22 sentyabr 2017 18:29
950

DMX rəisi Firudin Nəbiyev Xorvatiyada səfərdədir

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səfər çərçivəsində Xorvatiya Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin əhəmiyyəti qeyd edilib və hər iki ölkənin mövcud dostluq əlaqələrinin və əməkdaşlığın daha da yüksəlməsində və genişlənməsində maraqlı olduğu vurğulanıb. Dövlət başçıları səviyyəsində mütəmadi görüşlərə toxunulub, 2016-cı ildə Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Bakıya rəsmi səfəri, beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevlə görüşləri, miqrant – qaçqın böhranı və bu insanlara yardım göstərilməsi sahəsində həmfikir olduqlarının önəmi diqqətə çatdırılıb. Bildirilib ki, görüşlərdə hər iki tərəfin iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, sosial yardım, mədəni, gənclər və idman sahələrində hərtərəfli əməkdaşlıqda maraqlı olduğu vurğulanıb ki, bütün bunlar Xorvatya ilə Azərbaycanın miqrasiya sahəsində də əməkdaşlığını zərurətə çevirib.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanı olan DMX barədə məlumat verib. Qeyd edib ki, dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. 2012-ci ildən Bakı və Yevlax şəhərlərində DMX-nin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzləri fəaliyyət göstərir. Mərkəzin beynəlxalq standardlara və normalara uyğun fasiləsiz fəaliyyəti üçün tam şərait yaradılıb. Burada könüllü və ya məcburi yerləşdirilən miqrantların hüquqları və vəzifələri ilə bağlı zəruri qanunvericilik aktları qəbul edilib.

F.Nəbiyev deyib ki, Azərbaycan ilə Xorvatiya arasında indiyə kimi müxtəlif sahələri əhatə edən 20-yə yaxın ikitərəfli saziş imzalanıb. Bu gün miqrasiya sahəsində də belə bir əməkdaşlıq sazişinə ehtiyac var. Bununla belə, 28 fevral 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş Brüssel şəhərində imzalanıb və 01 sentyabr 2014-cü ildə qüvvəyə minib. Eyni məzmunlu sazişlər İsveçrə, Norveç və Monteneqro Hökumətləri ilə də imzalanıb. Sazişlərə əsasən 2014-cü ildən hazırkı dövrədək 324 nəfər Azərbaycan Respublikası vətəndaşı readmissiya olunub. Beynəlxalq tərəfdaşlarla birgə beynəlxalq layihələr çərçivəsində readmissiya olunmuş Azərbaycan vətəndaşlarının reinteqrasiyasına  Xidmət tərəfindən önəm verilir. Doğrudur, indiyə qədər Xorvatiyadan readmissiya olunan Azərbaycan vətəndaşı olmayıb.

Xidmət rəisi qeyd edib ki, humanist miqrasiyanın miqrantlar və cəmiyyət üçün faydalı olacağı nəzərə alınaraq, ötən il Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” imzalanıb. Hazırda, Sazişin icrası ilə bağlı iş aparılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi məlumat verib ki, biləvasitə ölkə prezidentinin təşəbbüsü ilə əcnəbilərin Azərbaycana gəlməsi və getməsi ilə bağlı sadələşdirilmiş prosedur tətbiq edilir. Belə ki,  2017-ci ilin əvvəlindən “ASAN Viza” sisteminin tətbiqi nəticəsində üç gün, o cümlədən  üç saat ərzində turist vizasının alınması mümkündür.

Ermənistanın Azərbaycana təcavüzündən və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyindən söhbət açan F.Nəbiyev bildirib ki, ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 6,2 milyard manat vəsait xərclənib. Azərbaycan Hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sоsial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sоsial, mənzil-məişət prоblеmlərinin həlli istiqamətində tədbirlər bu gün də davam etdirilir. Bu məqsədlə 100-ə yaxın müasir qəsəbə salınıb. Bu qədər ağır yükü olan Azərbaycanda Dövlət Miqrasiya Xidməti qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını 2008-ci ildən mükəmməl şəkildə təmin edir. 2013-cü ildə Dövlət Miqrasiya Xidməti Avropa Komissiyası və BMT QAK tərəfindən birgə maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinə qoşularaq, layihə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir.

Sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında qüvvəyə minmiş  readmissiya Sazişindən irəli gələrək,  Xorvatiya Respublikası ilə  sözügedən Sazişin İcra Protokolunun imzalanması məsələsi müzakirə olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Zaqrebdə Xorvatiyanın Əhali, Ailə, Gənclər və Sosial Siyasət Nazirliyinin rəhbərliyi ilə də görüşüb.

