19 sentyabr 2017 18:53
525

Rusiya Xəzər Dəniz Flotiliyasının hərbi gəmiləri Bakıya gəlib

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Dəniz Flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi sentyabrın 19-da Bakıya dostluq səfərinə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gəmilərin şəxsi heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil və gül dəstələri qoyublar.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşəcək və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.