20 sentyabr 2017 14:38
699

Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğurları var

“Dünyada geosiyasi vəziyyət nə qədər çətin olsa da, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğurları var”.

Bu fikirləri Siyasi Texnologiya və İnnovasiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu sentyabrın 19-da keçirdiyi ənənəvi “Qarabağ saatı”nda səsləndirib.

Politoloq bildirib ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın son bəyanatı münaqişənin nəzəri hazırlıq hissəsindən praktiki həll hissəsinə keçməsinə işarədir. Lakin bu baş verməsə, Azərbaycan Ordusu öz sözünü deməlidir. Onun sözlərinə görə, Nalbandyanın “Bəzi ətraf rayonlar Azərbaycana qaytarılmalıdır” ifadəsini işlətməsi olduqca vacib hadisədir. Bəs Ermənistanın xarici işlər nazirini belə bir açıqlama verməyə nə vadar edir? - sualını cavablandırarkən M.Əhmədoğlu qeyd edib ki, indi vəziyyət Ermənistanın əleyhinədir: “Hazırda 3 dövlətin Dağlıq Qarabağla bağlı mövqeyi Ermənistanın əleyhinədir. Ən gözlənilməz mövqe İrandan gəldi. Orada dindarlar Azərbaycanın əleyhinə fikirlər səsləndirir. Lakin Ruhani hökuməti Ermənistanın boğazına kəmənd atıb çəkir”.

Politoloq bildirib ki, son dövrlərdə İran hökuməti nəqliyyat sektorunda Ermənistanı təcrid edir. Bu isə düşmən ölkənin vəziyyətini bir az da ağırlaşdırır. Digər tərəfdən, Rusiya ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Hoqlandın çıxışından sonra Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına zidd siyasət aparmağa başladı. M.Əhmədoğlunun fikrincə, Ermənistan digər tərəfdən də ABŞ-ın dəstəyindən məhrum olur: “ABŞ Ermənistana investisiya qoymağı dayandırıb. Maliyyə yardımını azaldıb və s. Bu onu göstərir ki, Ermənistan ABŞ-dakı əvvəlki mövqeyini itirib”.

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasına qatılmasında başlıca məqsəd daha çox Dağlıq Qarabağ münaqişəsinin müzakirəsidir. M. Əhmədoğlu qeyd edib ki, bundan əvvəlki səfərdə olduğu kimi, Azərbaycan Prezidenti ABŞ-a yola düşən gün Ordumuz genişmiqyaslı hərbi təlimlərə başlayıb. Politoloq xatırladıb ki, 2016-cı ilin Aprel döyüşləri də məhz Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı baş vermişdi: “İndiki təlimlər 2016-cı ilin 30-31 mart tarixli təlimlərindən daha irimiqyaslıdır. Bu, Ermənistanın hər an təxribat törətməsi ehtimalına görədir. Lakin əgər belə bir hal təkrar olarsa, Ermənistan üçün nəticəsi “Aprel müharibəsi”ndən də ağır olacaq”.

Mərkəz sədri, həmçinin bildirib ki, ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin passivliyi fonunda Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəallığını xeyli artırıb. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanın dini rəhbərlərinin Rusiyanın təşəbbüsü ilə görüşməsi və bunun ardınca RF prezidentinin müşaviri M.Şvıdkonun İrəvana səfər etməsi və burada ikitərəfli və çoxtərəfli mədəni əlaqələrin inkişaf etdirilməsi barədə aparılan müzakirələr də bu fəallığın tərkib hissəsidir.

Taleh Turqut, “İki sahil”