21 sentyabr 2017 00:02
472

Manat sabitliyini qoruyur

Profisitli tədiyyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur

2017-ci ilin cari dövrünün iqtisadi mənzərəsinin təhlili makroiqtisadi sabitliyin bərqərar olduğunu, mövcud dinamikanın davam edəcəyini deməyə əsas verir. Burada diqqəti çəkən əsas amil iqtisadiyyatın hazırkı neft qiymətlərinə uyğunlaşması istiqamətində həyata keçirilmiş tədbirlər və şaxələndirmə istiqamətində atılan addımların ölkənin tədiyyə balansına müsbət təsiridir. Bununla da yeni dövrün çağırışlarına uyğun iqtisadi siyasətin həyata keçirilməsi artıq özünün ilkin müsbət nəticələrini verməkdədir.

Bu mənada Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda da deyildiyi kimi, real sektor göstəriciləri pozitiv dinamikanı qoruyur. 2017-ci ilin 8 ayında qeyri-neft sektorunda 2,2 faiz iqtisadi artım qeydə alınıb. O cümlədən qeyri-neft sənayesində 4,6 faiz,  ticarətdə 1,8 faiz, turizmdə 2,6 faiz, rabitə və informasiya sahəsində 4,9 faiz artım müşahidə olunub. Bir sözlə,  qeyri-neft sektorunun inkişafına yönəldilmiş silsilə tədbirlər, dövlətin investisiya tələbi və xarici tələbin genişlənməsi iqtisadi artımın davam etməsində əhəmiyyətli rol oynayıb.

2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 2,5 faizi həcmində  profisit qeydə alınıb. Eyni zamanda,  yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 milyard dollar təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5 faiz artıb. Mərkəzi Bankın məlumatında  bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olması ilə izah edilir. Qeyd olunur ki, profisitli tədiyyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. Manatın dollara nisbətən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur. Qurum, həmçinin ilin sonuna kimi  tədiyyə balansında profisitin qorunacağını proqnozlaşdırır.

Ötən həftə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur  Bakıda keçirdiyi mətbuat konfransında manata etibar təmin olunduğu təqdirdə dollarlaşmanın səviyyəsinin aşağı düşəcəyini, bunun üçün ilk növbədə güclü və möhkəm makroiqtisadi çərçivənin gərəkliliyinin, büdcə kəsirinin aşağı,  valyuta ehtiyatlarının yüksək olmasının vacibliyini vurğulayıb. Bu vaxta qədər ciddi addımlar atıldığını, bundan sonra da bu addımları davam etdirməyin lazım olduğunu diqqətə çatdıran C. Azur qeyd edib ki,   yaranmış vəziyyətdən çıxmaq üçün əlavə xərclərə yol verilməməli, tədiyyə balansının kəsirlə bitməməsinə çalışılmalıdır.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki,  son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, AMB milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır: “Baş Bankın son açıqlamasında  manatın məzənnəsinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi  ondan xəbər verir ki, AMB bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur.”

AMB-in sədri E.Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib ki, tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər: “Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır”

Qeyd edək ki, AMB-in İdarə Heyəti sentyabrın 18-də uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15 faiz, dəhlizin aşağı həddi 10 faiz, yuxarı həddi 18 faiz) barədə qərar qəbul edib. Bildirilib ki,  inflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələlik pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini yaratmayıb.

Ceyhun Piriyev, “İki sahil”