21 sentyabr 2017 18:06
545

"Azexport" portalı "Alibaba"nın uğur hekayəsinə çevrilib

Dünyanın ən məşhur elektron satış portalı "Alibaba" "Azexport" portalının fəaliyyətini uğur hekayəsi kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb.

Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib ki, Azərbaycandan ilk olaraq "Azexport" portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib. Qeyd olunub ki, portal məhz "Alibaba" vasitəsilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda "Alibaba.com" saytında "Made in Azerbaijan" brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur. "Alibaba"nın uğur hekayəsi olması "Azexport"un 1 yaşı üçün gözəl hədiyyə oldu.

Z.Talıbovanın sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində "Alibaba.com" portalında "Azexport" tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.

Qeyd edək ki "Azexport" portalı bir il əvvəl Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan mənşəli malların "Made in Azerbaijan" (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan portal etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədilə portal "Alibaba" ilə yanaşı, "All.biz", "TradeKey", "Amazon", "Agroserver" kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. "Azexport" "Alibaba.com" portalının qızıl üzvüdür.

Uğur hekayəsi ilə bağlı məlumatı bu link vasitəsilə əldə etmək olar:

https://news.alibaba.com/article/detail/apac-member-success-story-apac-success-story-seller-success-story-azerbaijan-success-story-manufacture-gold-supplier/101030192-1-alibaba-helps-us-promote-azerbaijani.html