22 sentyabr 2017 14:28
1024

Dövlətimizin mənə verdiyi adı doğrulduramsa xoşbəxtəm

Müsahibimiz Əməkdar artist Gülüstan Əliyevadır

- Qaynar yay fəsli artıq geridə qaldı və bütün sahələrdə yeni mövsüm başladı. Maraqlıdır, sizin üçün bu yay necə yadda qaldı və yeni mövsümə hansı yeniliklərlə başlayırsınız?

-Bu il yay fəsli çox isti keçdi. Dincəlmək istəsək də alınmadı. Sentyabrın 1-dən teatrda yeni mövsümü açıq elan etdik. Bildiyiniz kimi, mən həm də pedaqoji fəaliyyətlə məşğulam. Yeni tələbələrimiz var. Baxmayaraq ki, konservatoriyada dərs dediyimiz tələbələrin əksəriyyəti bizimlə çiyin-çiyinə çalışır. Bir müəllim kimi bu məni çox qürurlandırır.

- Gülüstan xanım, daim üzərinizdə işləyirsiniz. Səhnə, teatr, televiziya, müəllimlik və s. Maraqlıdır, işin çoxluğu sizi yormur?

-Bu yorğunluq mənim üçün çox xoşdur. Təki çox işləməkdən yorulaq. Sevdiyin peşədə çox çalışıb yorulmaq və əldə etdiyin nailiyyətin dadını hiss etmək böyük bir səadətdir.

- Hansı sahə sizin üçün daha doğmadır?

-Əslində hamısı sənətimin qollarıdır. İstər teatr, istər səhnə, istər televiziya, istərsə də konsertlər. Bütövlükdə incəsənətimizi, muğamlarımızı təbliğ edirəm. Onları tələbələrimə öyrədirəm. Düşünürəm ki, bununla Azərbaycan mədəniyyətinə bir töhfə vermiş olaram.

- Sizi hər zaman efirdə baxımlı, gülərüz görmüşük. Ola bilməz ki, sizin də çətinliyiniz olmasın. Yəqin uğur formulunu düzgün seçməyinizin nəticəsidir ki, biz bu çətinliyin yaratdığı mənfi enerjini sizdə görməmişik. Bu uğur formulu necə inkişaf edib?

- Bilirsiniz, səhnə insanı üçün ən böyük uğur onun təbəssümüdür. Əgər sən səmimi qəlbdən gülümsəməyi bacarırsansa, fərqi yoxdur hansı sahədə çalışırsan. Bu, daha vacibdir. Ona görə də bu təbəssümü hər zaman qoruyub saxlamağa çalışırıq. Bizim bir missiyamız da insanlara müsbət enerji ötürməkdir. Əlbəttə ki, nə qədər yorğun, yuxusuz, əzgin olmağımıza baxmayaraq, həmişə bu şarmı özümüzdə saxlamalıyıq. Bunun da ən böyük şərti təbəssümdür.

- Bəs işıqlardan, kameralardan, onu sevənlərin aşırı diqqətindən yorulub, öz otağına çəkilib, qaranlıqda özü ilə tək qalmaq istəyən, özünə hesabat verən bir Gülüstan xanım da olurmu?

-Təbii ki. Yəqin ki, bütün sənət dostlarımızda belədir. Oğlum balaca idi. Hərdən gəlib görürdü ki, mən otaqda işığı söndürüb oturmuşam. Bu mənzərə ona çox qəribə gəlirdi. Əlbəttə, o məni başa düşmürdü. Amma çox vaxt istəyirdim ki, işıqlardan, insanlardan, günün ağırlığından uzaqlaşım. Bu gün də belə anlar olur. Amma indi daha çox dostlarımla dincəlməyi sevirəm. Amma təbii təklik bəzən daha yaxşı təsir bağışlayır.

- Tək qalanda ən böyük ümidiniz, təsəlliniz nə olur? Sizi böyük mənada həyata bağlayan nədir?

- Tək qalmaq bir növ insanın özünün-özünə hesabatıdır. Tək qalanda özün haqqında düşünmək üçün vaxtın olur. Ətrafında çox insan olanda özünü düşünə bilmirsən. Düşünürsən ki, arxada qoyduğun illərdə, günlərdə nəyi düz etdim, səhv etdim və s. Düşünürəm ki, kimliyindən asılı olmayaraq bu hesabat hər bir insan üçün lazımlıdır. Belə olanda insan daha dürüst olur. Həm özünə, həm də ətrafındakılara. Səhvlərini düzəldirsən, insanlara qarşı münasibətini dəyişirsən.

- Qadın müğənnilər arasında sayılan simasınız. Respublikanın Əməkdar artistisiniz. Necə düşünürsünüz, arzuladığınız yerdəsinizmi?

- Allahın hər bir gününə şükür edirəm. İnsan şükürlü olmalıdır. Bir yola çıxdığın zaman qarşında hədəflərin, prinsiplərin və mübarizə gücün olmalıdır. Əlbəttə ki, bir zamanlar arzulayırdım ki, görəsən nə vaxtsa mənim də adım opera afişasında olacaqmı ki, Leyli rolunu Gülüstan Əliyeva ifa edir. Bilirsiniz , hər bir arzu, xəyal üçün çalışmaq, vuruşmaq lazımdır. Harada olursan ol, əgər sənin hədəfin, prinsipin və mübarizə gücün yoxdursa, həyatda heç nəyə nail olmayacaqsan. Bir məsəldə deyilir ki, o əsgər ki, general olmağı düşünmür, o yaxşı əsgər deyil. Əlbəttə, bizim hamımız bu sənətin əsgərləriyik. Sıravi bir əsgər kimi başlamışıq, kiçik-kiçik addımlar atmışıq. Pillə-pillə hədəflərimizə çatmışıq. Bu gün mən respublikanın Əməkdar artistiyəmsə, dövlətimizin mənə verdiyi bu adı layiqincə çiyinlərimdə daşıya bilirəmsə, deməli, mən xoşbəxt insanam. Ola bilər ki, mən bu gün qarşıma qoyduğum hədəflərin hamısına çatmamışam. Amma bunun üçün çalışmaq lazımdır. Hər bir şey tamaşaçı tərəfindən görünür. Məşhur bir biznesmenin maraqlı bir fikri var. Deyir ki, arzular bizim gələcək həyatımız üçün həyatdan aldığımız kreditlərdir. Bu kreditlər nə qədər çoxdursa, deməli, yaşamağa, bu arzular üçün vuruşmağa dəyər. Əlbəttə ki, bu fikir bir az mübaliğəli, bir az da bədiiləşmiş sözdür, amma hər bir sözün arxasında böyük həqiqət var. Hədəflərin, arzuların nə qədər yüksəkdirsə, deməli, ora qədər getməyi bacarmalısan.

-Gülüstan xanım dediniz ki, pillə-pillə gəlib bu yerlərə çatmısınız. Güc və dözümün sayəsində qazanmısınız. Sənətinizin bir qadın üçün çətinliyi daha çoxdur. Yəqin ki, pillə-pillə gəlmişəm dediyiniz o yerlərdə rastlaşdığınız çətinliklər də az olmayıb?

- Bilirsiniz, gənclik illərində insan daha çox dözümlü olur. Daha doğrusu, çox şeyləri başa düşmür, anlamır. Və necə bir ağırlığın altına girdiyini, kimlərlə qarşı-qarşıya gəldiyini dərk etmir. Düşünürdüm ki, mən ali təhsilli bir qızam, yaxşı səsim var, səhnə görkəmim var, çalışıb bütün bu işlərin öhdəsindən gələcəyəm. Amma çox-çox illər sonra keçdiyim o yaradıcılıq yolumu öz-özümə təhlil edəndə fikirləşirdim ki, nə yaxşı ki, mən işlədiyim sahələrdə çox şeyləri bilməmişəm. Bəlkə də mən bu şeyləri bilsəydim, həmin yerlərdə duruş gətirə bilməzdim. Sonralar fikirləşəndə əmin oluram ki, bəlkə də illər əvvəllər mənim arxamdan çevrilən işlərdən xəbər tutsaydım, həmin yerlərdə qalmağa tab gətirə bilməzdim. Düzdür, arxadan zərbələr bu gün də var. Sadəcə olaraq mən öz yolumla getdim və bununla da həmin insanlara qarşı mübarizə apardım.

