19 sentyabr 2017 23:59
1473

Neftçilər qarşıdakı hədəflərə doğru inamla irəliləyirlər

Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir,- tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox Olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadəetmə imkanlarımız dayanır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Güclü, getdikcə daha da qüdrətlənən, sosial-iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, tarix üçün çox qısa müddətdə beynəlxalq  birliyin nüfuzlu üzvünə çevrilmiş  Azərbaycan Respublikası bu gün öz müasir tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Ölkədə müasirləşmə prosesləri, abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir.

Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifahında hiss olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası bu intibahın etibarlı təməlini təşkil edir. Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə dinamik inkişaf yolunda inamla irəliləyən suveren və demokratik bir respublikaya çevrilməsi, milli maraqlarını yüksək səviyyədə təmin etməklə, beynəlxalq nüfuzunu möhkəmləndirməsi məhz həmin qalibiyyətli strateji kursun bəhrələridir. Mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır”.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı ilə əbədilik həkk olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı və bu müqavilə ötən müddətdə həqiqətən də epoxal önəm daşıdığını təsdiqlədi. Əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan bu müqavilə dünya dövlətlərinin nəzərini bir daha Vətənimizə cəlb etdi, neft sənayesinin beşiyi hesab olunan Azərbaycanın tarixi şöhrətini yenidən özünə qaytardı. XX əsrin əvvəllərindən başlayaraq Bakı karbohidrogenlərin hasilatı, emalı və nəqli sahələrində çoxsaylı yeniliklərin generasiya mərkəzi olmuşdu: sənaye üsulu ilə ilk neft quyuları məhz burada qazılmış, “qara qızıl”ın tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, emal olunması, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində yataqların kəşf və istismar edilməsi tarixi burada başlamışdır. Amma bu da həqiqət idi ki, XX əsrin sonlarına qədər Azərbaycan xalqı heç zaman öz təbii sərvətlərinin sahibi olmamış, neftin və qazın gətirdiyi mənfəətdən tam şəkildə faydalana bilməmişdir. 1990-cı illərin əvvəllərində, kritik bir dönəmdə Ümummilli Liderin rəhbərliyi ilə xalqımız faktiki olaraq qeyri-mümkün görünən ağır bir vəzifənin öhdəsindən gəlmək üçün əzmkarlıq göstərirdi. Ətrafını bürümüş güclü əleyhdarlarının maraqlarına rəğmən, Azərbaycan - Xəzərin dərinsulu hissələrində hələ sovet dövründə kəşf edilmiş yataqlarda istismara başlamaq, Qərbin nüfuzlu neft şirkətləri ilə milli mənafelərə söykənən səmərəli əməkdaşlıq qurmaq, bölgəyə müasir texnologiyalar, yeni nəsil avadanlıqlar, ən əsası isə yeni istehsalat münasibətləri gətirmək xətti götürmüşdü. Dövlət müstəqilliyini yenicə bərpa edən, xarici təcavüzlə, daxili iqtisadi-siyasi böhranla üz-üzə qalan gənc bir respublika bu Sazişin müddəalarını gerçəkləşdirə biləcəkdimi? Dünya birliyi bu suala cavab tapmaq istəyi ilə “Əsrin müqaviləsi”nin icra proseslərini maraqla izləyirdi. Həm də ona görə ki, XX əsrin bu möhtəşəm qlobal enerji layihəsinə start verilməsi təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyan bir hadisə, ümumdünya neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı idi.

Öz liderinə dərin inam, sonsuz sevgi və sədaqət bəsləyən Azərbaycan xalqı bütün çətinliklərə sinə gərərək, Ulu Öndərin strateji kursunu son qələbəyədək aparmaq naminə bütün fədakarlıqlara hazır olduğunu dünyaya nümayiş etdirdi. Nəticə etibarilə qoca tarix XX əsrdə bəşəriyyətin yetirdiyi ən böyük siyasi liderlərdən olan Heydər Əliyevin dərin zəkası, müdrikliyi və uzaqgörənliyi, çevik geosiyasi manevr məharəti, zəngin idarəçilik təcrübəsi sayəsində qeyri-mümkün görünən vəzifələrin reallığa çevrilməsi kimi nadir bir fenomenlə yenidən, özü də o zaman dünya siyasətinin periferiyası hesab olunan Azərbaycanda qarşılaşdı. “Əsrin müqaviləsi” gözlənilən və gözlənilməyən maneələrə rəğmən, uğurla həyata keçirildi və ölkənin sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirir”.

Azərbaycanın sürətli inkişafına yönəlmiş bu hərtərəfli strateji kurs sonrakı illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildi. Respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanındı. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan ölkəmiz enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranmışdır. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilmiş, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılmışdır.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən 20 il keçir. Ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan vermişdir. Ölkə üzrə neft hasilatı 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 50,4 mln. tona çatdırılmış, son illərdə 42-43 mln. ton səviyyəsində stabilləşdirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, indiyədək ölkəmizdə 1 milyard 971 mln. ton neft çıxarılıb. Yaxın aylarda biz Azərbaycanda neft hasilatının 2 mlrd. tona çatacağını gözləyirik. Hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur. AÇG yataqları blokunun “Əsrin müqaviləsi” çərçivəsində işlənməsi Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Yataqların ilkin geoloji neft ehtiyatları 16,6 mlrd. barrel (təqribən 2,26 mlrd. ton) həcmində dəyərləndirilir. İşlənmənin əvvəlindən indiyədək layihə üzrə 436 mln. ton neft, 136,3 mlrd. kubmetr qaz hasil edilmişdir. Artıq neçə illərdir, AÇG layihəsi mənfəətlə işləyir, Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. İndiyədək Azərbaycan 244,8 mln. ton həcmində mənfəət nefti qazanmışdır. Ölkəmiz bu layihənin işlənilməsindən 125 mlrd. ABŞ dollarından artıq birbaşa mənfəət əldə etmişdir. Layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. İndiyədək AÇG yataqlar blokundan SOCAR-ın qaz təchizat sisteminə 30 mlrd. kubmetrdən artıq, bu ilin yanvar-avqust aylarında isə 2,2 mlrd. kubmetr səmt qazı verilmişdir.

AÇG yataqları bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni HPBS-nin imzalanması üçün tərəfdaşlarla müzakirələr aparmış və Neftçilər Günü ərəfəsində AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imzalanma mərasimindəki nitqində ölkəmizin gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün yeni Sazişin çox böyük əhəmiyyətə malik olduğunu söyləmişdir. Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3.6 mlrd. ABŞ dolları həcmində bonus ödəniləcəkdir. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, SOCAR-ın AzAÇG şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcəkdir.

