22 sentyabr 2017 16:44
613

Qasırğa Dominika Respublikasını da vurdu: 15 ölü

“Mariya” qasırğası Dominika Respublikasında 15 nəfərin həyatına son qoyub

“Mariya” qasırğası Karib dənizində yerləşən Dominika adasında 15 nəfərin ölümünə səbəb olub. Təbii fəlakət nəticəsində, həmçinin 20 nəfərin də itkin düşdüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, Univision nəşrinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, dördüncü təhlükə səviyyəsinə enən qasırğa ada dövlətin ərazisində yüzlərlə evi dağıdıb və zədələyib.

Dominika Respublikasının Baş naziri Ruzvelt Skerrit adada evlərin və məktəblərin xarabalığa çevrildiyini, telekommunikasiyanın pozulduğunu, ölkənin əsas xəstəxanasının elektrik enerjisiz qaldığını bildirib.

Baş nazir hazırda respublikanın təqdim oluna biləcək bütün yardımlara ehtiyac duyduğunu vurğulayıb.

“Mariya”nın zərbəsinə ilk olaraq məruz qalmış Puerto-Rikoda da analoji vəziyyət hökm sürür. BBC agentliyi qasırğa nəticəsində burada 12 nəfərin həlak olduğu xəbərini yayıb.