22 sentyabr 2017 19:52
631

Yeni məktəb binası istifadəyə verilib

Qubanın Ərməki kəndində yeni məktəb binası istifadəyə verilib

Sentyabrın 22-də Qubanın Ərməki kəndində yeni məktəb binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, ikimərtəbəli, 132 şagird yerlik təhsil ocağının açılış mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə elm və təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu sahənin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını vurğulayıblar. Bildirilib ki, son illər Qubada da müasir tipli yeni məktəb binalarının inşası geniş vüsət alıb. Ötən 14 ildə rayonda 70-ə yaxın yeni məktəb binası, 5 bağça tikilib, 10-a yaxın bina isə əsaslı təmir olunub. Hazırda rayonun 4 kəndində yeni məktəb binaları tikilməkdədir.

Ərməki kəndində inşasına 2014-cü ildə başlanılan təhsil ocağı müasir standartlara cavab verən avadanlıqla təmin olunub. Binada istilik sistemi qurulub. Dövlət vəsaiti hesabına inşa olunan təhsil ocağında 11 sinif otağı ilə yanaşı, idman zalı, kitabxana, laboratoriya, kompüter, eləcə də psixoloq və tibb otağı fəaliyyət göstərəcək. Məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin keyfiyyətli tədrisi üçün xüsusi otaq yaradılıb və lazımi əyani vəsaitlərlə təmin edilib.

Mərasimdə çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə müəllim və şagirdlərin, kənd ağsaqqallarının təbriki, xeyir-duası dinlənildikdən sonra yeni təhsil müəssisəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib. Mərasim iştirakçıları məktəb binasında tədris üçün yaradılan şəraitlə yaxından tanış olublar.