21 sentyabr 2017 00:19
4815

“Qaz İxrac” İdarəsində Neftçilər Günü qeyd olunub

SOCAR - ın “Qaz İxrac” İdarəsində 20 sentyabr - Neftçilər Günü münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə “Qaz İxrac” İdarəsinin  rəisi Qağaməli Seyfullayev, rəisin müavinləri, departament və şöbə rəisləri, həmçinin İdarənin aparıcı mütəxəssisləri iştirak etmişlər.

“Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev tədbiri giriş sözü ilə açaraq, əməkdaşları 20 sentyabr - Neftçilər Günü münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994 - cü il sentyabrın 20 - də imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyəti olduqca böyükdür. Bu müqavilənin imzalanması nəticəsində ölkəmiz neft - qaz hasilatı sahəsində böyük uğurlar qazanıb. 1994 - cü il sentyabrın 20 - si “Əsrin müqaviləsi” ilə tarixə əbədi həkk olunub. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandıqdan sonra həqiqətən də dünya dövlətlərinin diqqətini ölkəmizə yönəltdi. Ulu öndər Heydər Əliyevin haqlı olaraq qeyd etdiyi kimi: “ Əsrin müqaviləsi” Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq olduğunu nümayiş etdirir. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirir.”

Qağaməli Seyfullayev vurğuladı ki,  respublikamızın müasir yüksəliş dövrü həmin vaxtdan ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurları ilə başlanmışdır. Azərbaycanın sürətli inkişafına hesablanmış  yeni neft strategiyası sonrakı illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi.

Respublikamızda uğurla davam etdirilən uzunmüddətli neft - qaz strategiyası nəinki region, eləcə də dünya üçün böyük əhəmiyyət kəsb edir. Dünya enerji bazarında neft ixracatçısı kimi özünü təsdiq etmiş ölkəmiz son illərdə beynəlxalq qaz tədarükü sisteminə də böyük inamla daxil olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, “Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan ən vacib məsələlərdən biridir. Tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan öz üzərinə düşən vəzifələrini ardıcıllıqla və böyük iradə ilə icra edir”.

İdarə rəisi Qağaməli Seyfullayev vurğulamışdır ki, “Qaz İxrac” İdarəsinin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlmək, yeni - yeni uğurların qazanılması üçün var gücü ilə çalışacaqdır.

Sonra  Qağaməli Seyfullayev peşə bayramı münasibətilə “Tərəqqi” medalı və SOCAR - ın Fəxri fərmanı ilə təltif olunan qabaqcıl işçiləri təbrik etmiş, Fəxri fərmanları təqdim etmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır. Eyni zamanda “Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən bu günlərdə keçirilmiş Spartakiadada qalib yer tutmuş idmançıları təbrik edərək, İdarənin idman şərəfini qorumaqda onlara uğurlar arzulamış və pul mükafatlarını təqdim etmişdir.

Tədbirin sonunda “Əsrin müqaviləsi”ndən və neftçilərin həyatından bəhs edən videoçarx nümayiş etdirilmidir.

Həzi Həsənli, 

“Qaz İxrac” İdarəsinin əməkdaşı