18 sentyabr 2017 18:35
347

“TurAz Qartalı - 2017” təlimlərinin açılış mərasimi olub

Sentyabrın 18-də “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayan nazir Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan danışaraq, təlimlərin əhəmiyyətini vurğulayıb. Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edərək təlimlərin hər iki ölkənin Silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynadığını bildirib.

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir E.Özoral bundan qürur hissi keçirdiyini bildirib. Diplomat son illər bunun artıq ənənə halını almasını xüsusi qeyd edib, təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıb.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə məlumat verilib.

Müdafiə naziri uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb.

Təlimlərin açılış mərasimi Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının geniş konsert proqramı ilə davam edib.