Görüşdə diqqətə çatdırılıb ki, bu gün dünyada əhali, ailə, gənclər və sosial siyasət məsələləri dövlətlərin həssas yanaşdığı sahələrdir. Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, bundan irəli gələrək, Azərbaycanda da demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın tənzimlənməsini təmin etmək məqsədilə mühüm tədbirlər görülür. Azərbaycan dövlətinin həyata keçirdiyi  gənclər siyasəti nəticəsində ölkəmiz bir sıra mühüm uğurlar əldə edir. Prezident İlham Əliyev tərəfindən bu günlərdə Azərbaycan gəncliyi ilə bağlı sayca üçüncü, 2017-2021-ci illəri əhatə edən növbəti Dövlət Proqramının imzalandığını deyən F.Nəbiyev bu sənədin gənclərin şəxsi inkişafına, ölkə səviyyəsində geniş tərkibli işlərin aparılmasına təkan verəcəyini konkret faktlarla əsaslandırıb.

Xidmət rəisi bildirib ki, ailə münasibətlərinin insan həyatının mühüm aspektlərindən birini təşkil etməsi nəzərə alınaraq,  Azərbaycan dövləti tərəfindən ailə dəyərlərinin qorunmasına dair qanunlar qəbul edilir,  xüsusilə də uşaq hüquqları, ailə siyasəti və gender bərabərliyi sahələrində ölkəmizdə dövlət siyasəti həyata keçirilir.

F.Nəbiyev  məlumat verib ki, ilk dəfə Azərbaycanda qəbul olunmuş və 1 avqust 2013-cü ildən qüvvədə olan Miqrasiya Məcəlləsində də ailə birləşməsi prinsipinə  xüsusi yer verilib. Məcəlləyə əsasən Azərbaycan vətəndaşı ilə nikahda olan yoluxucu xəstəlik daşıyıcısı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə yaşamaq icazəsi verilməsində də güzəşt tətbiq edilir.

Bununla yanaşı DMX-nin təşəbbüsü ilə 2017-ci ildə qanunvericiliyə dəyişikliklər edilərək, ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxsin qaçqın statusu almaq niyyəti olduqda DMX-ya müraciət etməsi proseduru və onların sosial müdafiəsi, hüquq və mənafeləri ilə bağlı məsələlərə aydınlıq gətirilib. Hazırda, belə şəxslər  ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur.

DMX-nin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin fəaliyyəti haqqında danışan Xidmət rəisi deyib ki, Miqrasiya Məcəlləsi və 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”na əsasən əcnəbilər Mərkəzdə xüsusi yaşayış otaqlarında bir ailəyə mənsub olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar. Mərkəzdə məcburi saxlanılanlar könüllü saxlanılanlardan, ailə üzvləri istisna olmaqla qadınlar kişilərdən, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan ayrı yerləşdirilirlər.

İstər ölkəmiz, istərsə də miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlərə dair məlumat görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində Xaricdə Yaşayan Xorvatlar üzrə Mərkəzi Dövlət İdarəsi rəhbərliyi ilə görüş olub. İdarənin fəaliyyəti ilə tanışlıq və geri qayıtmış və readmissiya olunmuş xorvatların reinteqrasiyası, məşğulluğunun təmini və sosial müdafiəsi ilə bağlı Xorvatiyanın təcrübəsinin öyrənilməsi məqsədilə keçirilən görüşdə DMX rəisi bildirib ki, ölkəmizdəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması məqsədi ilə 2009-cu ildə yaradılmış Dövlət Miqrasiya Xidmətinin  Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edilir.

F.Nəbiyev diqqətə çatdırıb ki, Xidmət tərəfindən readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı həmin şəxslərə mütəmadi olaraq hüquqi yardım göstərilir. Bununla belə, readmissiya olunmuş vətəndaşlarla keçirilən sorğular və  onların Xidmətə müraciətləri əsasında cəmiyyətə səmərəli və dayanaqlı sosial-iqtisadi reinteqrasiyaları istiqamətində ehtiyaclarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirlikləri və digər dövlət orqanları, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və əməli tədbirlər görülür.

DMX miqrasiya sahəsində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir və hazırda bir sıra ölkələrlə miqrasiya sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması istiqamətində iş aparır deyən Xidmət rəisi Avropa İttifaqı ilə qüvvəyə minmiş  readmissiya Sazişindən irəli gələrək,  Azərbaycan ilə Xorvatiya arasında sözügedən Sazişin İcra Protokolunun imzalanması məsələsinin müzakirəsinə dair söhbət açıb.

Görüşdə miqrasiya proseslərinin tənzimlənməsi, readmissiya və reinteqrasiya məsələləri ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilib.