22 sentyabr 2017 14:31
657

“Yeni əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya cəlb edəcək

““Əsrin müqaviləsi” ilə “Yeni əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü təbii ki, tamamilə fərqli idi”. Bu fikri iqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi.

V.Bayramov söylədi ki, bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir: “Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi. Buna baxmayaraq “Əsrin müqavilə”sində öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi”.

V.Bayramov qeyd etdi ki, 2017-ci ildə artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir: “Ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir”.

Ekspert söylədi ki, “Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq: “Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır”.

Cavid Əkbərov, “İki sahil”