Yeni sazişə əsasən, AÇG layihəsində tərəfdaşların iştirak payları bu nisbətdə olacaq: BP-30,37%; AzACG (SOCAR)- 25,00%; “Chevron”- 9,57%; “INPEX”- 9,31%; “Statoil”-7,27%; “ExxonMobil”-6,79%; “TPAO”-5,7%; “Itochu”-3,65% və “ONGC Videsh Limited (OVL)”- 2,31%. İmzalanma mərasimində bildirilmişdir ki, yeni müqavilənin daha əlverişli şərtlərlə imzalanması Azərbaycanın və Dövlət Neft Şirkətinin bu gün daha zəngin maliyyə və texnoloji imkanlarını əks etdirir, habelə tərəfdaş şirkətlərin konstruktiv mövqeyinin göstəricisidir. Yeni müqavilənin, hələ əvvəlki müqavilənin müddəti tam bitməmiş, cari ildən qüvvəyə minməsi nəzərdə tutulur. Bununla da layihədən ölkəmizin qazandığı mənfəət daha da artırılır ki, bu da yeni müqavilənin iqtisadi cəhətdən səmərəli olduğunu göstərir. Digər tərəfdən, yeni müqavilənin 32 il müddətinə imzalanması, xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını növbəti dəfə nümayiş etdirir.

Hasilat göstəricilərindən danışarkən SOCAR-ın öz müəssisələrində çıxarılan məhsulun bu həcmlərin əhəmiyyətli hissəsini təşkil etdiyi qeyd olunmalıdır. Ötən il ölkə üzrə hasil olunan 41 mln. ton neftin 7,5 mln. tonu, 29,4 mlrd. kubmetr qazın isə 6,3 mlrd. kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 mln. ton neftin 5 mln. tonu, 18,7 mlrd. kubmetr qazın isə 4 mlrd. kubmetri SOCAR tərəfindən hasil edilmişdir. Yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır. Odur ki, qazmada müsbət dinamikanın əldə edilməsi Şirkətin prioritet fəaliyyət istiqamətlərindəndir. 2017-ci ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülmüş və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir. “Ümid”, “Günəşli”, “Çilov”, “Neft Daşları”, “Darvin bankası”, “Bulla-dəniz”, “Qərbi Abşeron”, quruda yerləşən “Qaradağ”, “Pirallahı”, “Səadan” yataqlarında qazma işləri uğurla davam etdirilir. Bu il, ümumiyyətlə, 148 min metrə yaxın qazma işinin aparılması və 93 yeni quyunun istismara daxil edilməsi nəzərdə tutulur. Qazma prosesində yeni texnologiyalardan istifadə edilməsi günün tələbi olduğu kimi, köhnəlmiş qazma qurğularının yenilənməsi də daim diqqət mərkəzindədir. 2012-2016-cı illərdə 9 müasir qazma qurğusunun müəssisələrin istifadəsinə verilməsi axtarış-kəşfiyyat qazma işləri zamanı keyfiyyətin yüksəlməsinə səbəb olmuşdur. Bu proses qarşıdakı illərdə də davam etdiriləcəkdir. 

Xəzər akvatoriyasında neft-qaz əməliyyatlarının genişlənməsi yeni nəsil üzən qazma qurğularının tikilməsini zərurətə çevirmişdir. Cari ilin mayında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edərək, ölkənin sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun yerli mütəxəssislər tərəfindən inşa olunmasını yüksək qiymətləndirdi. Tədbirdə bildirildi ki, öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikal olan qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmli avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində 12,2 min metrədək qazma əməliyyatları həyata keçirə bilən qurğunun istismara buraxılması ilə dərinsulu yataqlarda qazma işlərini intensivləşdirməyə, yeni strukturlarda kəşfiyyat axtarışına başlamağa imkan yaranacaqdır. Azərbaycanın 6-cı nəsil ilk üzən yarımdalma qazma qurğusu işlərin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edəcəkdir.

İstismarın intensivləşdirilməsi məqsədi ilə köhnə quyularda mühüm təmir-bərpa işləri aparılmışdır. Sentyabrın 1-nə olan məlumata əsasən, “Azneft” İstehsalat Birliyinin NQÇİ-lərində həyata keçirilmiş 3524 geoloji və texniki tədbir nəticəsində 211,6 min ton əlavə neft hasil edilmişdir. 2017-ci ildən başlayaraq SOCAR-ın işlədiyi bir neçə yataqda Yaponiyanın “İtochu” şirkəti ilə birgə neftvermə əmsalını artıran yeni təsir üsullarının tətbiqi istiqamətində tədqiqatlar aparılmış, alınan nəticələrə əsasən, ilkin layihənin başlanılması üçün “Pirallahı” yatağı seçilmişdir. Yeni üsullar əvvəlcə yatağın kiçik bir sahəsində sınaqdan keçiriləcək, iqtisadi səmərəlilik amili qiymətləndirildikdən sonra isə layihənin tammiqyaslı tətbiqinə baxılacaqdır.

Xəzərin Azərbaycan sektoru, demək olar ki, bütünlüklə ikiölçülü və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri ilə əhatə olunmuş, AÇG yataqlar blokunda isə dördölçülü və dördkomponentli modifikasiyalarda tədqiqatlar aparılmışdır. Ümumiyyətlə, 1994-2017-ci illərdə SOCAR istər xarici şirkətlərlə birlikdə, istərsə də müstəqil olaraq dənizdə və quruda 30-dan çox sahədə axtarış-kəşfiyyat qazmasını yerinə yetirmişdir. SOCAR ilə BP arasında imzalanmış sazişlər çərçivəsində 2015-2016-cı illərdə Abşeron yarımadasının dayazsulu hissəsində perspektivli strukturların axtarışı məqsədilə ikiölçülü, üçölçülü seysmik tədqiqat işləri yerinə yetirilmişdir. Əldə edilmiş məlumatlar interpretasiya mərhələsindədir. Orta və Cənubi Xəzər hövzələrinin sərhədindəki (D-230) sahələrdə də seysmik işlərin aparılmasına hazırlıq görülür. BP tərəfindən “Şəfəq-Asiman” strukturunda aparılan 3D seysmik kəşfiyyat işləri başa çatdırılmışdır. Kəşfiyyatın nəticələri strukturda qaz yığımına malik böyük bir yatağın olmasını ehtimal etməyə imkan verir. Tezliklə orada ilk kəşfiyyat qazmasının həyata keçirilməsi nəzərdə tutulur. Sonra “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında işlərə başlanılacaq. Gələn ilin ikinci yarısında isə “Babək”də kəşfiyyat qazmasına başlanılması planlaşdırılır. “Qarabağ” yatağında da bizi böyük iş gözləyir. Burada artıq mühəndis-axtarış işləri başa çatdırılmış, özülün yeri müəyyən edilmişdir. Hazırda layihənin texniki-iqtisadi qiymətləndirilməsi aparılır. Burada ilk məhsulun alınması 2021-ci ilə gözlənilir.

SOCAR tərəfindən 2016-2017-ci illərdəaparılmış seysmik işlər nəticəsində “Bulla-dəniz” yatağının və “Qoşadaş” strukturunun tektonik quruluşu dəqiqləşdirilmiş, neftli-qazlı kollektorların yayılma arealı müəyyən edilmişdir. Hazırda Bakı arxipelaqının şimal-qərb hissəsində də neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi məqsədi ilə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə” yatağında 2D seysmik tədqiqatları davam etdirilir. “Hövsan” yatağında qazılmış axtarış quyusunda sınaq-mənimsəmə işləri zamanı üst Miosen çöküntülərindən sənaye əhəmiyyətli qaz və kondensat alınması yarımadada axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi üçün əlavə stimul yaratmışdır. Geoloji kəşfiyyat işləri ölkəmizdə karbohidrogen resurslarının səmərəli işlənilməsinin rəhnidir və qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik.

Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 mlrd. kubmetr səviyyəsini ötmüşdür. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. İndiyədək “Şahdəniz” yatağından təxminən 85 mlrd. kubmetr qaz, 21,2 mln. ton kondensat, ötən il isə 10,7 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat çıxarılıb. İstismar dövrünün başlandığı 2006-cı ildən 2017-ci il sentyabrın 1-dək bu yataqda hasil olunan 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat yerli və xarici bazarlara nəql edilib. Hazırda “Şahdəniz” yatağında 8 quyudan sutkada orta hesabla 30 mln. kubmetr qaz və 7 min ton kondensat çıxarılır.

Qarşıda bizi ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. “Şahdəniz-2” çərçivəsində hazırkı illik hasilata daha 16 mlrd. kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya - Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcəkdir. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni yaşayış və hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri həyata keçirilir. Hazırda həmin quyulardan 13-ü qazılaraq konservasiya olunmuşdur, 1 quyuda qazma işləri davam etdirilir. Layihə üzrə işlərin ümumilikdə 96 %-dən çoxu icra edilmişdir.

“Şahdəniz-2” layihəsi çərçivəsində əldə etdiyimiz uğurlardan biri də “Xankəndi” sualtı tikinti gəmisinin inşası oldu. Neftçilər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə gəminin təqdimat mərasimi keçirildi. Bakı Gəmiqayırma Zavodunda BP-nin sifarişi ilə inşa edilən “Xankəndi” gəmisi DNV GL Norveç və Almaniya Təsnifat Cəmiyyətinin nəzarəti altında tikilib. Dalğalı şəraitdə normal fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 tonluq əsas kran, 18 nəfərlik iki dalğıc kapsulu sistemi və digər zəruri avadanlıqlarla təchiz edilən, hazırda Xəzərdəki neft-qaz donanmasının ən müasir gəmisi - “Xankəndi” məxsusi olaraq suyun dərinliyi 550 metrədək olan hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifariş kimi SOCAR üçün böyük önəm daşıyır. Ən böyük səhmdarı olduğumuz zavod bu gəmini ərsəyə gətirməklə Xəzər dənizi hövzəsinin gəmiçilik tarixində yeni eranın başlanğıcını qoyub. Onun inşası Azərbaycanın iqtisadi və sənaye potensialının möhkəmlənməsinin yeni bir təzahürüdür. Qeyd etmək lazımdır ki, “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75%-ni yerli mütəxəssislər təşkil edib. Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək.

Yeri gəlmişkən, Bakı Gəmiqayırma Zavodu istismara verildiyi 2013-cü ildən bu yana 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən dokunu, 50 ton dartı qüvvəsinə malik “SOCAR-1” yedək gəmisini, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və üst bloklarını inşa etmişdir. Zavod “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən “İsrafil Hüseynov” borudüzən, “Tofiq İsmayılov” dalğıc, “Gilavar” tədqiqat, “Azərbaycan” kran, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərinin, habelə “Dədə Qorqud” yarımdalma qazma qurğusunun təmir və yenilənməsini uğurla həyata keçirib. Qeyd edək ki, zavodda “Şahdəniz-2” üzrə planlaşdırılan işlər qrafikə uyğun olaraq davam etdirilir.

Yaxın və orta perspektivdə qaz hasilatının artırılması məqsədi ilə SOCAR xarici tərəfdaşları ilə birlikdə “Ümid”, “Abşeron” və digər yataqlarda məqsədyönlü işlər aparır. “Ümid” yatağı “Şahdəniz”dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. Hesablamalar göstərir ki, yatağın karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmindədir. Yataqda 3 istismar quyusu qazılaraq işlənilməyə verilmiş, indiyədək 1486,6 mln. kubmetrə qədər qaz və 237,4 min tonadək kondensat hasil edilmişdir. Ötən il qazılmış 14 №-li istismar quyusundan alınan müsbət nəticə yatağın şimal-qərb hissəsində yeni platformaların quraşdırılmasına əsas verir. Hazırda 16 №-li kəşfiyyat quyusunda qazma davam edir. Yatağın genişmiqyaslı istismarını həyata keçirmək üçün 10 quyuluq yeni özülün qurulması planlaşdırılır. Geoloji tədqiqatlar bu yatağın yaxınlıqda yerləşən “Babək” strukturuna bağlı olduğunu göstərmişdir. “Ümid” yatağı və “Babək” strukturunun birgə işlənilməsinin effektiv təşkili üzrə Risk Xidmət Sazişi imzalanmışdır. 2018-ci ildə “Babək” strukturunda kəşfiyyat işlərinin başlanılmasına hazırlıq görülür.

Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat mənbələrindən olan “Abşeron” yatağında Fransanın “Total” şirkəti ilə birlikdə müvəffəqiyyətlə çalışırıq. Yatağın işlənmə layihəsi üzrə inkişaf proqramının cari ildə başa çatdırılması və yekun investisiya qərarının verilməsi məqsədilə hazırlıq işləri sona çatmaq üzrədir. Qazma işlərinin yaxın zamanlarda Heydər Əliyev adına üzən qazma qurğusu vasitəsilə başlanılması planlaşdırılır. Proqnozlara əsasən, ilk quyu 2019-cu ildə sutkalıq 4 mln. kubmetr qaz hasilatı ilə istismara verilməlidir. Həmin il “Abşeron” yatağından ilk faza çərçivəsində 1,5 mlrd. kubmetr, 2022-2023-cü illərdə isə ikinci faza üzrə 5 mlrd. kubmetr təbii qazın hasil edilməsi gözlənilir.

Qaz hasilatının artırılmasında SOCAR-ın müstəqil surətdə işlədiyi yataqlarda aparılan tədbirlər də mühüm rol oynamışdır. Son illər “Bulla-dəniz” yatağında qazılmış 90, 124 və 125 №-li quyulardan alınan nəticələr Məhsuldar Qatın alt şöbələrində perspektivliyin böyük olduğunu təsdiq etmişdir. Yatağın II tektonik blokunda 123 №-li istismar quyusunda qazma işləri başa çatdırılmışdır və mənimsəmə işləri başlanmaq üzrədir. Həyata keçirilən layihəyə əsasən, 2016-2025-ci illərdə “Bulla-dəniz” yatağında 5 yeni özülün quraşdırılması və ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur.

Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə bütün Avrasiya regionunda unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar edilir. İstifadəyə veriləndən indiyə qədər bu kəmər vasitəsilə 339,6 mln. ton Azərbaycan nefti nəql olunmuşdur. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC ilə Türkmənistan və Qazaxıstanda hasil olunan neft ehtiyatları da dünya bazarlarına nəql edilir. Bu da Azərbaycanın qalibiyyətli enerji strategiyasının bütün regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rol oynadığına daha bir nümunədir.

Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini - “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Bu, “Şahdəniz-2” və sonrakı layihələrimiz çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Avropa İttifaqı (Aİ) ölkələrinə daşınması məqsədi ilə yaradılan nəhəng infrastruktur zənciridir. “Cənub Qaz Dəhlizi” layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 km-lik geniş bir coğrafiyanı əhatə edir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu möhtəşəm layihəni “XXI əsrin layihəsi” adlandırmışdır. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan, region ölkələri, eləcə də Aİ üçün böyük əhəmiyyət kəsb edir.

