18 sentyabr 2017 16:46
639

Tala çayı üzərindəki körpü əsaslı təmir olunur

Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə start verilib.

Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslə şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlərə də başlanılıb. Körpünün eni hər iki istiqamət üzrə 1.5 metr enində genişləndirilərək, hazırkı 9.5 metrdən 12.5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9.5 metr təşkil edəcək.

Vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq.

Sadalanan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Hazırda körpü üzərində hərəkət məhdudlaşdırıldığı üçün avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yola yönəldilib.