-iyun aylarında 199,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu keçən ilin müvafiq dövrünə  nisbətən 44,3 faiz çoxdur.

Sənayenin inkişafında qeyri-dövlət  sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən 2017-ci  ilin yanvar-iyun ayları  ərzində 202,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu ümumi məhsulun 44,1 faizi qədərdir.

Sosial-iqtisadi infrastruktur sahələrindən biri olan nəqliyyat sektoru cəmiyyətin inkişafında mühüm rol oynayır. 2017-ci ilin altı ayı ərzində Qaradağ rayonunda nəqliyyat müəssisələri tərəfindən 37,1 milyon manatlıq iş görülmüş və xidmətlər göstərilmişdir ki, bu keçən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çoxdur.

Hesabat dövründə rayon iqtisadiyyatına 150,1  milyon  manatlıq investisiya qoyulmuşdur. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur. Bu investisiyanın 27,5  faizi yəni 41,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Təqdirəlayiq haldır ki, cari ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 339,0  milyon manat olmuşdur. Bu keçən ilin müvafiq dövrünə nisbətən  42,7 faiz çoxdur.

Bu ilin üç ayı ərzində rayonda muzdla işləyən işçilərin orta aylıq nominal əmək haqqı  956,4  manat olmuşdur ki, ondan mədənçıxarma sənayesində  1249,1 manat, emal sənayesində 1775,6 manat, tikintidə isə 1187,7 manat olmuşdur. 

2017-ci  ilin yanvar-iyun ayları  ərzində parakəndə ticarət müəssisələri üzrə əmtəə satışı 765,4  milyon manata bərabər olmuşdur ki, bu keçən ilin müvafiq dövrünə nisbətən 61,9  faiz təşkil edir.  Əhaliyə göstərilən pullu xidmətin dəyəri isə  52,1 milyon manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 85,3 faiz təşkil etmişdir.

Rayonda sosial sahənin inkişafı da təmin edilir. Belə ki, bütün qəsəbələrdə təmir-abadlıq işləri yerinə yetirilir, yeni məktəblər, uşaq bağçaları və səhiyyə ocaqları yenidən əsaslı təmir olunur.

Ş.Fərzəliyeva,

Qaradağ Rayon Statistika Şöbəsinin rəisi