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihələri təməli 2014-cü ildə qoyulmuş “Cənub Qaz Dəhlizi” zəncirinin həlqələrini təşkil edir. Bu Dəhliz ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Dəhlizin boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün ötürücülük gücü ikiqat artırıla bilər. Bu möhtəşəm layihə üzrə işlərin təsdiq olunmuş qrafikə uyğun həyata keçirilməsi ən böyük nailiyyətlərimizdən sayılmalıdır.

Azərbaycan və Gürcüstan əraziləri boyunca CQBK-nın genişləndirilməsi üzrə işlərin 90%-i artıq yerinə yetirilib. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə nəql olunur. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və infrastruktur inşa olunur. Gürcüstan ərazisində tikinti işləri artıq tamamlanmışdır. Layihə başa çatdıqdan sonra kəmərin ümumi ötürücülük gücü ildə 23 mlrd. kubmetrə çatdırılacaqdır.

Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə “Cənub Qaz Dəhlizi”nin birləşdirici həlqəsi kimi həyata vəsiqə almış TANAP “Şahdəniz” qazını 1850 km-lik bir məsafədə nəql edəcəkdir. Kəmərin ilkin ötürücülük gücü ildə 16 mlrd. kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyarda qədər artırılması imkanları da nəzərə alınmışdır. Boru kəmərinin Əskişəhərə qədər olan hissəsi 2018-ci ilin ortasında, Yunanıstan sərhədinə qədər olan hissəsi isə 2019-cu ildə istismara veriləcək. TANAP layihəsi üzrə işlərin 82 %-i yerinə yetirilmişdir.

TANAP Türkiyə-Yunanıstan sərhədində Dəhlizin son seqmenti olan TAP ilə birləşəcəkdir. TAP kəməri qazın Yunanıstan və Albaniya ərazilərinə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmər vasitəsilə Avropaya çatdırılması 2020-ci ilə planlaşdırılır. Uzunluğu 878 km olacaq boru kəmərinin ilkin ötürücülük gücü ildə 10 mlrd. kubmetr, potensial ötürmə qabiliyyəti isə ildə 20 mlrd. kubmetr həcmində nəzərdə tutulur. Hazırda Yunanıstanda və Albaniyada boru kəmərinin tikintisi üzrə işlər uğurla davam etdirilir. Layihə üzrə bütün əsas müqavilələrin imzalanması yekunlaşmış, ümumi iş həcminin yarıdan çoxu görülmüşdür.

Xarici tərəfdaşlarımızla birgə fəaliyyət prosesində qazanılmış texnoloji üstünlüklər iştirak etdiyimiz regional və qlobal əhəmiyyətli layihələrdə Şirkətimizin mövqelərini möhkəmləndirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev daim SOCAR-ın xarici tərəfdaşlarla, xüsusilə BP ilə əməkdaşlığını yüksək qiymətləndirir. Həm investor, həm də kontraktor şirkətləri ilə əməkdaşlığımız sağlam təməllər və qarşılıqlı faydalı maraqlar üzərində qurulmuşdur. AÇG üzrə yeni Sazişin imzalanma mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihələrin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir”.     Mən burada uzunmüddətli uğurlu əməkdaşlığa görə tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm.

Ölkədə qaz hasilatının artımı əhali və sənayenin təbii qaz təminatında ciddi dönüş etmək üçün mühüm əsas olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, qaz təsərrüfatı durmadan inkişaf etdirilir, yeni yaşayış məntəqələrinin qazlaşdırılması, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə göstəricilər ilbəil artır. Təkcə bu ilin 8 ayı ərzində 40 yaşayış məntəqəsinə təbii qaz verilmiş, əhali kateqoriyasına aid daha 57376 abonent təbii qazla təmin olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 2 mln. 62 mini keçmişdir. Cari ildə 958,3 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 143,3 km uzunluğunda kəmərlər isə əsaslı təmir edilmişdir. Ötən il ərzində 7805,4 km. uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 279,4 km uzunluğunda kəmərlər əsaslı təmir edilmiş, 209 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədilə aparılan işlər uğurla davam etdirilir. Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Möhtərəm Prezidentimiz tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Mövcud qrafikə uyğun olaraq, 1 sentyabr tarixinə yeraltı qaz anbarlarına 1,4 mlrd. kubmetr həcmində “mavi yanacaq” vurulub. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 mlrd. kubmetrdir.

Neft-qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi SOCAR-ın istismar etdiyi yataqlarda tikinti-quraşdırma və təmir işlərini sürətləndirməyi tələb edir. Bu cəhətdən dəniz yataqlarında yeni platformaların inşası xüsusi önəm daşıyır. Son bir ildə “Bulla-dəniz”, “Çilov”, “Qərbi Abşeron”, “Neft Daşları” yataqlarında ümumilikdə 71 istismar quyusunun qazılması üçün yeni dəniz özülləri və meydançalar tikilərək istifadəyə verilmişdir. Hazırda “Neft Daşları”, “Bulla-dəniz”, “Darvin bankası” yataqlarında özül və meydançaların tikintisi davam etdirilir ki, həmin özüllərdən də ümumilikdə 45  istismar quyusu qazılmalıdır. Uzun müddət istismar olunan yataqlardakı platforma və meydançalarda istismar zamanı təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir. Bu məqsədlə təmir-bərpa işlərinə xüsusi önəm verilir. Cari ilin əvvəlindən “Neft Daşları” yatağındakı 1778 və 1183 saylı meydançalarda, eləcə də 1702-606 və BM 1- BM 2 saylı meydançalararası estakadalarda, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 279A, 332, 566, 682, 9, 10, və 56 saylı meydançalarda, “Günəşli” yatağındakı 3, 9, 11 və 15 saylı dərin dəniz özüllərində əsaslı təmir işləri aparılmışdır. 10 meydança və özüldə isə təmir davam etdirilir. “Neft Daşları” yatağında 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi və “Abşeronneft” NQÇİ üçün 6,4 ha ərazidə yeni neft-yığım parkının inşası buraxılış obyektlərindəndir. Lay sularının yığılması və utilizasiyası baxımından əhəmiyyət kəsb edən Neftyığma Məntəqəsi müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. “Abşeronneft” NQÇİ-nin 24 ədəd neft çənindən ibarət neft-yığım parkında işlər yüksək keyfiyyətlə görülmüşdür.

Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Neftayıranlar həmişə olduğu kimi, bu gün də mühərrik yanacaqları istehsalının artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində uğurla çalışırlar. Ötən il emal kompleksində 6009,4 min ton xam neft emal olunaraq, 1139,6 min ton avtomobil benzini, 627,3 min ton reaktiv mühərrik yanacağı, 1881,9 min ton dizel yanacağı, 398,6 min ton soba mazutu, 179,1 min ton bitum, 206,6 min ton koks və digər məhsullar istehsal edilmişdir. Bu ilin 8 ayında isə 3824,0 min ton xam neft emal edilmiş, 783,9 min ton avtomobil benzini, 392,6 min ton reaktiv mühərrik yanacağı, 1190,8 min ton dizel yanacağı, 221,9 min ton soba mazutu, 130,6 min ton bitum, 137,3 min ton koks və digər məhsullar istehsal olunmuşdur. Ötən il emal dərinliyi 89,5%, bu ilin 8 ayında 90,2% səviyyəsində olmuşdur.