- Sənət yoldaşlarınız arasında özünüzə dost bildiyiniz simalar varmı?

- Yoxdur.

-Ümumiyyətlə, dost anlayışı sizin üçün nə məna kəsb edir?

-Dost çox böyük bir məfhumdur. Ümumiyyətlə, əsl dost olmağı bacarmaq çox çətindir. Anam savadsız bir qadın idi, amma o sanki oxumamış alim idi. Həmişə anamdan danışanda dahi şairimiz Bəxtiyar Vahabzadənin bir misrası yadıma düşür: Mənim şair anam, bəstəkar anam. Anam deyirdi ki, bala, dostluq üç almadır. Əgər o almanın ikisi dostunda getsə, deməli, sən dostluq etməyi bacaracaqsan. Yox, əgər hər dəfə almanın ikisini götürüb, birini dostuna verəcəksənsə, heç vaxt dostun olmayacaq. Yəni bu misal əslində çox sadədir. Amma nə qədər böyük bir hikməti var. Əslində dostunla dərdini, həyatını, yaxşını bölüşürsən. İstəyirsən ki, hər şeyin yaxşısı dostunda olsun. Sənətdə olmasa da şükür ki, həyatımda belə dostlarım var.

-Çox vaxt deyirlər ki, qadınların dostluğu alınmır. Hansı məqamda paxıllıq mütləq özünü büruzə verir.

-Əslində çox düzgün vurğulayırsınız. Həyatda ideal insan yoxdur. Hər kəs başqa xarakterdədir. Mənim son 10 ildə şüarım budur ki, heç vaxt qarşındakını özün kimi bilmə. İdeal insan olmadığı kimi, ideal dost da yoxdur. Yəni qarşındakını yaxşıları və pisləri ilə qəbul etməyi bacarırsansa, onda dostluğu bacaracaqsan. Əgər dostunun müsbətləri mənfilərindən daha çoxdursa, onu o mənfiləri ilə də qəbul edirsən. Bir də görürsən ki, 20-25 il sonra qarşındakı insanın xarakteri tamam dəyişib. Mənim həyatımda belə bir şey baş verdi. 30 ildən artıq dostluq etdiyim, özümə dost bildiyim insanın ani bir məqamda elə bir xarakterini kəşf etdim və başa düşdüm ki, əslində onu heç tanımamışam. Həmişə onu ailəmdən də, bacılarımdan da, qohumlarımdan da yaxın bilmişəm. Təbii ki, mənim üçün böyük zərbə oldu. 10-15 ildən sonra boşanan ailələri heç vaxt qəbul edə bilmirdim ki, necə ola bilər ki, 20 il bir yerdə yaşayasan sonra da boşanasan. Bax onun cavabını bu il anladım. Sən demə, bu, mümkün imiş. Çətin oldu. Ətrafımızdakı insanları zaman içərisində tanıyırıq. Dostluq da belə bir şeydir.

- Sanki yaş artdıqca xarakter, xasiyyət də dəyişir, elə deyilmi?

- Əslində xarakter dəyişmir. Sadəcə, xarakterimizin görünməyən tərəfləri üzə çıxır. Hansı ki, o xarakter sənin içində qalıb, onu bağlamısan, heç kimə göstərməməyə, üzüyumşaq, sədaqətli görsənməyə çalışmısan. Amma insanın içindəkilər müəyyən bir zamandan sonra üzə çıxır. O zaman ailələr də dağılır, dostluq da uçuruma gedir.

- Həqiqətən dostluğun həyatımızdakı rolunu təcrübələrinizə söykənərək gözəl izah etdiniz. Bəs sevginin bir qadının həyatında tutduğu yeri necə izah edərdiniz?

