19 sentyabr 2017 17:34
432

Çində internet fırıldaqçılığı ilə əlaqədar 124 nəfər həbs olunub

Çinin Cilin vilayətində internet və telekommunikasiya fırıldaqçılığına dair 280 iş üzrə 124 nəfər həbs olunub.

AZƏRTAC Çin İctimai Təhlükəsizlik Nazirliyinə istinadla xəbər verir ki, may ayında Şansi vilayətindən olan vətəndaşın internet üzərindən bir şirkətə sərmayə yatırarkən hesabından 540 min yuanın (82 min ABŞ dolları) itməsi barədə şikayəti əsasında təhqiqata başlanıb. Ölkənin bir neçə şəhərini əhatə edən təhqiqat nəticəsində məlum olub ki, Cen adlı dəstə başçısı yüksək maaş vədi ilə universitet məzunlarını öz cinayət əməllərinə qoşub. Onlar saxta sərmayə şirkətinə vəsait yatıraraq yüksək gəlir əldə etmək adı ilə ayrı-ayrı şəxsləri aldadaraq, ümumilikdə 15 milyon dollar vəsait toplayıblar.

Qeyd edək ki, son illər Çində bu cür cinayət əməllərinə tez-tez rast gəlinir. Çinlilər birjalara və onlayn sərmayə şirkətlərinə vəsait yatırmaqla daha tez və çox miqdarda gəlir əldə etməyə böyük maraq göstərilər. Bu maraq fırıldaqçılar üçün də “yeni imkanlar” yaradır.

Ötən həftə Pekin məhkəməsi daha bir internet fırıldaqçılığı ilə bağlı iş üzrə ikisi ömürlük olmaqla, ümumilikdə 26 nəfərin azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Müəyyən olunub ki, dəstə üzvləri bir neçə il ərzində 900 min nəfərə yaxın vətəndaşın 7,7 milyard dollar vəsaitini mənimsəyib.