Emal kompleksində texnoloji proseslərin yeniləşdirilməsi və optimallaşdırılması daim diqqət mərkəzindədir və mövcud texniki baza əsasında mühərrik yanacaqlarının keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl iş aparılır. Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) Avro-4 standartına uyğun dizel yanacağının istehsalı təşkil olunmuşdur. Bundan başqa, illik məhsuldarlığı 779840 ton olan doymuş amin məhlulunun regenerasiyası qurğusunda aparılan yenidənqurma işləri tamamlanmış, nəticədə “Azərikimya” İstehsalat Birliyinə (İB) nəql olunan quru qazın keyfiyyəti yaxşılaşdırılmış, bununla da ildə 6000 ton kaustik sodaya qənaət olunmuşdur.

Yanacaq məhsullarını Avro-5 standartlarına uyğunlaşdırmaq, yeni bitum istehsalı yaratmaq, reaktiv mühərrik yanacağının istehsalını və keyfiyyətini artırmaq, “Azərikimya” İB-ni davamlı olaraq propan-propilen, butan-butilen fraksiyaları, quru qaz xammalı ilə təmin etmək məqsədi ilə Heydər Əliyev adına NEZ-də və “Azərikimya” İB-də yenidənqurma və modernizasiya işlərinə start verilmişdir. Bu işlər çərçivəsində neftin ilkin emalı və katalitik krekinq qurğularının yenidən qurulması və emal güclərinin artırılması, bir neçə yeni qurğunun (bitum istehsalı qurğusu, dizel yanacağı və benzinlərin hidrotəmizlənməsi qurğuları, kükürd alınma qurğusu, izomerləşmə, MTBE, hidrogen istehsalı qurğusu, maye qazların təmizlənməsi üzrə Meroks qurğusu və s.) inşa edilməsi nəzərdə tutulur. Nəticədə Heydər Əliyev adına NEZ-in illik istehsal gücü 6 mln. tondan 7,5 mln. tonadək artırılacaqdır. Eyni zamanda, ümumzavod təsərrüfatının yenilənməsi üzrə işlər həyata keçiriləcək. Qeyd olunan işlərin mərhələli olaraq 2018-2021-ci illərdə tamamlanması gözlənilir. Müəssisənin yenidənqurma layihəsinə dünyanın məşhur “UOP”, “Fluor”, “Foster Wheeler”, “Axens”, “Poerner”, “Technimont” və digər layihələndirmə və ekspert şirkətləri cəlb olunmuşdur. Yenidənqurma və modernizasiya işlərindən sonra NEZ-in istismar müddəti 2040-cı ilə kimi artırılacaq.

Neft-kimya sənayesinin inkişafında müsbət dinamika əldə olunub və son illər sahənin ümumi iqtisadi göstəriciləri yüksələn xətt üzrə davam edir. Ötən il “Azərikimya” İB-nin müəssisələrində 358,4 min ton xammal emal olunaraq, 103,4 min ton etilen, 52,2 min ton propilen və 109,3 min ton digər qiymətli piroliz məhsulları istehsal edilmişdir. “EP-300” qurğusunda olefinlərin faktiki çıxımı 43,4% təşkil etmişdir. Əldə olunmuş yüksək istehsalat tempinin qorunub saxlanması, texnoloji proseslərin yeniləşdirilməsi və ekoloji səmərəliliyin artırılması məqsədilə “Azərikimya” İB-nin müəssisələrində də modernləşmə və rekonstruksiya işləri aparılır. Bu proqram çərçivəsində “EP-300” qurğusunda etilen və propilenin çirkləndiricilərdən təmizlənməsi bölmələri, hidrogenin zənginləşdirilməsi qurğusu, yeni piroliz sobaları inşa ediləcək. Paralel olaraq yeni avtomatik idarəetmə sisteminin qurulması, habelə infrastrukturun təkmilləşdirilməsi işlərinin aparılması planlaşdırılır. Bu işlərin mərhələli şəkildə 2020-ci ilə kimi tamamlanması gözlənilir.

Qeyd etmək istərdim ki, həm neft emalı, həm də neft-kimya sahəsində aparılan yenidənqurma və modernizasiya işləri kompleks xarakter daşıyır. Bütün proses respublikanın yüksək keyfiyyətli neft və neft-kimya məhsullarına olan tələbatının ödənilməsinə, ixrac öhdəliklərinin yerinə yetirilməsinə yönəlmişdir. “Azərikimya” İB-də aparılan yenidənqurma işləri, eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkı, Karbamid Zavodu, “SOCAR-Polimer” layihələrinin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Sumqayıtda Kimya Sənaye Parkının yaradılması istiqamətində güclü iş gedir. Parkda xammal kimi “Azərikimya”nın məhsullarından istifadə olunacaq, əlavə dəyər yaradan müxtəlif çeşidli yekun istehlak malları istehsal ediləcəkdir. “SOCAR-Polimer” layihəsi də həmin məqsədə xidmət edir. Layihəyə əsasən, Parkın nəzdində illik istehsal gücü 180 min tonluq polipropilen və 120 min tonluq yüksək sıxlıqlı polietilen qurğuları, habelə müvafiq infrastruktur inşa olunacaqdır. Polipropilen istehsalı qurğusunun 2018-ci ilin birinci rübündə istismara verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində ümumi tikinti işlərinin 65%-i artıq yerinə yetirilmişdir.

Təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulmuş Sumqayıt Karbamid Zavodunun inşası layihəsi üzrə işlərin təxminən 96%-i həyata keçirilmişdir. Əsas avadanlıqlar 2016-cı ildə alınıb ölkəmizə gətirilmiş və mərhələli şəkildə quraşdırılmışdır. Zavodun 2018-ci ilin üçüncü rübündə istismara verilməsi gözlənilir. Müasir beynəlxalq standartlar əsasında inşa olunan bu müəssisədə gündəlik 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid istehsal ediləcək. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, zavodda istehsal olunacaq məhsulun yaxın və uzaq bazarlara ixrac edilməsi nəzərdə tutulur. Zavod Azərbaycanda kənd təsərrüfatının, aqrar sənayenin inkişafına neftçilərin töhfəsi olacaq, eyni zamanda, region bazarlarına yeni və perspektivli məhsul çıxarılması üçün əlavə imkanlar yaradacaqdır.

