21 sentyabr 2017 00:25
1365

Ölkəmizin enerji siyasəti qarşılıqlı əməkdaşlığa və milli maraqlara əsaslanır

Dövlətimizin başçısı İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində Azərbaycana bu uğuru qazandıran amilləri bir daha diqqətə çatdırdı: möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıq

“Əsrin müqaviləsi”nin 23-cü ildönümü ərəfəsində yeni Sazişin imzalanması ötən bu dövr ərzində Azərbaycanın beynəlxalq aləmdə   etibarlı tərəfdaş kimi qazandığı  imicə bir daha işıq salır.  Dövlətimizin başçısı İlham Əliyev yeni Sazişin imzalanması mərasimində bu mühüm addımın perspektivlərini açıqlamışdır: “Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.”

26 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ilk illərdə yaşadığı duruma diqqəti yönəldən cənab İlham Əliyev bu əsas məqamı qeyd etmişdir ki, əlbəttə, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Belə bir vəziyyətdə böyük xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək  böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ulu öndər  Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Belə bir çətin  vəziyyətdə 1994-cü il sentyabrın 20-də  “Əsrin kontraktı”nın imzalanması ölkəmizə  sərmayə axınını stimullaşdırdı. Ötən 23 illik zaman Azərbaycanın tarixinə biri-birindən əhəmiyyətli uğurları yazdı. Dövlətimizin başçısı böyük inam və qətiyyətlə bildirir: “Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi.”

Daim qeyd olunduğu kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Ölkəmizin kifayət qədər böyük valyuta ehtiyatları vardır. İqtisadiyyatımız dinamik inkişaf edir. İqtisadiyyatın  şaxələndirilməsi, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılır. “İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik” söyləyən ölkə Prezidenti bildirir ki, biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyası  yaradır. “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya diqqət yetirsək , ancaq və ancaq davamlı uğurların şahidi olarıq.  Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca icrasına başlanan layihələr- “Cənub Qaz Dəhlizi” və onun tərkib hissələri olan TANAP və TAP layihələri Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini bir daha nümayiş etdirir.

Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı.  Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmiş və  bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı,  1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı: “Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.”

Yeni sazişin imzalanması mərasimində  Böyük Britaniyanın dövlət naziri Alan Dunkan “Müqavilənin uzadılmasının ölkələrimizə  iqtisadi faydalar verəcəyinə görə məmnunluq hissi keçirirəm” söyləyərək bildirmişdir ki,  belə əlaqələrin qurulması ilə  gələcək üçün uzunmüddətli çiçəklənməni və  sabitliyi təmin edəcəyik: “İnanıram ki,  bu müqavilənin uzadılması nəticəsində  gələcək illərdə hər iki ölkənin firavanlığı artacaq və onlar güclü ticarət əlaqələrindən faydalanmağa davam edəcəklər.”

BP şirkətinin baş icraçı direktoru Robert Dadlı  “Əsrin müqaviləsi”nin məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bəhrəsi olduğunu önə çəkərək bildirmişdir ki, 6 fərqli ölkədən olan 11 şirkət SOCAR ilə birlikdə  ölkənin enerji  yolunda  yeni bir səhifə açdı. 1994-cü il sentyabrın 20-də  ulu öndər Heydər Əliyev Azərbaycanın həyatında yeni dövrün  başlandığını demişdir: “Bu gün biz  sazişin müddətini əsrin ortasınadək uzadırıq və bu, çox əlamətdar bir andır. Biz burada  bu tarixi hadisəni qeyd etmək üçün toplaşmışıq və hesab edirəm, bunu “Yeni Əsrin müqaviləsi” adlandırmaq düzgün olar.”

R.Dadlı bu rəqəmi də açıqlamışdır ki, növbəti 32 ildə  birgə işləyərək və “AÇG” üzrə potensial  olaraq 40 milyard dollardan artıq həcmdə  yeni sərmayə qoyaraq,  Azərbaycanın neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etməyə davam edəcəyik.

Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir ki,  əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi  birləşdiririk. Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan eyni zamanda iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı yeni sazişin imzalanması mərasimində bu inamı da ifadə etmişdir ki, gələcəkdə iqtisadiyyatın  daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

2013-2023-cü illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyan  Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən  də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eyni zamanda müxtəlif istiqamətləri əhatə edən strateji yol xəritələrində  bu məqamların parametrləri  reallığı əks etdirməklə,  həlli yolları da göstərilib.  Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə  başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən  istifadə olunması mexanizmi təkmilləşdirilir, karbohidrogenlərin satışından əldə edilən gəlirlərin tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçirilir, bu istiqamətdə aparılan işlər intensivləşdirilir. Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial  və bazar strukturu şəbəkəsi daha da təkmilləşdirilir,  idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət  artırılır.

Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır.  Təbii ki, bunu şərtləndirən əsas amillər əvvəldə də qeyd etdiyimiz kimi, möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıqdır. Sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Ölkə iqtisadiyyatına qoyulan 200 milyard dollara yaxın   sərmayənin  təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər.

Yeganə Əliyeva, “İki sahil”