20 sentyabr 2017 14:17
10412

Azərbaycan nefti: dünən və bu gün

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
Ümummilli lider Heydər Əliyev


Azərbaycan çox zəngin  yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Qədim akkad dilində “napatum”, yəni iylənən, alovlanan mənasını verən neft Azərbaycanın təbii sərvətləri içərisində əsas yer tutur. Bakı və onun ətrafı Yer kürəsinin çox nadir bölgələrindəndir ki, burada çıxarılan neftdən çox qədim dövrlərdən bəri istifadə olunurdu.

Bir çox mənbələrdən məlum olur ki, artıq VIII əsrdə Abşeron nefti Azərbaycanın əsas sərvəti imiş və ta qədimdən təsərrüfat həyatının bir çox sahələrində istifadə olunurmuş. Neft sakinlərin məişət həyatında da çox “əllərindən tuturdu”. Məsələn, neft qurudulduqdan, qır şəklinə salındıqdan sonra onunla evlərin damlarını örtürdülər.

O zamanlar Azərbaycanda olmuş italyan səyyah Marko Poloya istinadən tədqiqatçılar yazırlar ki, neft tuluqlara doldurularaq dəvələrlə Şamaxıya, Naxçıvana, Dərbəndə, Həştərxana, həmçinin İrana, Gürcüstana, Orta Asiyaya, hətta uzaq Hindistana daşınırmış.  Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlandı.

Akademik Ziyad Səmədzadənin layihə rəhbəri olduğu “Bakı nefti qələbənin açarı - Şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabında göstərilir ki, dünyada ilk dəfə neft quyusunun Bibiheybət yaxınlığında qazılması tarixi bir sənəddə, qraf Vorontsovun 1848-ci il iyul ayının 14-də rus çarına göndərdiyi rəsmi məlumatda öz təsdiqini tapır.  1873-cü ildə Bibiheybət, Balaxanı, Sabunçu, Ramana kəndlərinin ərazisində yerləşən iri neft yataqlarında kəşfiyyat işlərinə və bu mənbələrin mənimsənilməsinə başlanıldı. Bakıda neft emalı, neftayırma zavodlarının sayı günbəgün artırdı. Onlardan birincisi 1859-cu ildə tikilmişdi. 1867-ci ildə həmin müəssisələrin sayı 15-ə çatmışdı. Yuxarıda qeyd etdiyimiz mənbəyə görə, 1920-ci il aprel ayının 30-dan may ayının 2-dək, Azərbaycanın sovetləşdirilməsindən sonra Rusiyaya ümumi tutumu 1,3 milyon pud neft olan 12 gəmi göndərildi.

Qısası, “qara qızıl” dünya siyasi arenasında artıq ən vacib yeri tuturdu. Bir sıra analitiklər hesab edirlər ki, hər iki dünya müharibəsinin əsas məqsədi və hədəfi məhz neft amili olub. İngilis publisisti Maykl Bruks özünün “Neft və xarici siyasət” kitabında yazırdı: “Bizim mexanikləşdirilmiş əsrimizdə neftin necə böyük əhəmiyyətə malik olduğunu müharibə üzə çıxardı. Müharibə vaxtı ordunun təchizi üçün göndərilənlərin yarısını neft məhsullarının təşkil etdiyini göstərən məlumatlardan daha inandırıcı nə ola bilər?”

Sovet İttifaqı marşalı Konstantin Rokosovskinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırova yazdığı məktubda deyilir: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, Sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur “.

İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdı. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, bu benzin təyyarənin sürətini artırır, göyəqalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı.

XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri kimi yadda qaldı. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş dahi lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, 1969-cu ildən başlayaraq Azərbaycanda bütün sahələr kimi, neft və qaz sənayesinin də dinamik inkişaf mərhələsinə olaraq səciyyələndi və bu da ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf etdi. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başladı. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi  yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başladı.

1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə start verildi. 1980-ci ildə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanıldı. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verildi. Haşiyə çıxaraq xatırladaq ki, sözügedən zavodun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması və bu icazənin alınmasına nail olunması  Ulu Öndərin qətiyyətinin, möhkəm iradəsinin nəticəsi idi. 1985-ci ildə isə “Çıraq”, 1987-ci ildə “Azəri” yatağı kəşf edildi.1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanıldı və “Kəpəz” yatağı aşkar edildi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü çoxsayda dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış neft Sazişi Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu Saziş müstəqil, azad Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə əbədi həkk olundu. Yeri gəlmişkən, bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzaladı.

Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolunu ulu öndər Heydər Əliyev belə şərh edirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Ümummilli lider Heydər Əliyev söyləyirdi ki, bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir. Ulu Öndər uzaqgörənliklə, qətiyyətlə vurğulayırdı ki, XXI əsrdə Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə yüksələcək və dirçələcəkdir. Və biz bu gün həmin reallığın şahidi oluruq...

Günel Eyyubova, “İki sahil”