SOCAR Azərbaycanla yanaşı, Türkiyədə də mühüm neft-kimya layihələri həyata keçirir. Qardaş ölkənin bu sektorda yeganə istehsalçısı olan “Petkim” SOCAR-ın idarəçiliyində ilbəil uğurlu nəticələr qazanır. Holdinq 2016-cı ili yüksək maliyyə nəticələri ilə başa vurmuş, 207 mln. ABŞ dolları həcmində xalis mənfəət əldə etmişdir. 15 zavod, 6 köməkçi infrastruktur və ildə 3,6 mln. ton istehsal gücünə malik “Petkim”in əsas hədəfi istehsalat və xidmət keyfiyyətinin yüksəldilməsindən, istehlakçıların artan tələbatlarının vaxtında təmin edilməsindən ibarətdir. Dinamik inkişafda olan Türkiyə neft-kimya bazarında “Petkim”in payını 30%-dək artırmaq məqsədi ilə SOCAR neft emalı-neft kimyası-enerji-logistika -distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsinə start vermişdir. Layihə 2023-cü ildə başa çatdırılmalıdır. İnteqrasiya şəbəkəsinin əsas elementini illik emal gücü 10 mln. ton həcmində nəzərdə tutulan “STAR” Neft Emalı Zavodu təşkil edir. Zavod ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədi ilə inşa olunur. SOCAR-ın investisiya portfelində mühüm yer tutan “STAR”ın Azərbaycan iqtisadiyyatına ilk 5 ildə - hər il 614 mln., növbəti 10 il ərzində isə hər il 864 mln. ABŞ dolları həcmində əməliyyat gəliri gətirəcəyi gözlənilir. Zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Artıq layihə üzrə işlərin 92%-i tamamlanmışdır. “STAR” - Türkiyədə ilk “Strateji İnvestisiya Təşviq Sənədi” verilən layihədir. Zavod regionda SOCAR-ın rəqabət gücünü artıracaq, Aralıq dənizi bazarında mövqelərini xeyli möhkəmləndirəcək, ona əhəmiyyətli üstünlük qazandıracaqdır.

Paralel olaraq “Petkim” və “STAR”ı elektrik enerjisi ilə fasiləsiz təmin edəcək külək enerji stansiyasının inşası da davam etdirilir. İstehsal gücü 51 MW olacaq stansiyanın quraşdırılması üçün 2014-cü ildə “Alstom” firması ilə müqavilə imzalanmışdır. İşlərin 42 MW-lıq qismi artıq başa çatdırılmışdır.

İnteqrasiya zəncirində vacib həlqələrdən birini təşkil edən konteyner limanının inşası üzrə Hollandiyanın “APM Terminals” şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Müqaviləyə əsasən, liman 28 il müddətində bu şirkət tərəfindən idarə olunacaqdır. Egey bölgəsinin ən böyük konteyner limanı olan “Petlim”in inşası tam olaraq Neftçilər Günü ərəfəsində yekunlaşıb və layihənin potensialı 1,5 mln. standart konteyner təşkil edir. Terminal SOCAR-ın logistik tələbatının ödənilməsini, xüsusilə də “STAR” Zavodunun yüklərinin daşınmasını həyata keçirəcək. Əminik ki, “Petkim”in davamlı inkişafı məqsədilə həyata keçirdiyimiz bütün bu investisiya layihələri “SOCAR-Türkiyə Enerji” şirkətimizi yalnız qardaş ölkənin deyil, bütövlükdə regionun ən böyük neft-kimya, logistika, konteyner, limançılıq və distribusiya şirkətlərindən birinə çevrəcəkdir.

SOCAR-ın strateji inkişaf trendləri arasında Şirkətimizin xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi və bu yolla məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur. Şirkətimiz son illərdə dünya enerji bazarına inamla daxil olmuşdur. İndi qarşımızda duran əsas vəzifə istehlak bazarlarında SOCAR-ın rəqabət qabiliyyətini yüksəltməkdir. Gürcüstanda Kulevi “Black Sea” Terminalı bizə Qara dənizdə strateji mövqe qazandırmışdır. İldə 10 mln. ton neft və neft məhsullarının daşınmasına imkan verən terminalla Azərbaycan və Xəzər hövzəsindəki digər istehsalçı ölkələrin neft və neft məhsullarının nəqli həyata keçirilir. İndiyədək buradan 22 mln. tondan artıq neft və neft məhsulları aşırılmışdır. Terminalda dizel və metanol məhsullarının boşaldılması, tankerlərə yüklənilməsi və yeni rezervuar parkının tikilməsi layihələri uğurla davam etdirilir.

Bu gün SOCAR Gürcüstanın regional qaz təchizatında və neft məhsullarının pərakəndə satış bazarında əhəmiyyətli paya malikdir. Şirkət “SOCAR Georgia Gas” MMC vasitəsilə bütün Gürcüstan üzrə 567 mindən artıq abonentə xidmət edir. Ölkədə “SOCAR” brendi ilə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Gələcəkdə Gürcüstanda bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. “SOCAR Energy Georgia”nın qonşu ölkədəki səmərəli fəaliyyətinin nəticəsidir ki, artıq neçə ildir, bu qurum ardıcıl olaraq “İlin ən yaxşı şirkəti” adına layiq görülür.

SOCAR-ın İsveçrədə öz treydinq şirkətini yaratması qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur və ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrində Azərbaycanın payına düşən mənfəət neftinin əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlmişdir. “SOCAR Trading” dünyada “Azeri light” markalı nefti emal edən bütün zavodlarla əlaqələr qurmuş, Azərbaycan neftini ona rəqib olan aşağı kükürdlü xam neftlə zəngin Aralıq dənizi hövzəsindən çıxararaq Asiyaya yönləndirmiş və beləliklə neftimizin satış qiymətinin artırılmasına nail olmuşdur. Ötən il “SOCAR Trading”in həmtəsisçisi olduğu “ElectroGas” konsorsiumu tərəfindən Malta adasının Marsaşlokk şəhərində dəyəri 500 mln. avrodan çox olan, 210 MW gücə malik elektrik stansiyası və maye qaz terminalı istifadəyə verilib. Qeyd edək ki, layihənin eksklüziv maye təbii qaz təchizatçısı da “SOCAR Trading” şirkətidir.

SOCAR İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında da uğurla çalışır. Hazırda “SOCAR” brendi ilə İsveçrədə 164, Ukraynada 61, Rumıniyada 38 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanmışdır. Biz beynəlxalq bazarlarda iştirak payımızı və coğrafiyamızı bundan sonra da genişləndirməkdə maraqlıyıq.

SOCAR Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçmiş ilk dövlət qurumlarındandır. Şirkətin konsolidə olunmuş hesabatları dünyanın bu sahədə tanınmış şirkətlərindən olan “Ernst & Young” tərəfindən beynəlxalq maliyyə hesabatları standartlarının ən qabaqcıl təcrübəsinə uyğun surətdə audit edilir və təqdir olunur. “Fitch Ratings”, “Standard & Poors” və “Moodys” kimi nüfuzlu agentliklər tərəfindən verilən beynəlxalq reytinq dərəcələri SOCAR-ın işgüzar nüfuzunu yüksəldir, onun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Şirkətimiz keçən il aktivlərini təqribən 33% artıraraq 53.01 mlrd. manata çatdırmışdır. Son 8 ildə isə aktivlərimizi 4,24 dəfə artırmışıq. SOCAR 2015-ci ili zərərlə başa vursa da, 2016-cı il üzrə 350 mln. manat məbləğində xalis mənfəət əldə edə bilmişdir. Bu uğurun arxasında dayanan bir neçə faktoru qeyd etməyə dəyər. Ən əsas səbəb odur ki, biz neft gəlirlərimizi tədricən artırmağa nail ola bilmişik. Belə ki, ötən il xam neft satışından ümumi gəlirimiz 29,6 mlrd. manat olmuşdur. Mühüm faktorlardan biri də SOCAR-ın çoxşaxəli investisiya strategiyasının artıq öz bəhrələrini verməyə başlamasıdır. Gələn ildən etibarən biz daha yüksək artım gözləyirik. Çünki gələn il ən mühüm layihələrimizin, o cümlədən TANAP, “SOCAR-Polimer”, Karbamid Zavodu, “STAR” NEZ kimi layihələrin tamamlanması planlaşdırılır. Bu isə həm xərclərimizin azalması, həm də külli miqdarda əlavə gəlir deməkdir.

