19 sentyabr 2017 16:25
351

AMEA Naxçıvan Bölməsinin əməkdaşları qrant layihələrində uğurla iştirak edirlər

Son illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqələrdə fəal iştirakı muxtar respublikada elmin ilbəil inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından xəbər verir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən bölmədə keçirilən seminarda bu barədə danışılıb.

Seminarı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, bölmə əməkdaşlarının qrant layihələrdəki fəaliyyəti haqda ətraflı məlumat verib, əldə edilən uğurları elmin inkişafına göstərilən dövlət qayğısının bəhrələri kimi dəyərləndirib.

Bölmə sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən molibden (VI) oksidin, sürmə (III) sulfidin və farmaseptik təmiz natrium-xloridin yeni alınma metodlarının işlənməsi, bölmənin Batabat Astrofizika Rəsədxanası üçün spektrometrik cihazların düzəldilməsi, quraşdırılması, “Seyss-600” teleskopunda sınaq müşahidələrinin aparılması, ixtisaslı elmi-texniki kadrların hazırlanması və spektroskopik tədqiqatların həyata keçirilməsi üzrə qrantlar alıblar. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genofondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan həmin bitkilərdən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları, muxtar respublikanın yeraltı sərvətlərindən yüksək temperatura davamlı istilikizolyasiya materialların və seolitlərin alınma metodlarının işlənməsi, I Kültəpə və onun ətrafında araşdırmalar, Naxçıvan folklorunun toplanması, elmi-tədqiqi və nəşri, eləcə də digər layihələr üzrə qrantlar alınıb. Bölmə əməkdaşları bundan sonra da qrant müsabiqələrində uğurla iştirak etməyə çalışacaqlar.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək bildirib ki, ölkəmizdə elmin inkişafı istiqamətində görülən ən mühüm işlərdən biri də Prezident İlham Əliyevin 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasıdır. Fondun təşkilində məqsəd ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında bu potensialdan səmərəli istifadə edilməsi, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunun yüksəldilməsidir. Fond fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləməyi, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmağı, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləməyi və digər məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib.

Müsabiqələrdə iştirak üçün internet resurslardan istifadə qaydaları haqqında ətraflı məlumat verən Elçin Babayev bildirib ki, qurumun şəffaflıq prinsipləri üzərində təşkil edilmiş fəaliyyəti rəsmi internet səhifəsində yerləşdirilib və məlumatlar daim yenilənir. Müsabiqəyə daxil olmuş bütün layihələr yerli və lazım gəldikdə xarici müstəqil elmi ekspertlərin iştirakı ilə və konfidensiallıq şərti qorunmaqla elmi ekspertizadan keçirilir. Elmin İnkişafı Fondu ilk qrant layihələri müsabiqəsini 2010-cu il iyunun 30-da elan edib. Fondun maliyyələşdirdiyi layihələrin sayı ilbəil artır, format zənginləşir və müsabiqəyə təqdim olunan işlərin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlir. Fondun qrant müsabiqələri üzrə dövlət büdcəsindən maliyyə həcmi tədricən artır. Müsabiqələrin keçirilməsi qaydaları öz novatorluğu ilə seçilir və eyni zamanda fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat layihələrinin və xüsusi proqramların idarə olunmasını nəzərdə tutur.

Sonra slaydlar vasitəsilə müsabiqədə iştirakın qaydaları haqqında məlumat verilib, suallar cavablandırılıb, bir sıra məsələlərə aydınlıq gətirilib.

Seminara AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.