- Sevgi formasını dəyişərək paylanır. Sevgi qadının kişiyə, övladına, ailəsindəki insanlara, dünyaya, gözəlliyə olan sevgisidir. Sənət adamının xüsusilə sevgiyə ehtiyacı var. O sevgi daxildə olmasa nə oxuya, nə də yazıb-yarada bilməzsən. Fikrimcə, bu, bir aksiomadır. Kimsə deyir ki, belə deyil, o özünü aldadır. Sevgisiz insan içi boş bardaqdır.

- Hər birimiz dünyaya həm də ona görə gəlmişik ki, sözün yaxşı mənasında özümüzdən sonra iz qoyaq. Əgər qadınsansa və adının yanında ana sözü varsa, sənin ən böyük uğurun odur ki, Vətənə, torpağa layiqli, savadlı övlad yetişdirəsən. Sizcə, bu missiyanızı hansı səviyyədə yerinə yetirmisiniz?

-Məncə, qadının ən böyük missiyası övlad dünyaya gətirməkdir. Həmin qadın dövlət başçısı, həkim, müəllim, şirkət sahibi ola bilər. Amma o adların hər birindən üstünü onun analığıdır. Hər bir qadın cəmiyyətimiz üçün yararlı insanlar yetişdirməlidir. Mən konservatoriyanı fərqlənmə diplomu ilə bitirdim. İlk muğam sinfinin tələbəsi idim. Amma ailəni seçdim. Sənətimi buraxdım.

- Bu sizdə ailədən diktə olunmuşdu, yoxsa qərarınızı özünüz verdiniz?

- Xeyr. Çox erkən yaşlarımdan Bakıda tək böyümüşəm. Respublika müsabiqəsinin qalibi olmuşam. 13 yaşımdan Bülbül adına musiqi məktəbində oxumuşam, oranı bitirib konservatoriyaya qəbul olunmuşam. Yəni valideynlərimdən uzaq müstəqil bir həyat keçirmişəm. Bunu mənə diktə edən olmayıb. Düşünürəm ki, bu hər bir qadının genetik yaddaşıdır.

- Çox gənc və gözəl xanımsınız. Gülüstan xanım, deməyə dilimiz gəlməsə də, nənədir...

- (Gülür) Həmişə dostlarıma deyirəm ki, yaşlanmaq çox gözəl bir duyğudur. Hər bir insanın həyatında nənə, baba olmaq kimi şərəfli bir vəzifə var. Yaşının neçə olmasının heç bir fərqi yoxdur. Şərəfli bir missiyadır. Özümü çox xoşbəxt hiss edirəm ki, nənə titulunu qazanmışam. Böyük səadətdir. Nə qədər insanlar var ki, valideyn, nənə-baba olmadan dünyalarını dəyişiblər. Həyatın bu gözəlliklərini duymayaraq dünyadan köçüblər. Mən ailə həyatımda xoşbəxt olmadım. Çox erkən yaşından həyat yoldaşımı itirdim, dul qaldım. Bir gəlinlik, həyat yoldaşının qoluna girib hansısa bir məclisə getmək xoşbəxtliyindən məhrum olmuşam, gənc bir gəlin kimi hansısa məclisdə başa çəkilmək xoşbəxtliyindən məhrum olmuşam. Amma bir ana, nənə kimi və ölkəmizin sevilən bir sənət adamı kimi çox xoşbəxtəm. Allah insana hər şeyi vermir.

- Deyirlər ki, həyat heç ummadığın anda qarşına elə şeylər çıxarır ki, itirdiklərini əvəz etməsə də, sənə təsəlli olur.

- Tamamilə razıyam. Şükür Allahın verdiklərinə.

- Bilirəm ki, səhnədə olduğu kimi, evdə, xüsusilə mətbəxdə də bacarıqlı xanımsınız.

- Bəli, mətbəxlə aram çox yaxşıdır. Ətrafımda olan insanlar da bunu etiraf edirlər. Sənətdə olan xanımlar bəzən vaxtın azlığından şikayətlənirlər. Düşünürəm ki, istəyin olması kifayətdir. Ürəkdən istədikdən sonra hər şeyə vaxt tapmaq olar. İnşallah gəlib qonağımız olarsınız, siz də görərsiniz...

Şəfiqə Dadaşova, “İki sahil”