Heç şübhəsiz ki, daxili maliyyə bazarının ümumdünya bazar iqtisadiyyatının dinamikasına qovuşması həm vəsait sahiblərinin gəlirlərini, həm də ölkə iqtisadiyyatının ümumi səmərəliliyini artırır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı bu məsələlərin gerçəkləşməsində bizə düzgün yol göstərir. Ötən ilin sentyabrında Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətləri yaratmaq məqsədi ilə illik 5% gəlirli, 5 il müddətli və 3 aydan bir dollar ilə faiz ödənişli SOCAR istiqrazları satışa çıxarıldı. Bu gün artıq istiqrazlar üzrə təkrar bazarda əməliyyatların həcmi 100 mln. dolları, yəni istiqraz emissiyasının öz həcmini üstələmişdir. Bu isə Azərbaycanın qiymətli kağızlar bazarında dövriyyə həcminə və əməliyyatların intensivliyinə görə ilk belə haldır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilbəil daha geniş vüsət alan ətraf mühit və ekoloji tarazlığın qorunması proqramlarında SOCAR da yaxından iştirak edir. Neft-qaz yataqlarının işlənməsi, istismarı və emal zamanı ətraf mühitin qorunması, təbii sərvətlərdən düzgün istifadə olunması Şirkətin ekoloji siyasətinin əsasını təşkil edir. Ötən bir ildə 39,7 ha ərazi neft və neft məhsullarından təmizlənərək abadlaşdırılmış, 65 minə yaxın müxtəlif növ ağac və kol bitkisi əkilmişdir. Tullantı Mərkəzində aparılan tədbirlər nəticəsində qazma əməliyyatları zamanı formalaşan qazma şlamlarının emalına, tərkibindəki kimyəvi reagentlərin təkrar istifadəyə qaytarılmasına və tullantı həcminin kifayət qədər azaldılmasına nail olunmuşdur. SOCAR-ın fəaliyyət sahələrində istehsal prosesləri zamanı formalaşan lay sularının səmərəli idarə edilməsi məqsədilə dəniz və quru yataqlarında fəaliyyət göstərən neft-qazçıxarma idarələrində müvafiq qurğular quraşdırılmışdır.

BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birlikdə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən milli Fəaliyyətlər Planı” hazırlanmışdır. Layihənin spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyasını dəstəkləməkdir. Layihəyə əsasən, Tullantıların İdarəedilməsi Mərkəzində 4 ədəd külək turbini quraşdırılmışdır. Eyni zamanda, iqlim dəyişmələrinə təsirin azaldılması məqsədi ilə “2017-2022-ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması Planı” təsdiq edilmişdir və bu istiqamətdə işlər ardıcıl olaraq davam edir. Quyulardan səmt qazının yığılaraq sistemə qaytarılması və ya atmosferə atılmasının qarşısının alınması məqsədilə “Neft Daşları” NQÇİ-nin 1799 saylı meydançasında 3 ədəd, 2A saylı meydançada 2 ədəd vakuum kompressoru quraşdırılmışdır.

Bundan əlavə, neft-qaz əməliyyatlarında ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin diqqətdə saxlanılması məqsədilə ənənəvi ekoloji monitorinqlər davam etdirilmişdir. Aparılmış tədqiqatların nəticələri Coğrafi İnformasiya Sistemində idarə olunan Ekoloji Məlumat Bazasına daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AÇG yataqları üzrə yeni Sazişin imzalanması mərasimində demişdir: “Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək... Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”. Möhtərəm Prezidentimizin tövsiyəsinə uyğun olaraq, ölkəmizdə neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. SOCAR ölkə daxilində və xaricdə başladığı çoxsaylı investisiya layihələrini qarşıdakı illərdə də inamla davam etdirmək, daha böyük uğurlar qazanmaq məqsədi ilə müasir biliklərə yiyələnmiş, daha çevik və yaradıcı düşüncəli, perspektivli kadrların hazırlanması sahəsində icra etdiyi proqramlarla gənclərimiz arasında böyük rəğbət qazanmışdır.

Gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə müxtəlif Təqaüd proqramları həyata keçirilir. Xarici Təqaüd Proqramı çərçivəsində hər il müsabiqə əsasında seçilən istedadlı azərbaycanlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsili maliyyələşdirilir. İndiyədək Proqramda iştirak edən 289 tələbənin 254-ü artıq gənc mütəxəssis kimi idarə və müəssisələrimizdə işə cəlb olunmuşdur. Kadr hazırlığı siyasətimizin daha bir vacib istiqamətini Daxili Təqaüd Proqramı təşkil edir. 2005-ci ildən tətbiq edilən bu Proqramın məqsədi Azərbaycanın ali məktəblərində neft mühəndisliyi və ehtiyac duyulan digər ixtisaslar üzrə yüksək tədris nəticələri göstərən tələbələrin təhsilinin müsabiqə əsasında maliyyələşdirilməsidir. Son 7 ildə SOCAR təqaüdü ilə təhsilini başa vurmuş 202 gənc Şirkətin müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur. SOCAR-da həm xarici, həm də daxili təqaüd proqramı iştirakçılarına hərtərəfli qayğı göstərilir. Onlar təhsil müddətində ödənişli “Yay təcrübəsi” layihəsindən yararlanır, SOCAR-da işə götürüldükdən sonra sosial imtiyazlar qazanırlar.

Mühəndis kadrlarının yetişdirilməsinə yönəldilmiş önəmli layihələrdən biri olan Bakı Ali Neft Məktəbi (BANM) dinamik inkişaf edən ölkəmizin sənaye müəssisələrində, habelə SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək yüksək ixtisaslı ingilisdilli mütəxəssislərin hazırlığı ilə məşğuldur. Bu il BANM üçün bir neçə əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. May ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Məktəbin ən müasir təlim-tədris tələblərinə cavab verən yeni kampusu istifadəyə verildi. Məktəbin ilk 102 məzunu həyata vəsiqə qazandı və ilk dəfə magistratura imtahanları keçirildi. Bu il də I qrup üzrə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlər BANM-ə üz tutaraq, məhz bu ali məktəbin tələbəsi olmaq istədiklərini nümayiş etdirdilər. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, BANM yarandığı qısa müddətdə bir çox uğurlara imza atmış, Azərbaycanın ali məktəbləri arasında ön mövqeyə çıxmağı bacarmışdır. İndi bu Məktəb artıq beynəlxalq səviyyədə nüfuzlu reytinq cədvəllərində özünə yer tutmaq uğrunda mübarizə aparır. SOCAR bu istiqamətdə də Məktəbə hər cür dəstək verməyə hazırdır. 

