20 sentyabr 2017 14:35
789

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 23 ildə ölkəmiz böyük uğurlara imza atıb

1994-cü il Azərbaycanın yeni enerji  strategiyasının, eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin  başlanğıc ili kimi tarixə yazılıb.

Həmin ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin  iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu günlərdə “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində  Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində də  dövlətimizin  başçısı İlham Əliyev bu məsələyə xüsusi diqqət yönəltdi: “Bugünkü qərarın qəbul edilməsində hər bir tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim də olmayacaqdı. Bir sözlə, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir.”  Bu fikirlər ulu öndər Heydər Əliyevin  1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından öncə söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərin davamı kimi dəyərləndirilir. Xatırlasaq,  “Əsrin müqaviləsi”nin 20 illiyi də mühüm hadisə ilə yadda qalmışdır. Belə ki, həmin gündə  “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması mərasimi keçirildi. Bütün bu addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salmaqla yanaşı, enerji sektorunda qazandığı uğurların  aydın ifadəsini yaradır. Ölkəmizin ötən illərdə  keçdiyi inkişaf yoluna, əldə etdiyi uğurlara  nəzər salsaq,  dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərinin reallığa əsaslandığını görərik: “Enerji resursları  nəinki  çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola  bilir, həmçinin  bəzən rəqabət  və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları  sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə  töhfə verməlidir.”

Dövlətimizin  başçısı İlham Əliyev son illər ölkəmizin  enerji siyasətini  ardıcıl şəkildə irəliyə apardığını  önə çəkərək,  “Cənub Qaz Dəhlizi”ni  görülən işlərin zirvəsi kimi dəyərləndirir: “Əgər əvvəlki dövrlərdə dediyim məsələlər  öz həllini tapmasaydı, bu gün  “Cənub Qaz Dəhlizi”ndən söhbət belə  gedə bilməzdi...  Əlbəttə, biz gələcəkdə  çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə  birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.”  “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində  həm Azərbaycanın, həm də  qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyi, ölkəmizin bu sahədə də  liderlik keyfiyyətlərini göstərdiyi inkaredilməzdir.

Enerji layihələrinin  coğrafiyasının genişləndirilməsi,   alternativ variantların gündəmə gətirilərək  siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması  bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə  yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi  çoxdan təmin etmişik və bu gün başqa ölkələrin  enerji təhlükəsizliyinin təmin edilməsində  öz rolumuzu oynayırıq.

Təbii ki, atılan biri-birindən əhəmiyyətli addımlar, əldə olunan uğurlar, ən əsası 23 illik yol “Yeni əsrin müqaviləsi”nin imzalanmasını bir zərurətə çevirdi. Azərbaycan 23 ildə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi yeri və rolunu artırdı. Cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr uğurlu sonluqla başa çatıb və yeni layihənin gündəmə gətirilməsini şərtləndirib. “Cənub Qaz Dəhlizi” layihəsi, onun əsas tərkib hissələri olan TANAP, TAP Azərbaycanın enerji sektorunda perspektivlərinin açıqlanmasında yardımçı rolunu oynayır. Ölkəmizin  bu gün Avropa  İttifaqının ən böyük və etibarlı enerji  tərəfdaşlarından biri olduğu bildirilir. Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.  Dövlətimizin  başçısı  yeni imzalanan sənədlərlə bağlı daim  bu əminliyi də ifadə edir ki,  uğurla  həyata keçiriləcək və  Azərbaycan öz enerji resurslarından  xalqının rifahı, ölkəmizin gələcək inkişafı  və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək.  Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. 

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması reallıqdır.  Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin  diqqətdə saxlanılacağını  vurğulamaqla qeyd edir ki, Avropa  Azərbaycan qazı üçün mühüm bazara  çevriləcək. Ölkəmizin  enerji təhlükəsizliyinin təminatında  rolunun artması ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğuru kimi dəyərləndirir.

Göründüyü kimi, dünya enerji bazarında  mövqeləri möhkəmlənən, investisiya imkanları  artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir: “Birinci böyük layihələrin icrası nəticəsində  bizim şirkətlərimiz, demək olar ki,  ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də  onlara bunu tövsiyə edirdim və eyni zamanda,  Azərbaycanda  belə bir şərait yaratmışıq ki,  buraya  investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki,  lazımdır və biz də dövlət kimi  bunu edirik.” Qeyd edək ki,  son illərdə  ölkə iqtisadiyyatına  200 milyard dollar investisiya qoyulub. Bu fikir dövlətimizin başçısı İlham Əliyev tərəfindən xüsusi qeyd edilir  ki,   sabitlik  iqtisadi inkişafın əsas məsələsidir: “Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə  olunur.  Sabitlik tam şəkildə  təmin edilir.  Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir.  Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meyilləri  daha da gücləndirir.” Təbii ki, sabitlik olmasa, hansısa inkişafdan, ən əsası investorların ölkə iqtisadiyyatına böyük həcmdə vəsait qoymasından danışmaq mümkünsüzdür. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin ilbəil artması Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Təbii ki, bu inamı düşünülmüş və məqsədyönlü siyasət şərtləndirir. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkirdi. Məhz  1993-cü ildən bəri ölkəmizdə yaradılan sabitlik, normal iqtisadi mühit bugünkü uğurlarımıza geniş yol açdı. 

Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda Azərbaycana olan  inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi  neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə  Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələrin təşəbbüskarı olmaqla  iki və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. “Yeni əsrin müqaviləsi”nin imzalanması da bu reallığın təsdiqidir. İmzalanma mərasimində iştirakçı ölkələrin, şirkətlərin təmsilçilərinin fikirlərindən də Azərbaycana baxışın yüksək səviyyədə olduğu bir daha təsdiqləndi. Azərbaycan uğurlu layihələri ilə dünyanın enerji xəritəsini dəyişmək imkanını nümayiş etdirdi.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 23 ilə qısa baxış bu reallığı da təsdiqləyir ki,  “Əsrin müqaviləsi” imzalanmasaydı, nə BTC və BTƏ neft-qaz kəmərlərindən, nə də “Cənub Qaz Dəhlizi”ndən danışmaq  mümkün idi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, yeni-yeni layihələrin icrasını şərtləndirir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasında əsas rol oynayan Dövlət Neft Fondunun aktivləri hesabına gerçəkləşdirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir.  Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin  həyata keçirdiyi təkmil islahatlar, qeyri-neft sektorunun inkişafına yönələn addımları iqtisadiyyatın şaxələndirilməsini şərtləndirir.  Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını şərtləndirdi. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla baxmağa əsas verir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.

Yeganə Əliyeva, “İki sahil”