15 sentyabr 2017 14:37
1740

Yevlax-Zaqatala-Gürcüstan yolu təmir olunur

M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, avtomobil yolunun təmir-tikinti işlərinə start verilib.

Əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yol yatağı bərkidilir.

Yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintsinindən sonra yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə, yolun 300 min kv.m-dən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örütüyü döşənəcək. Layihə çərçivəsində yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri, suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların və 70 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub. Əsaslı təmir işləri tamami ilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100.7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin, əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.