Neft-qaz sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müxtəlif peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görülür. İdarənin tərkibində ən müasir təlim texnikası və avadanlıqlarla təchiz edilmiş 5 təlim mərkəzi, eləcə də Qaynaq Mərkəzi bilavasitə bu istiqamətdə fəaliyyət göstərir. 2012-ci ildən başlayaraq bu günə qədər 1,4 min nəfər təlim mərkəzlərimizdə təhsil almış və onların böyük əksəriyyəti peşələri üzrə müəssisə və təşkilatlarımızda işlə təmin olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərindən göndərilmiş kimsəsiz gənclərin güzəştli şərtlərlə təhsil alması üçün də bütün şərait yaradılmışdır. İndiyədək uşaq evlərindən qəbul olunmuş 120-dək gənc müxtəlif peşələrə yiyələnərək, SOCAR-da çalışmaq imkanı qazanmışdır. Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin işini xüsusi qeyd etmək istəyirəm. Burada dəniz neftçiləri və dalğıcların müxtəlif ixtisaslar üzrə hazırlıq, ixtisasartırma, təkmilləşdirmə və təlimatlandırma istiqamətində kurslar təşkil olunur. 2015-ci ildən etibarən Mərkəzin üstüörtülü Hovuz Təlim Kompleksində dənizdə işləyən işçilərin attestasiyası həyata keçirilir ki, bu da dəniz neftçilərinin təhlükəsizlik qaydalarını tam mənimsəmələri üçün önəmli məsələdir.

Fasiləsiz təhsil, işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə həm mərkəzlərimizdə, həm də xarici ölkələrin qabaqcıl tədris müəssisələrində xüsusi kurs və təlimlər təşkil edilir. 2016-cı ildə SOCAR-ın təlim mərkəzlərində keçirilən 409 təlim kursunda 11 min nəfərdən çox neftçi iştirak etmiş, ixtisas səviyyələrini artırmışlar. 507 işçimiz isə dünyanın ən qabaqcıl elm və sənaye mərkəzlərində təlimlər keçmişdir. SOCAR insan resurslarının idarəedilməsi sahəsində dünyanın aparıcı şirkətlərinin təcrübələrindən faydalanaraq, işçilərinin karyera və peşəkar inkişafı, onların gördüyü işin ədalət prinsipi əsas tutularaq qiymətləndirilməsi kimi bir sıra önəmli faktoru əhatə edən “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” layihəsinə start vermişdir. Bu layihə 2016-2019-cu illər arasında, mərhələli şəkildə, beynəlxalq məsləhətçi “SAP MDB”nin proqram təminatı əsasında həyata keçiriləcək. İlkin olaraq, pilot versiya şəklində tətbiq edilən layihə, gələcəkdə Şirkət üzrə, təxminən 51.000 nəfəri əhatə edəcək. İstehsalatın daha çox diversifikasiya edilməsi və modernləşdirilməsini hədəfləyən bu layihənin reallaşdırılması əməkçilərin bilik və bacarıqlarından daha səmərəli istifadə etməyə imkan yaradacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev bizə öyrədir ki, neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifah halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vasitədir. SOCAR bu prinsipi əldə rəhbər tutaraq sosial fəaliyyətlərini durmadan genişləndirir, ölkənin ictimai həyatında fəal iştirak edərək respublikamızda bu istiqamətdə həyata keçirilən layihələrə mühüm töhfələr verir. Şirkətimizin tikinti-quruculuq işlərinə, öz vəsaiti hesabına inşa etdiyi məktəb, xəstəxana və tibb məntəqələrinə, idman qurğularına, körpülərə, istirahət obyektlərinə, park və xiyabanlara ölkənin, demək olar ki, bütün bölgələrində rast gəlmək mümkündür. Bu il istifadəyə verilən ən böyük sosial obyektimiz Bakı Ali Neft Məktəbinin öz müasirliyi və möhtəşəmliyi ilə seçilən yeni kampusudur. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə uyğun tərzdə inşa olunmuşdur. Kampus özündə tədris korpusunu, inzibati binanı, kitabxananı, kütləvi tədbirlər üçün akt zalını, yeməkxananı, uşaq bağçasını, müxtəlif idman obyektlərini və 400 nəfərlik yataqxana kompleksini birləşdirir. Mübaliğəsiz demək olar ki, artıq öz kampusunun parametrlərinə görə BANM dünyanın ən qabaqcıl ali məktəbləri ilə rəqabət aparmağa qadirdir.

Neftçilərin sosial-məişət məsələləri həmişə olduğu kimi, diqqət mərkəzində olmuşdur. SOCAR bu gün də növbəlilik əsasında əməkdaşlarını yaşayış mənzilləri ilə təmin edir. 2010-cu ildə bu məqsədlə yaratdığımız “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışır. Şirkət mənzil uçotunda olan kooperativ üzvlərinin pay haqqının kreditləşməsinə dəstək verir. Ötən il Kooperativ tərəfindən Xətai rayonu, M.Hadi küçəsində tikilmiş yeni yaşayış binasında 100 neftçi ailəsinə yeni mənzillər verilmiş, o cümlədən təqaüd proqramlarımızın iştirakçısı olmuş 8 gənc mütəxəssis bu yolla mənzil almışdır. Hazırda Lökbatan qəsəbəsində 452 mənzilli yaşayış kompleksinin inşası davam etdirilir. Bibiheybət ərazisində 852, Qaraçuxur qəsəbəsində 96 mənzilli yaşayış binalarının layihə işləri başa çatdırılmışdır və yaxın vaxtlarda tikintisinə başlanılacaqdır. Bundan basqa, mənzil uçotunda olan kimyaçılar üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yaşayış binasının tikintisi üçün layihələndirmə işləri yekunlaşmaq üzrədir.

Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. “Azəriqaz” və “Azərikimya” istehsalat birliklərinin, Nəqliyyat və “Qaz İxrac” idarələrinin müəssisələri üçün inzibati binalar, soyunub-geyinmə otaqları, yeməkxanalar təmir edilmiş, bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Artıq dənizdəki özüllərdə, mədənlərdə yaşayış bloklarında növbə ilə çalışan neftçilərin normal iş şəraiti üçün bütün imkanlar yaradılıb. Neft Daşlarındakı yataqxanalarda cari təmir işləri aparılmış, N.Nərimanov adına NQÇİ-nin, “28 May” NQÇİ-nin istehsalat obyektlərində yaşayış blokları təmir edilmiş, “Qərbi Abşeron” yatağındakı 20 və 54 saylı özüllərdə 19 ədəd yaşayış evciyi, 2 yeməkxana, 4 məişət evciyi quraşdırılmışdır.

SOCAR əməkçilərinin və veteran neftçilərin sağlamlığı bizim üçün ən vacib məsələlərdəndir. Hazırda könüllü tibbi sığorta proqramına cəlb olunmuş on minlərlə neftçi respublikanın tanınmış tibb müəssisələrində ümumi profilli tibbi xidmət alır. Ötən bir ildə müalicəyə ehtiyacı olan minə yaxın neftçi sanator-kurort mərkəzlərində müalicə almışdır. SOCAR, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiklərindən didərgin düşmüş soydaşlarımızın böyük bir hissəsini, Ağdamın “Dördyol 1,2”, Təzəkənd və Yeni İmamqulubəyli qəsəbələrində, Tərtər şəhərində, Füzuli rayonunun Mirzənağı, Əhmədalılar və Qazaxlar kəndlərində, Sumqayıtda məskunlaşmış 30 minə yaxın qaçqın və məcburi köçkünü himayəyə götürmüşdür. Onlar neftçilərin diqqət və qayğısı ilə əhatə olunurlar.

Rövnəq Abdullayev,

SOCAR-ın prezidenti, 
Milli Məclisin deputatı