21 sentyabr 2017 00:07
867

Aqrar sektorun şaxələndirilməsi əsas hədəflərdəndir

Prezident İlham Əliyevin kənd təsərrüfatının şaxələndirilməsi siyasəti dünyanın aparıcı dövlətlərinin aqrar siyasəti ilə uyğundur və yeni perspektivlərə geniş imkanlar yaradır.  Bu sektorun sürətlə şaxələnməsi belə düşünməyə əsas verir ki, dünya bazarında Azərbaycan brendi layiqli yer tutacaqdır.  Dünya bazarı nəhayətsizdir və oraya keyfiyyətli mal çıxaran ölkələrin qazancı daha çox olur.

Hələ sovet dönəmində keçmiş İttifaqın hər yerində yaxşı bilirdilər ki, Azərbaycan torpaqlarında yetişən meyvələrin dadı müqayisəedilməz üstünlüyə malikdir.  İkinci Dünya müharibəsindən sonra Quba alması  Moskvaya,  oradan isə sosialist ölkələrinə  göndərilirdi. Respublikamızın tərəvəz məhsulları  Moskvaya, Leninqrada (indiki Sankt-Peterburq),  Sovet İttifaqının digər iri şəhərlərinə göndərilirdi. Azərbaycanın kənd təsərrüfatı məhsullarını  Avropada da böyük həvəslə alırdılar.  

Bilirik ki, Abşeronun zəfəranı, ağ və qara şanıları, Lənkəranın çayı, limonu, tərəvəzi, Ordubadın meyvə qaxları, Şamaxının üzümü, Gəncənin şərabları, Hövsanın soğanı, Sabirabadın qarpızı, Zaqatalanın qoz-fındığı, Daşkəsənin pendiri, Astaranın düyüsü və digər kənd təsərrüfatı məhsullarının  şöhrəti sərhədlərimizi çoxdan keçib. Çünki onların dadı başqa ölkələrin məhsullarının dadından və keyfiyyətindən üstündür.  Azərbaycanda yetişən meyvə-tərəvəzin tərkibindəki mikro və makroelementlər daha zəngindir. Məsələn, Almaniyada İspaniya  narı satılır, onun görünüşü də, dadı da Göyçay narından çox geri qalır. Bütün bunlar Azərbaycan məhsullarının ixracı üçün böyük şanslar yaradır. Ona görə də Azərbaycanın kənd təsərrüfatı məhsulları xarici bazarlarda növbə gözləmir.

Dövlətimizin başçısı İlham Əliyev qeyd edir ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir:  “Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Müxtəlif ölkələrdə Azərbaycanın ticarət evləri yaradılması planlaşdırılıb. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir”. 

Bundan başqa, aqrar sektorun inkişafı isitiqamətində atılan ən vacib addımlardan biri yeni texnologiyaların, müasir kənd təsərrüfatı texnikasının  geniş tətbiq edilməsidir. Qabaqcıl ölkələrin aqrar siyasətinə fikir verdikdə görürük ki, yüksək məhsuldarlıq yalnız aqrotexniki qaydalara düzgün əməl olunmasından asılı deyil. Məsələn, Hollandiyada kənd təsərrüfatında çalışanların sayı ölkə əhalisinin heç 2 faizini təşkil etmir. Ən kiçik fermerin sahəsi 35 hektara yaxındır. Bir fermer 100 hollandı ərzaq məhsulları ilə təmin edir. Bunun sirri kənd təsərrüfatında müasir texnologiyalardan səmərəli istifadədədir. Ona görə də Prezident İlham Əliyev  ölkənin aqrar sektoru qarşısında həmin vacib məsələni qaldırır: “Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır”.

Azərbaycana davamlı surətdə dünyanın ən yeni texnikaları gətirilir. Artıq bu texnikalar kənd təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq edilir. Lakin dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələni daha kəskin qoyur: növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikalar alınmalıdır. Artıq ölkəyə 10 min texnika gətirilib və bu, sözün əsl mənasında aqrar sektorda böyük dönüş deməkdir. Gətirilən texnika və mexanizmlər daha çox pambıqçılığın inkişafına ciddi təkan verəcək, böyük nəticələrə sahib olmağa əsaslı zəmin yaradacaq. Pambığın əkin sahələrinin təxminən 10 dəfə artırılması onu deməyə əsas verir ki, aqrar sektorun mexanikləşdirilməsi uğurla aparılır. Azərbaycanda aqrar sektorun önəmli sahələrindən biri olan çayçılıq getdikcə geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı fəaliyyətə başlayıb, çəltikçilik inkişaf etdirilir, eyni zamanda emal müəssisələri yaradılır. Bütün bu addımlar Azərbaycan Prezidenti tərəfindən ciddi dəstəklənir və belə bir tələb qoyulur ki, bu emal müəssisələrində həm çeşidləmə, həm keyfiyyət, həm də qablaşdırma  üzrə yeni texnologiya tətbiq edilsin. Qablaşdırma elə səviyyədə olmalıdır ki, istənilən məhsulu yüksək zövqlə digər ölkələrin bazarına çıxarmaq mümkün olsun. Çünki keyfiyyətli məhsul yaxşı reklam olunmalıdır: “Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Mən Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır”. Azərbaycan dövlətinin aqrar siyasəti belə qənaətə gəlməyə əsas verir ki, respublika üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Ölkə Prezidentinin aqrar sektorun inkişafı ilə bağlı keçirdiyi müşavirələr, bölgələrə səfərləri, qəbul edilən qərarlar və reallaşdırılan layihələr  onu göstərir ki, aqrar sektorun inkişaf istiqamətləri düzgün seçilmişdir. Bütün bunların nəticəsində Azərbaycan artıq dünya bazarlarına keyfiyyətli mallar və məhsullar çıxarır. Zaman keçdikcə onların həcmi və keyfiyyəti daha da  artırılır, ixracdan ölkəyə  yüz milyonlarla manat pul gəlir. Bu o deməkdir ki, kənd təsərrüfatının düşünülmüş surətdə şaxələndirilməsi, istehsalata müasir texnika və texnologiyaların tətbiqi ölkəmizə dünya bazarına daha böyük həcmdə keyfiyyətli məhsullarla  çıxmaq üçün  geniş imkanlar açacaq.

Vəli İlyasov, “İki sahil”