21 sentyabr 2017 22:37
2066

Təbiətin möcüzəsi - Yanardağ

Azərbaycanı qədimdən Odlar Yurdu adlandırırlar və bu, təsadüfi deyil. Xəzər dənizinin mənzərəli sahili yeraltı neft və qazla zəngindir. Azərbaycanda yerin təkində o qədər təbii qaz var ki, o, tez-tez üzə çıxır. Bir sıra ərazilərdə yerə atılan kibrit, məşəl və ya istənilən qığılcım qazın yanmasına gətirib çıxara bilər və alov, qaz qurtarmayınca sönməz. Hələ qədim zamanlarda Azərbaycan zərdüştiliyin davamçıları olan atəşpərəstlər ölkəsi olub. Adamlar odlu mənbələrin yaranmasını ilahi qüvvənin təzahürü hesab ediblər, oda qurbanlar veriblər, məbədlər tikiblər.

AZƏRTAC xəbər verir ki, son illər ölkəmizdə turizm sektoru çox inkişaf edib. İlboyu ölkəmizə xeyli sayda turist gəlir ki, bu da təəccüblü deyil. Çünki Azərbaycan öz tarixi, mədəniyyəti, mətbəxi, görməli yerləri ilə bütün dünyada məşhurdur. Azərbaycanda turistlər arasında ən məşhur yerlərdən biri də Bakıdan 25 kilometr şimalda Məhəmmədi qəsəbəsində yerləşən Yanardağdır.

Alovun dili yerin qatından təxminən üç metr qalxır, lakin dağın hüdudunu aşmır. Havada həmişə güclü qaz iyi hiss olunur. Adamlar yanan təpəyə baxmaq məqsədilə buraya axşamlar gəlirlər, çünki həmin vaxt mənzərə daha yaxşı görünür. Şəhərdən buraya avtobuslar işlədiyi üçün paytaxtımızın sakinləri və qonaqları üçün buraya gəlmək kifayət qədər asandır.

Qədim zamanlarda Yanardağ atəşpərəstlərin ziyarət yeri olub. İran, Hindistan və digər ölkələrdən zərdüştilər müqəddəs sayılan odun qarşısında ibadət etmək məqsədilə bu yerə gəlməyə can atıblar. Bu unikal yer həm sakinlərin, həm də turistlərin diqqətini indiyədək cəlb edir. Yanardağın yaranması haqqında çoxlu əfsanələr var. Onlardan birində deyilir ki, alov bir çobanın çəkdiyi çubuğu yerə atması ilə əmələ gəlib. Digər əfsanəyə görə, əvvəllər burada şüurlu qurdlar yaşayıblar. Onlar burada təsadüfən qazı yandırmış ibtidai insanlar da ola bilərdi.

Yanardağ havadan asılı olmayaraq hər zaman yanır. Yerli əhali təpəni müqəddəs adlandırır. Müxtəlif ölkələrdən səyahətçilər buraya təbiətin möcüzəsinə baxmaq üçün gəlirlər. Bu gün Yanardağ dövlət tərəfindən mühafizə olunur və dövlət qoruğu statusuna malikdir. Onun ətrafında arxeoloji tapıntılar, o cümlədən qavaldaş, köhnə təndirlər və digər artefaktlar təqdim edilir.